Azərbaycan-Çin əməkdaşlığı strateji mərhələyə keçir – ÖZƏL

Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlıq əsasında inkişaf edən münasibətlər yeni mərhələyə qədəm qoyur. İki ölkə yaşıl enerji sahəsində - xüsusilə Çin istehsalı olan avtobuslar və günəş panelləri ilə əməkdaşlığı genişləndirir, müdafiə sahəsində isə dialoqlar başlayıb və birgə istehsal imkanları müzakirə olunur. Azərbaycan, "Bir kəmər, bir yol" təşəbbüsünü dəstəkləyərək Zəngəzur dəhlizi üzərindən ticarət əlaqələrini gücləndirmək niyyətindədir. Bu əməkdaşlıq həm Türk dünyasında, həm də Qlobal Cənubda yeni strateji düzən formalaşdıra bilər. 

"Azərbaycan təkcə Çinlə deyil, Asiya qitəsində yerləşən bütün dövlətlərlə siyasi və iqtisadi baxımdan çox yaxşı münasibətlərə malikdir. Çin isə bu gün dünyanın ən qabaqcıl iqtisadi güclərindən biridir. Onun istehsalat və bazar imkanlarının genişlənməsi, iqtisadi gücünün artması ilə paralel olaraq siyasi nüfuzu da genişlənməkdədir. Bu prosesin fonunda Azərbaycanın Çinlə olan münasibətləri də dinamik inkişaf edir"

Bu fikirləri politoloq Ramiyə Məmmədova Azərbaycan-Çin strateji tərəfdaşlığını Olaylar.az-a şərh edərkən bildirib. Politoloq bildirib ki, Azərbaycan "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində strateji körpü rolunu oynayaraq, Çin ilə iqtisadi və diplomatik əlaqələrini inkişaf etdirir:

"Azərbaycan öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında strateji bir körpü rolunu oynayır. Xüsusilə Cənubi Qafqaz bölgəsində logistika baxımından mühüm xab funksiyasını yerinə yetirir. Türkiyə, Rusiya və digər region ölkələri ilə inteqrasiya çərçivəsində Azərbaycan üzərindən keçən tranzit yollar və layihələr ölkənin geosiyasi əhəmiyyətini artırır. Bu kontekstdə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanın rolu xüsusilə vurğulanmalıdır. Zəngəzur dəhlizi və digər kommunikasiya xətləri vasitəsilə ölkə artıq türkdilli dövlətlər və Çin arasında mühüm bir əlaqələndirici halqaya çevrilib. Azərbaycan və Çin arasında münasibətlər yalnız iqtisadi deyil, həm də siyasi və diplomatik sahələrdə inkişaf edir. Keçən il iki ölkə arasında imzalanan müqavilə əsasında Çin vətəndaşlarının Azərbaycana vizasız səfəri mümkün oldu. Eyni zamanda, Azərbaycan tərəfindən də Çin vətəndaşlarına bu cür güzəştlərin tətbiq olunması gözlənilir. Çin iş adamları hazırda Azərbaycanın müxtəlif bölgələrində, xüsusilə də Qarabağ iqtisadi zonasında sərmayələr yatırır. Bu isə ölkə iqtisadiyyatına əlavə stimul verir".

R. Məmmədova əlavə edib ki, Çin yüksək tariflər və iqtisadi məhdudiyyətlər səbəbindən türkdilli ölkələrlə əməkdaşlığı artıraraq regionda iqtisadi və geosiyasi tarazlığı dəstəkləyir.

"Çin yalnız Azərbaycan üçün deyil, ümumilikdə türk dünyası üçün də mühüm tərəfdaşdır. Yeni açılan bazarlar və əməkdaşlıq imkanları Çini bu regionla daha sıx əlaqələr qurmağa təşviq edir. ABŞ tərəfindən tətbiq olunan yüksək tariflər və digər iqtisadi məhdudiyyətlər səbəbilə Çin yeni bazarlar axtarışındadır. Bu baxımdan, Azərbaycan və digər türkdilli ölkələrlə əməkdaşlıq Çin üçün də strateji əhəmiyyət kəsb edir. Çinin texnologiya, istehsal və logistika sahəsindəki üstünlükləri bu əməkdaşlığı daha da dərinləşdirə bilər. Eyni zamanda, bu münasibətlər Azərbaycanın və bütövlükdə türk dünyasının iqtisadi inkişafına təkan verə bilər. Bu proses həm də regionda qloballaşmanın və geosiyasi tarazlığın formalaşmasına öz töhfəsini verir".

Politoloq sonda qeyd edib ki, Azərbaycan Prezidenti də son çıxışlarında investisiya mühitinin yaxşılaşdırılması və xarici sərmayələrin artırılması istiqamətində çağırışlar edib. Çin bu baxımdan etibarlı tərəfdaşlardan biri kimi çıxış edir və gələcəkdə də ölkəmizdə iri layihələrə sərmayə yatırmaq niyyətindədir. Beləliklə, qarşılıqlı maraqlara əsaslanan bu əməkdaşlıq həm Azərbaycan, həm də Çin üçün mühüm perspektivlər açır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31