Avropa İttifaqı Azərbaycan–Gürcüstan–Türkiyə əməkdaşlığını düzgün dəyərləndirməlidir- ÖZƏL
17 Aprel 11:18 Siyasət"Azərbaycan və Gürcüstan tandemi, eləcə də Türkiyə ilə bu üçlük formatı, deyərdim ki, Avropa Birliyinin, ümumiyyətlə, Avropa qitəsinin xilaskarı kimi çıxış edir".
Bu fikirləri Olaylar.az-a açıqlamaslnda politoloq Tofiq Abbasov söyləyib. Siyasi şərhçi bildirib ki, Azərbaycan və Gürcüstanın əməkdaşlığı regionun enerji inkişafını formalaşdırır:
"Biz nəzər yetirsək, hazırda geosiyasi aləmdə ən gərgin mübarizələr nəyin üzərində gedir? Dəhlizlər, onların ətrafında nəzarət uğrunda gedir. Azərbaycan xüsusilə burada həm enerji resurslarının istehsalçısıdır, həm tranzitordur, həm də təhlükəsizliyin qoruyucusudur. Bu üç komponent demək olar ki, böyük geosiyasi çətinliklər yaradır. Cənub Qaz Dəhlizi ideyasını ortaya çıxan kimi, Azərbaycana münasibət necə idi? İlk növbədə bədbinlik, sonra guya ekoloji baxımdan zərərli olacaq, bəzi ölkələr üçün çətinliklər yaradacaq və.s. Azərbaycan isə bu prosesin üzərində dayandı. Üç hissədən ibarət plan həyata keçirdi. İndi isə gözəl bir tərzdə dünənki tənqidçilər ondan bəhrələnirlər və hətta onun ləzzətini görürlər.
Burada Azərbaycan dövlətinin siyasi rəhbəri - Prezident İlham Əliyev çox gözəl başa düşür ki, yeni dünyanın çağırışları nədən ibarətdir və insanlara ən çox lazım olan nədir? Təbii ki, enerji təhlükəsizliyi olmadan heç bir məsələ həllini tapmır. Nə maşınlar işləyir, nə sənaye müəssisələri fəaliyyət göstərir, nə də insanların hərəkəti olur. Əlbəttə ki, bu məsələ ilə bağlı biz çox müzakirələr etmişik və həm də Azərbaycan məhz bu proseslərdə istehsalçı rolunu oynayır, istehlakçılar üçün çox gözəl, münbit bir şərait formalaşdırır.
Baxın, Ermənistanı götürək. O, hər bir vəziyyətdə istehlakçıdır, heç bir şey istehsal etmir. Nə təhlükəsizliyi təmin edir, nə enerji resurslarını, nə də digərlərini. Ancaq yeyir, yatır. Azərbaycan isə bu proseslərin ağır yükünü öz üzərində daşıyır. Hesab edirəm ki, Avropa İttifaqı birincisi, Azərbaycan-Gürcüstan, eləcə də Türkiyənin bu üçlü formatdakı fəaliyyəti və onun verdiyi töhfələrlə bağlı düzgün qiymət verməli və digər tərəfdən də görülmüş işlərin qədrini bilməlidir. Çünki elə-belə heç nə əmələ gəlmir. Yəni, Azərbaycan burada həm investisiyalarını xərcləyir, digər tərəfdən risklərlə qarşılaşır, olmazın əziyyətlərini çəkir. Çünki hər bir kəməri çəkmək, onun coğrafi relyefinin xüsusiyyətlərini nəzərə alaraq yol tapmaq, tərəfdaş və istehlakçılara yolları açmaq və ümumiyyətlə, o tranzitləri yaratmaq özü-özlüyündə çox dərin və baha başa gələn bir prosesdir. Ona görə də, bu proseslərin hamısında ilk növbədə həm tərəfdaşlar, eləcə də bədxahlar anlasınlar ki, bu dünyada heç bir şey boş yerdə, düz yerdə əmələ gəlmir. Əgər bir təşəbbüs, yeni bir plan, proqram reallaşırsa, onun arxasında çox dərin hesablamalar, texnoloji həll yolları və eləcə də ciddi xərclər dayanır. Azərbaycan bu istiqamətlərin hamısında, mən deyərdim ki, böyük faydalıq əmsalı nümayiş etdirib və bu da düzgün dəyərləndirilməlidir".
Zeynəb Mustafazadə