Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət vacib yer tutur
11 Aprel 2025 10:26 Siyasətİstiqamət: Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi
Azərbaycan müstəqil dövlət olaraq beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə ikitərəfli, bərabərhüquqlu əməkdaşlığa üstünlük verir. Bu əməkdaşlıq dövlətlərarası münasibətərin bütün sahələrini əhatə edir. Belə ki, ölkəmiz dünya dövlətləri ilə siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə münasibətlər qurmaqda maraqlıdır. Məlum olduğu kimi hazırda dünya dövlətlərinin böyük əksəriyyəti müstəqil yaşamaq çətinliyi ucbatından müxtəlif birliklər altında təmsil olunmaq zorunda qalırlar. Sonradan beynəlxalq təşkilat statusu alan həmin birliklər üzvlər arasında əməkdaşlıq formatlarını ortaya qoyurlar. Etiraf edilməlidir ki, hazırda mövcud beynəlxalq təşkilatlar iqtisadi potensialı yüksək olan Azərbaycanla əməkdaşlığa üstünlük verirlər. Buna baxmayaraq bəzi beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirirlər. Avropa Şurası Parlament Assambleyasının Azərbaycana qarşı sərgilədiyi ayrıseçkilik fikrimizi bir daha təsdiqləyir. Elə Prezident İlham Əliyev də ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda məsələyə bir daha aydınlıq gətirib: "AŞPA özünün ərazi bütövlüyünü bərpa etdiyinə görə Azərbaycanı cəzalandırmaq qərarına gəldi. 2023-cü ilin sentyabrında Qarabağdakı separatçıların kökü kəsildi. Məhz bu səbəbdən onlar 2024-cü ilin yanvarında bizim nümayəndə heyətimizi səsvermə hüququndan məhrum etdilər. Onlar bunu insan hüquqları məsələsi çərçivəsinə daxil etməyə çalışdılar, ancaq bu, qətiyyən belə deyil. Qeyd etdiyim kimi, biz 2001-ci ildən bu təsisatın üzvü idik və bu vaxtadək Azərbaycan nümayəndə heyətinin mandatı şübhə altına alınmırdı. Məhz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdikdən bir neçə ay sonra onlar bizi səsvermə hüququndan məhrum etdilər. Yaranmış şəraitdə bizim orada fəaliyyətimizi dayandırmaq qərarını verdik. Həmin vaxtdan etibarən biz onların iclaslarında iştirak etmirik. Yeri gəlmişkən, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etmədiyindən, biz bu məhkəmənin qərarlarını tanımırıq. Bu, bizim mövqeyimizdir və fürsətdən istifadə edərək bəyan edirəm ki, Avropa Məhkəməsinin heç bir qərarının bizim üçün hüquqi qüvvəsi yoxdur. Çünki biz səsvermə hüququmuzdan məhrum edilmişik. Biz bu hakimlərə səs verməmişik. Biz onların kim olduğunu bilmirik. Zənnimcə, Avropa Şurası "üzərində oturduğu budağı" kəsdi. Onlar Azərbaycana qarşı ayrı-seçkilik etdilər, bizi təcrid etməyə cəhd göstərdilər, lakin bununla özlərini Qafqazdan məhrum etdilər. Gürcülər də eyni addımı atdılar. Mən Gürcüstanın orada təmsil olunmasının dayandırılması ilə bağlı hökumətin qərarını tam dəstəkləyirəm. Çünki bu, növbəti ayrı-seçkilik halı idi. Avropa Parlamentində yer almayan, nəticə etibarilə Avropa Şurasında qərarlaşan bəzi avropalı siyasətçilərin müstəmləkəçilik düşüncəsi təəssüflər olsun ki, əks nəticə verir. Mən həmin vaxt sual verdim - Azərbaycanda kimsə bizim bu təşkilatda təmsil edilməməyimizə fikir verdimi? Bizim üçün həyat davam edir".
