“Ermənistanla sülh olarsa, 3+2 formatı mümkün ola bilər” – Ramiyə Məmmədova – ÖZƏL

Gürcüstan Cənubi Qafqaz üzrə 3+3 əməkdaşlıq platformasına qoşulmaq niyyətində olmadığını rəsmən bəyan edib. Xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Tbilisi bu formatda iştirak etməyi nə planlaşdırır, nə də bu barədə düşünür, çünki  Rusiya ilə əməkdaşlıq istisna edilir. 

Gürcüstanın bu qərarı fonunda bölgədə "3+2" və ya "beşlik platforması" modelinin formalaşması ehtimalı gündəmə gəlib. Bu təşəbbüs, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərindəki  gərginlik fonunda, regionda sabitliyə və əməkdaşlığa hansı töhfələri verə bilər?

"İlk öncə demək lazımdır ki, 3+3 platforması, ümumiyyətlə, Qafqaz regionunda və bu regionda olan aktorların daha geniş bir-birləri ilə iqtisadi və siyasi maraqlarını kəsb edən bir formatdır. Ancaq  Rusiya-Gürcüstan münasibətlərində gərginlik olduğuna görə, bugünkü gündə bu format tam fəaliyyət göstərmir. Rusiya ilə Gürcüstan münasibətləri tam olaraq düzəlməyənə qədər, 3+3 formatının regionun inkişafında rolu bir qədər sual altındadır".

Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib:

"Bugünkü gündə, Azərbaycan bu formatda daha böyük liderlik hissəsinə sahibdir. Çünki həm İran, həm Türkiyə, həm də Rusiya ilə birmənalı olaraq fəaliyyət göstərir. Azərbaycanla  Ermənistan arasında hələ sülhün bağlanmaması da bu formatda bir növ axsama yaradır. Ancaq buna baxmayaraq, öz aralarında yenə də əməkdaşlıq fəaliyyəti gedir və Azərbaycan bütün ölkələrlə - bu format çərçivəsində və ya bu formatdan kənar - öz iqtisadi, siyasi və diplomatik işlərini aparır. Təbii ki, bugünkü gündə bu platformanın gələcək üçün böyük layihələrə və işlərə təkan verəcəyi nəzərə alınaraq 3+3 formatı yaradılmışdı. Lakin hələ də bu imkanların tam şəkildə mövcud olmadığını görürük və təbii ki, bu platformasız belə Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan öz aralarında iqtisadi və siyasi baxımdan əməkdaşlıqlarını davam etdirirlər".

Politoloq qeyd edib ki, Ermənistanla sülh imzalanarsa, 3+2 formatı mümkün ola bilər.

"Bu platformanın - əgər Ermənistanla sülh müqaviləsi bağlanarsa - sizin də dediyiniz kimi, 3+2 formatında olması mümkündür. Çünki o zaman Ermənistanın həm regional layihələrdə, həm Azərbaycanla olan münasibətlərdə, həm də iqtisadi və siyasi sahələrdə inteqrasiyası mümkündür. Və təbii ki, o halda sizin dediyiniz kimi 3+2 formatı da mümkün ola bilər. Ancaq Rusiya ilə Gürcüstan arasındakı bu uzunmüddətli gərgin münasibət - yəni Abxaziya məsələsinə görə - hələ də qalmaqdadır. Rusiya Abxaziyadan çıxmamaqla və həmin ölkənin suverenliyini tam qəbul etməməklə problemi davam etdirir. Ancaq Azərbaycan bu yöndə bütün ölkələrlə işləyir və işləməyə davam edəcəkdir".

R. Məmmədova vurğulayıb ki, regionun inkişafı üçün 3 ölkənin iştirakı vacibdir, amma hazırda əsas rolu Azərbaycan oynayır.

"Bu formatın region üçün əslində böyük müsbət təsirləri ola bilərdi. Çünki Qafqaz regionu tək bir ölkədən ibarət deyil, üç ölkədən ibarətdir. Azərbaycan bu gün tək aparıcı rol oynayır. Ancaq təbii ki, Ermənistan və Gürcüstanın bu prosesə töhfə vermələri regionun inkişafı üçün çox vacibdir. Amma hələlik bunu görə bilmirik və hazırda Qafqaz regionunda bütün rolu Azərbaycan oynayır. Ermənistanın da bunu nəzərə alaraq, Azərbaycanla sülh müqaviləsini ən qısa zamanda bağlayıb və regionda yenidən öz fəaliyyətini davam etdirməsi bu platformanın daha səmərəli işləməsinə səbəb olacaqdır".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31