Ermənistan "Dağlıq Qarabağ nümayəndəliyi"ni bağlamağa hazırlaşır? – ÖZƏL

Ermənistan hakimiyyəti İrəvanda yerləşən qondarma "Dağlıq Qarabağ nümayəndəliyi"nin bağlanması üçün informasiya zəmini hazırlayır. 

Olaylar.az xəbər verir ki, bu barədə parlamentdəki "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan bildirib. Onun sözlərinə görə, son günlər hakimiyyət nümayəndələrinin arsaxlılara qarşı sərt ritorikası və açıq təhqiramiz çıxışları məhz bu məqsədə xidmət edir. Abramyan bu barədə şəxsi sosial şəbəkə hesabında paylaşım edib.

Deputat hesab edir ki, Ermənistan rəhbərliyi bu addımı ataraq Azərbaycanın "xoş münasibətini" qazanmağa çalışır. Bu fonda "Vətəndaş Müqaviləsi" fraksiyasından olan deputat və iş adamı Xaçatür Sukiasyanın verdiyi açıqlama cəmiyyətdə geniş rezonans doğurub. O, sentyabr 2023-cü il hadisələrində "qarabağlıların vuruşmadığını" və "cəmi 10 nəfərin həlak olduğunu" iddia edib. Sonradan mətbuat katibi vasitəsilə üzr istəyərək, 10 rəqəminin səhvən deyildiyini və əslində 210 nəfəri nəzərdə tutduğunu bildirib.

Qondarma Dağlıq Qarabağ informasiya qərargahı deputatın sözlərini sərt şəkildə qınayaraq, bunu arsaxtlılara qarşı düşmənçilik və hörmətsizlik kimi qiymətləndirib. Qərargahın açıqlamasında bildirilir ki, 2023-cü ilin sentyabrında baş verən döyüşlər zamanı 265 hərbçi və 21 mülki şəxs həlak olub, daha 14 nəfər isə itkin düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31