Türk dünyasının və TDT-nin gələcək perspektivləri müsbətdir– ÖZƏL
10 Aprel 15:42 SiyasətMərkəzi Asiyanın türk respublikaları Yunan Kipri ilə diplomatik əlaqələrini genişləndirir. Qazaxıstan, Özbəkistan və Türkmənistanın Kiprdə səfirlik açması, eyni zamanda Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qarşı qətnaməni dəstəkləməsi Türk Dövlətləri Təşkilatı (TDT) daxilində fikir ayrılıqlarını gündəmə gətirir. Ekspertlər bunu Türkiyəyə "geosiyasi zərbə" kimi qiymətləndirir.
Bu fondda TDT-nin parçalanması mümkündürmü? Azərbaycanın mövqeyi necədir?
Siyasi şərhçi Elçin Xalidbəyli Olaylar.az-a açıqlamasında bildirib ki, Türk dünyasının əsas güc mərkəzi Azərbaycan-Türkiyə ittifaqıdır, Qazaxıstan, Özbəkistan və Türkmənistan isə Rusiyanın təsirindən çıxmaq üçün müxtəlif beynəlxalq əlaqələr qurmağa səy göstərirlər:
"Türk dünyasının əsas avanqard güc mərkəzi Azərbaycan-Türkiyə ittifaqıdır. Türk Dövlətləri Təşkilatının (TDT) bu günkü səviyyəyə çatmasında məhz Azərbaycan və Türkiyənin ortaq fəaliyyəti əsas rol oynayıb. Bu səbəbdən də təşkilat daxilində əsas məsələ Qazaxıstan, Özbəkistan və Türkmənistanın deyil, məhz Azərbaycan və Türkiyənin mövqeyidir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Azərbaycan və Türkiyədən fərqli olaraq, Qazaxıstan, Özbəkistan və Türkmənistan hələlik beynəlxalq miqyasda kifayət qədər təsirli və güclü dövlətlərə çevrilməyiblər. Onlar öz potensiallarını tam şəkildə reallaşdırmaq imkanı əldə etməyiblər. Bundan əlavə, bu üç ölkə hələ də müəyyən dərəcədə Rusiyanın təsir dairəsində qalır. Hazırkı mərhələdə Qazaxıstan, Özbəkistan və Türkmənistan Rusiya təsirindən çıxmağa çalışır və bu məqsədlə müxtəlif beynəlxalq əlaqələr qurmağa, alternativ imkanlardan yararlanmağa səy göstərirlər. Bu da onların Avropa ölkələri ilə münasibətləri genişləndirməyə yönəlik addımlar atmasına səbəb olur. Məsələn, Özbəkistan bir müddət öncə Fransa ilə münasibətləri yaxınlaşdırmaq istiqamətində cəhdlər edib. Oxşar proses Qazaxıstanla Fransa arasında da müşahidə olunur. Türkmənistan isə öz enerji resurslarını Avropaya ixrac etmək niyyətindədir. Bu cəhdlər, təbii olaraq, müxtəlif imkanlar yaratsa da, eyni zamanda Türk dünyasının maraqları baxımından müəyyən problemlərə səbəb ola bilər.
E. Xalidbəyli vurğulayıb ki, Qazaxıstan, Özbəkistan və Türkmənistanın Yunan Kipri ilə yaxınlaşması təəssüf doğursa da, Türk dünyasına dağıdıcı təsir etməz.
"Qazaxıstan, Özbəkistan və Türkmənistan hələ strateji planlama və məqsədyönlü hədəflər müəyyənləşdirmək sahəsində təcrübəsizdirlər. Onlar hələ Azərbaycan və Türkiyə kimi strateji baxış formalaşdırmaq səviyyəsinə çatmayıblar. Ona görə də bu ölkələrin son dövrlərdə atdığı bəzi addımlar, xüsusilə Yunan Kipri ilə yaxınlaşma cəhdləri təəssüf doğurur. Bununla belə, bu addımların Türk dünyası üçün dağıdıcı nəticələr doğuracağını düşünmək sadəlövhlük olardı".
Siyasi şərhçi əlavə edib ki, Türk Dövlətləri Təşkilatının parçalanması ehtimalı inandırıcı deyil, çünki Azərbaycan-Türkiyə ittifaqı Türk dünyasını qlobal güc mərkəzinə çevirmək üçün ardıcıl addımlar atır.
"Türk Dövlətləri Təşkilatının ciddi daxili ziddiyyətlərə görə parçalanması ehtimalı indiki mərhələdə inandırıcı görünmür. Çox güman ki, Qazaxıstan, Özbəkistan və Türkmənistan Yunan Kiprinə isti münasibət göstərməklə Avropa Birliyinin diqqətini cəlb etməyə çalışırlar. Bu yanaşmaların arxasında həm siyasi, həm də iqtisadi maraqlar dayanır. Bununla belə, Türk Dövlətləri Təşkilatının dağılması real görünmür. Çünki təşkilatın əsas aparıcı qüvvəsi Azərbaycan-Türkiyə ittifaqıdır. Bu ittifaq Türk dünyasını yeni qlobal proseslərin əsas güc mərkəzinə çevirmək üçün prinsipial və ardıcıl addımlar atır. Ümumilikdə, qlobal miqyasda baş verən proseslər Türk dövlətlərini daha sıx birliyə vadar edə bilər və gələcəkdə TDT-nin Avropa Birliyinə bənzər bir quruma çevrilməsi də mümkündür. Belə bir perspektiv realdır, lakin bu prosesin hazırda ləng getdiyi də aydın görünür. Dünyadakı qeyri-müəyyənlik və mürəkkəb proseslər bəzi dövlətlərin gələcəyə yönəlik strateji hədəflər müəyyənləşdirməsini çətinləşdirir. Bu çətinliklərə onların məhdud imkanları da əlavə olunanda vəziyyət daha da mürəkkəbləşir. Ancaq bütün bu çətinliklərə baxmayaraq, Türk dünyasının və TDT-nin gələcək perspektivləri müsbətdir. Azərbaycan-Türkiyə tandemi bu təşkilatı dünya səviyyəsində siyasi-iqtisadi iradə mərkəzinə çevirmək gücünə malikdir və bu istiqamətdə ciddi addımlar atılmaqdadır".
Səidə Ramazanova