Sirr deyil ki, Azərbaycanın özü də bir sıra təşkilatların yaradılması və inkişafı məqsədilə çoxsaylı təşəbbüslər irəli sürüb. Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyət vacib yer tutur. Ölkəmiz üzv olduğu təşkilatlar müstəvisində fəal siyasət həyata keçirir. Azərbaycanın tez bir zamanda D-8 Təşkilatına tamhüquqlu üzv olması fikrimizi bir daha təsdiq etmiş olur. Xatırladaq ki, Azərbaycan ötən il dekabrın 19-da Misirin Qahirə şəhərində keçirilən D-8 üzv ölkələrinin dövlət və hökumət başçılarının XI Sammitində təşkilata üzvlüyü ilə bağlı müraciət edib və bu müraciət yekdilliklə qəbul olunub. Qaydalara uyğun olaraq, Sammitin bu qərarından sonra Azərbaycanın təşkilata tamhüquqlu üzv olması üçün D-8 Nizamnaməsini ratifikasiya etməsi tələb olunurdu. Azərbaycan Respublikasının Milli Məclisi 2025-ci il martın 7-də bununla bağlı qanunu (149-VIIQ saylı Qanunu) qəbul edib və bu qanun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanaraq qüvvəyə minib. Azərbaycan hökuməti 2025-ci il martın 19-da səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) İstanbulda yerləşən katibliyinə D-8 Nizamnaməsinin ratifikasiya sənədlərini rəsmi şəkildə təqdim edib. Bununla da Azərbaycan D-8 Təşkilatına tamhüquqlu üzv olub. Qeyd edək ki, D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı səkkiz müsəlman ölkəni birləşdirir. Təşkilatın təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında atılıb. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Təşkilatın Katibliyi İstanbul şəhərində yerləşir. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsi olan D-8-ə üzvlüyük təşkilat yarandığı gündən ilk genişlənmə kimi əlamətdardır: "Ölkəmiz ilk dəfə Prezident İlham Əliyevin xüsusi qonaq qismində iştirak etdiyi 2017-ci ildə İstanbulda keçirilmiş IX Zirvə görüşündə təmsil olunub. Qahirə şəhərində keçirilən XI Sammitdə ölkəmizi Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir".
Azərbaycanın D-8-ə üzv olması təşkilatda təmsil olunan dövlətlərin da maraqlarına uyğundur. Belə ki, Təşkilatın Katibliyinin yaydığı açıqlamada deyilir: "Azərbaycanın D-8-ə doqquzuncu üzv kimi qoşulması təşkilat üçün mühüm bir hadisədir. Bu inkişaf üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsinə və Nizamnamədə müəyyən edilmiş məqsədlərin həyata keçirilməsinə yeni imkanlar açacaq". Ekspertlər də hesab edirlər ki, Azərbaycan D-8-in təməl prinsiplərinin qorunmasında, təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaq. Bu çərçivədə həmçinin geniş regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət, nəqliyyat, kommunikasiya və bir sıra digər vacib istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Tarix boyu Şərq ilə Qərb arasında körpü rolu oynamış, İslam dünyasının əsas mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olan Azərbaycanın D-8 üzvlüyü, eyni zamanda, İslam həmrəyliyinin möhkəmlənməsində, İslam dəyərlərinin dünyada təbliğində və İslamofobiya ilə mübarizə sahəsində böyük töhfə olacaq.
Azərbaycanın D-8-ə qoşulması ölkəmiz üçün də bir sıra dividentlər vəd edir. Nəzərə alaq ki, D-8 dünya ölkələri içərisində böyük iqtisadi potensiala malik bir təşkilatdır. Məlumata görə, D-8 üzvü olan ölkələrdə 1,1 milyard insan yaşayır. 8 ölkənin iqtisadiyyatının həcmi 3,8 trilyon dollardır. Eyni zamanda, üzv ölkələrin ticarət həcmi 1,6 trilyon dollar, yəni dünya ticarət həcminin 4,5 faizini təşkil edir. Məlum olduğu kimi Azərbaycanın D-8 ölkələrinin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində çox yaxşı münasibətləri var. Belə halda ölkəmizin təşkilata üzv olması qarşılıqlı münasibətləri daha gücləndirəcək. Eləcə də, ölkəmiz təşkilatın potensialından qarşılıqlı əməkdaşlıq üçün səmərəli istifadə edəcək. D-8 ölkələri də Azərbaycanın Avropa və Asiyanın qovuşuğunda yerləşməsindən iqtisadi-ticari əməkdaşlıq baxımından daha yaxşı yararlana biləcəklər. Məlumdur ki, sözügedən təşkilatın öz hədəflərinə nail olması üçün üzv ölkələr yeni fəaliyyət planı hazırlamalı və təşkilatı ən aktiv fazaya keçirməlidir. Belə bir durumda Azərbaycanın da bu təşkilata üzv olması, təkcə ölkəmiz üçün deyil, elə təşkilatın özü üçün də müsbət dinamika yarada bilər. Çünki Azərbaycanın getdikcə artan nüfuzu hər bir təşkilata yalnız müsbətlər gətirə bilər.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.