Boş bəyanatlardan real siyasətə: Makron və Rusiya dilemması– ÖZƏL
17 Aprel 14:29 Siyasət"Əslində, Makronun Rusiyaya qarşı bu cür fikirlər səsləndirməsi ilk dəfə deyil. Müharibə başladığı andan etibarən, hətta Krım müharibəsindən sonra da Fransa, İngiltərə, Almaniya və digər ölkələr tərəfindən Rusiyaya qarşı ardıcıl olaraq bu cür fikirlər səsləndirilib. Onun təcavüzkar olması, işğalçı siyasət yürütməsi, beynəlxalq hüququ pozması kimi məsələlər istiqamətində dəfələrlə müxtəlif fikirlər səsləndirilib. Bu səbəbdən, Makronun bu fikirləri artıq insanı o qədər də təəccübləndirmir".
Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasıbda bildirib:
"Burada əsas məsələ - Rusiyanı dünyaya aqressor və ya işğalçı kimi təqdim etməkdir. Lakin bu gün artıq belə bir təqdimata ehtiyac varmı? Düşünürəm ki, yox. Çünki bütün dünyanın gözü qarşısında Rusiya Ukraynaya qarşı işğala başladı və nəticədə Ukraynanın bir sıra ərazilərini öz nəzarəti altına alaraq işğal etdi.
Amma bununla paralel olaraq görürük ki, artıq 3 ilə yaxındır bu müharibə davam edir və bu müddət ərzində vəziyyət elə formada dəyişib ki, işğalçı kimi tanınan Rusiya ilə dünyanın bir çox ölkələri münasibətlərini bərpa edir, əməkdaşlıq qurur. Afrikadan və Asiyadan olan bir çox ölkələr Rusiya ilə ticarət əlaqələrini şaxələndiriblər. Pakistan, Hindistan kimi böyük dövlətlər Rusiya ilə münasibətləri kəsmədilər. İran və Rusiya isə artıq strateji tərəfdaşlıq münasibətləri qurublar. Gələcəkdə bu iki ölkənin müttəfiqə çevrilməsi ehtimalı da real görünür.
Bu səbəbdən, əgər Makronun məqsədi Rusiyaya zərbə vurmaqdırsa və bu məqsədlə bu fikirləri səsləndirirsə, o zaman o özü də anlamalıdır ki, artıq yalnız danışmaqla nəyəsə nail olmaq mümkün deyil. Əgər həqiqətən təsir göstərmək istəyirsə, real addımlar atılmalıdır.
Rusiyaya qarşı real tədbirlər nədən ibarət ola bilər? Məsələn, Ukraynaya dəstəyin artırılması, anti-Rusiya koalisiyalarının formalaşdırılması, eləcə də Rusiyanın daxil olmağa çalışdığı yeni bazarlarda iqtisadi üstünlüyü ələ keçirmək. Bunun üçün, əgər lazımdırsa, Fransa dövlət büdcəsindən və ya Avropa İttifaqı büdcəsindən milyardlarla avro vəsait ayrılmalı, konkret layihələr həyata keçirilməlidir. Yoxsa sadəcə bəyanat vermək, Rusiyanı aqressor kimi təqdim etmək artıq heç nəyi dəyişmir. Onsuz da bütün dünya Rusiyanı tanıyır və Ukrayna müharibəsi haqqında az-çox məlumata malikdir.
Ancaq bu cür sərt bəyanatlar Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Çünki Donald Trampın yenidən siyasi səhnəyə qayıtmasından sonra ABŞ-ın Rusiya ilə dil tapmağa və kompromis yolu ilə münaqişəni həll etməyə çalışdığı bir şəraitdə, Avropa İttifaqına üzv olan və ya olmayan digər Avropa dövlətləri də Rusiya ilə münasibətlərini müəyyən qədər normallaşdırmağa cəhd göstərirlər.
Belə bir durumda Fransa liderliyində Qərbi Avropanın və Avropa İttifaqının Rusiya ilə münasibətləri daha da gərginləşdirməsi, müəyyən zaman keçdikdən sonra onların özlərinə də mənfi təsir göstərə bilər. Çünki burada enerji təhlükəsizliyi, ümumi regional sabitlik və iqtisadi maraqlar kimi amillər də nəzərə alınmalıdır.
Ona görə də, əvvəl qeyd etdiyim kimi, əgər Makron nəsə dəyişmək və təsir göstərmək istəyirsə, artıq tələsməlidir və konkret, praktiki addımlar atmalıdır. Bu addımlar da yuxarıda sadalanan istiqamətlərdə ola bilər. Əks halda, onun bu və ya digər bəyanatları sadəcə boş söz olaraq qalacaq və heç bir real nəticə verməyəcək".
Zeynəb Rzayeva