“Türkiyədə ərəb miqrantlara yaradılan şərait özbəyə, qırğıza da yaradılmalıdır”-Siyasi ekspert- ÖZƏL
17 Aprel 10:49 SiyasətÖzbəkistan, Qazaxıstan və Türkmənistanın Yunan Kiprinə-Kipr Respublikasına səfir təyin etməsi Türkiyədə, eləcədə Azərbaycanda narazılıqla qarşılanıb.
Səmərqənddə keçirilən birinci Avropa İttifaqı-Mərkəzi Asiya sammitində isə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan prezidentləri imzaladığı birgə bəyannamədə Kipr türklərinin "qanunsuz separatçı fəaliyyətlərini" pisləyib və BMT-yə üzv dövlətləri Şimali Kipr Türk Cümhuriyyətini tanımamağa çağıran sənədə imza atıblar.
Bildirilir ki, Mərkəzi Asiyanın türk dövlətləri bu addımı Avropa Birliyinin yardım vədi qarşılığında atıb. Söhbət Avropadan Mərkəzi Asiyaya başlanğıc olaraq 12 milyard dollarlıq sərmayədən gedir.
Bir sıra ekspertlər baş verənləri Türk Dövlətləri Birliyi daxilində yaranmış narazılıqla izah edir, hesab edirlər ki, bundan sonra artıq Turan birliyinin perspektivi yoxdur. Hadisələrin sonrakı inkişafı hansı senaridə cərəyan edəcək? Türkiyə Mərkəzi Asiya ölkələrini yola gətirə biləcəkmi?
Siyasi şərhçi Elman Cəfərli Olaylar.az-a bildirib ki, baş verənlər Türkiyədə "soyuq duş" effekti versə də, gözlənilən idi:
"Turan quruculuğu romantika mərhələsindədir. Bütün türk xalqlarını ortaq şərəfli keçmiş, ortaq dəyərlər birləşdirir. Həmrəylik bütün hallarda xoş duyğular oyadır. Ancaq yaşadığımız dünya daha çox praqmatik yanaşmaları sevir. Məncə türk cümhuriyyətlərini Avropaya meylləndirən 12 milyardlıq vəd deyil. Müsəlman şərqindən fərqli olaraq inkişaf etmiş ölkələrin qabaqcıl texnologiyaları, keyfiyyətli təhsili, səhiyyəsi var. Müasir inkişafın mərkəzi Avropa ölkələridir. 200 il sekülyar həryat tərzi yaşamış Mərkəzi Asiyanın türk dövlətləri İraqa, Suriyaya, Səudiyyəyə boylana bilməz. Onlar Avropa ilə inteqrasiyay meyllidirlər. Biz proseslərə Əfqanıstan, Suriya standartlarından baxmayaq. Suriya, Əfqanıstan, Livan, İraq üçün Türkiyə qabaqcıl ölkədir. Lakin Mərkəzi Asiyanın türk dövlətləri daha qabaqcıl texnologyaları, elmi, təhsili güclü iqisadiyyatı ola Avropanı tərcih edirlər. İndi Türkiyədə qəzəbli çıxışlar eşidirik: Mərkəzi Asiyanın türk dövlətlərinə qoyduğumuz sərmayəni geri çəkək, iş adamları geri qayıtsın. Yanlış fikirlərdir. Əksinə, Türkiyə Mərkəzi Asiyanın türk dövlətləri, Azərbaycanla əlaqələri daha yüksək səviyyəyə qaldırmalı idi".
Siyasi şərhçi deyib ki, yaranan durumda Türkiyənin də günahı az deyil: "İllərdir Türkiyədə yaşayan azərbaycanlılar vətəndaşlıq ala bilmirlər. Bu gün Türkiyənin iri şəhərlərində suriyalılar, iraqlılar və digər ərəb ölkələrindən gələnlər əl üstündə tutulur. Onlar asanlıqla oturum izni alır, iş tapa bilirlər. Lakin azərbaycanlıların iş tapması zülmdür. Türkiyəyə sığınmış azərbaycanlı əmək miqrantları otorum izni almaqda, sığırortalı iş tapmaqda çətinlik çəkirlər. Bu, Mərkəzi Asiyanın türk dövlətlərinin vətəndaşlarına da aiddir. Bu 30 ildə Türkiyə təhsil, iş ardınca gələn Qafqazın, Mərkəzi Asiyanın türk dövlətlərinin vətəndaşları üçün əlşatan ölkəyə çevrilməli idi. Lakin bunu etmədilər. Görünən odur ki, quru-quru "türk birliyi"ndən danışmaq "Turan birliyi" üçün bəs deyilmiş. Daha real, daha gerçəkçi addımlar da atılmalıdır".
E. Cəfərli deyib ki, Ankara "türk açılımı"nı gerçəkləşdirməli, ərəblərə yaratdığı şəraiti türk dövlətlərindən gələn miqrantlara da yaratmalıdır. "ELə islahatlar aparılmalı, elə qanunlar qəbul edilməlidir ki, Qafqazdan, Mərkəzi Asiyanın türk dövlətlərindən gələnlər Türkiyədə özlərini türk kimi hiss etsinlər".