Gürcüstan dünya siyasətinə Azərbaycanla birgə baxmaq istəyir – ÖZƏL 

Mixail Kavelaşvili prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana edib. Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında qeyd edib ki, Gürcüstan dünya siyasətinə Azərbaycanla birgə baxmaq istəyir:

"Gürcüstan Prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi, dəyişən beynəlxalq münasibətlər fonunda başa düşüləndir. Niyə? Çünki indi elə bir qeyri-müəyyənlik var ki, qüvvələr nisbəti hardasa bərabərləşib. Burada "qüvvələr nisbəti" deyəndə, qlobal liderlik uğrunda mübarizə aparan Qərb və Şərqin, yəni  ABŞ və Çinin qarşıdurmasını nəzərdə tuturam. Məsələn, 10-15 il əvvəl çoxları hesab edirdi ki, ABŞ istəsə, Çini asanlıqla sıradan çıxara bilər. Bu baxış, bir qədər də Çinin inkişafının qapalı olması və əksər insanların reallıqdan xəbərsizliyi ilə bağlı idi. Amma bu gün artıq bütün kartlar açılıb. Masada hər kəs öz gücünü və mövqeyini aydın şəkildə ortaya qoyub. Artıq aydındır ki, xüsusilə son 10-15 ildəki dəyişikliklər nəticəsində Çin  ABŞ ilə bir çox sahədə rəqabət edə biləcək səviyyəyə çatıb. Düzdür, hələlik bütün sahələrdə üstünlük əldə etməyib, amma bəzi sahələrdə artıq üstünlük qazandığını demək mümkündür. Məhz bu səbəbdən Gürcüstan hakimiyyəti də bu qeyri-müəyyənlik şəraitində regional sabitliyin bərpasının nə qədər vacib olduğunu anlayır. Niyə? Çünki bu prosesdə kimin qalib gəlməsindən asılı olmayaraq, əgər region ölkələri arasında əməkdaşlıq və birlik qorunacaqsa, düşmən mövqelərdən imtina ediləcəksə, qarşılıqlı əməkdaşlıq və sülh məqsədi formalaşdırıla biləcəksə, onda Cənubi Qafqaz regionu da istənilən qlobal güclə , ya da öz iqtisadi-siyasi əhəmiyyətinə əsaslanaraq münasibətlərini normallaşdıra və suverenliyini qoruya bilər. Gürcüstan tərəfi yaxşı anlayır ki, Azərbaycan  Cənubi Qafqazın əsas ölkəsidir. Bu, Azərbaycanın enerji ehtiyatlarına malik olması, Avropanın enerji təhlükəsizliyində əsas rol oynaması, tranzit ölkə kimi əhəmiyyətli mövqeyi, regionun ən güclü ordusuna, iqtisadiyyatına və strateji təhlükəsizlik sisteminə sahib olması ilə bağlıdır. Gürcüstan tərəfi də indi Azərbaycanla məsləhətləşmələr qurmaq əsasında dünya siyasətini izləməyə çalışır. Məsələn, indiki iqtidarın formalaşmasından sonra gördük ki, Gürcüstan əvvəlki kimi yalnız Qərbə yönəlmiş siyasətdən imtina edərək balans siyasəti formalaşdırmağa başladı. Halbuki Azərbaycan bu siyasəti 1993-cü ildən həyata keçirirdi və nəticələrini də bir çox sahədə müşahidə etdik. İndi Gürcüstan bu təcrübəni təkrarladıqca, sabitlik və təhlükəsizlik baxımından ciddi irəliləyiş əldə etdiyini başa düşür. Hər nə qədər Avropa Gürcüstana milyardlarla vəsait, investisiya və müxtəlif üstünlüklər vəd etsə də, reallıqda onun sərhədində bir yırtıcı Rusiya dayanır. Bu da o deməkdir ki, istənilən anda bu təhlükəsizlik pozula bilər. Hətta ən sadə məsələdə belə müdaxilə mümkündür. Necə ki, Rusiya Gürcüstanda separatçılığı dəstəklədi və nəticədə Gürcüstanın iki bölgəsi faktiki olaraq müstəqilliyini elan etdi. Bu səbəbdən Gürcüstan tərəfi artıq anlayır ki, xarici siyasətdə Azərbaycan təcrübəsini öyrənmək vacibdir. Eyni zamanda Gürcüstan anlayır ki, Azərbaycandan və Orta  Asiyadan keçən tranzit layihələr, xüsusilə Orta Dəhlizin açılmasından sonra genişlənəcək və bu da ölkə üçün iqtisadi baxımdan mühüm gəlirlər və üstünlüklər qazandıracaq.

Ən əsası isə odur ki, Gürcüstan uzun müddətdən sonra anladı ki, Cənubi Qafqazda fərqli yanaşma irəli sürərək, Rusiya, İran, Türkiyə və  Azərbaycan reallığını nəzərə almadan yalnız Qərbin üstünlüklərinə arxalanmaqla nəyəsə nail olmaq mümkün deyil. Əgər nəsə əldə ediləcəksə belə, ondan daha çox şey itirmək mümkündür. Ona görə də bu səfəri Gürcüstan tərəfinin dünya siyasətinə Azərbaycanla birgə baxmaq cəhdi kimi, hətta bəzi məsələlərdə Azərbaycan təcrübəsini əsas götürərək dünya siyasətinə qoşulmaq təşəbbüsü kimi dəyərləndirmək olar. Bu siyasətin nə qədər davam edəcəyi və burada pozucu ünsürlərin nə olacağı indidən bəlli deyil. Amma aydındır ki, Qərbi Avropa Gürcüstanın bu balanslı siyasətini çox da dəstəkləmir və bu istiqamətdə təzyiqlər də mümkündür. Hazırkı iqtidar hakimiyyətdə olduğu müddətcə, düşünürəm ki, Gürcüstanın dünya siyasətinə baxışı Qərb pəncərəsindən yox, özünün yerləşdiyi regionun reallıqlarına əsaslanaraq formalaşacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31