Böyük Zəfərin başlanğıcı
4 Aprel 10:43 SiyasətAzərbaycan xalqı heç vaxt dədə-baba torpaqlarının Ermənistan tərəfindən işğal edilməsilə barışmadı. Döyüş meydanında tək qalmış Azərbaycan təkcə Ermənistan silahlı qüvvələri ilə deyil, həmçinin beynəlxalq güclərlə üz-üzə dayanmaq zorunda idi. Bir tərəfdən xristian təəssübkeşliyi, digər tərəfdən Azərbaycanın müstəqil siyasət yürütməsindən qıcıqlanan dünya birliyi açıq-aşkar işğalçı dövlətə maddi və mənəvə dəstəyini əsirgəmirdi. Buna baxmayaraq, Azərbaycan dövləti və xalqı bütün qüvvəsini səfərbər edərək torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədən dönmədi. Özündə güc, təpər toplayan xalq nəhayət 2016-cı il aprelin əvvəllərində erməni hərbi birləşmələrinin müqavimətini qıraraq parlaq Zəfərin əsasını qoymağa nail oldu. Belə ki, Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
Aprelin 4-ü Ermənistan ordusu itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi, təmas xəttinə yaxın yaşayış məntəqələrimizi intensiv atəşə tutdu. Amma döyüşçülərimizin şücaəti qarşısında düşmən məqsədinə nail ola bilmədi. Onların əlavə qüvvələr göndərməklə hücumu davam etdirmək planı da baş tutmadı. Hazırlıqlı bölmələrimiz tərəfindən düşmənin strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazasının qərargahına və erməni könüllülərini daşıyan avtobusa zərbə endirildi. Əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimiz tərəfindən önləyici zərbələrlə dağıdıldı. Düşmənin atəş nöqtələrinə və artilleriya qurğularına vurulan zərbələr, kəşfiyyat qruplarımız tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində şimal istiqamətində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış məntəqəsi ətrafında, cənubda isə Horadiz şəhəri və Araz çayı boyu Cəbrayıl rayonunun bəzi kəndlərinin düşmən təhlükəsindən qorunması məqsədilə Lələtəpə yüksəkliyi və onun ətrafındakı strateji cəhətdən mühüm ərazilər azad edildi. Bölmələrimiz tərəfindən azad edilən ərazilərdə yeni mövqelər quruldu və mühəndis-istehkam tədbirləri həyata keçirildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Məlumata görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Beləliklə, Ermənistanın növbəti təxribatı öz başında çatladı. Azərbaycan Ordusu Böyük Zəfərə gedən yolun əsasını qoydu. Ermənilərə, eləcədə bütün dünyaya çatdırıldı ki, gec-tez Azərbaycan işğal altında olan torpaqlarını geri alaraq ərazi bütövlüyünü təmin edəcək. Lakin Azərbaycan tərəfi bunun sülh yolu ilə, diplomatik danışıqlarla həllini istəyir. Çox təssüf ki, Ermənistan tərəfi Azərbaycanın çağırışlarına məhəl qoymadan bütün sərhəd boyu təxribatlar tərətməkdə davam edirdi. Məqsəd isə münaqişənin nizamlanması ilə bağlı danışıqların ömrünü uzatmaq idi. Aprel döyüşləri zamanı da ermənilər beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etdilər ki, döyüşlər tezliklə dayandırılsın. Etiraf edilməlidir ki, Ermənistana bu məsələdə münaqişənin sülh yolla tənzimlənməsi məqsədilə yaradılan ATƏT-in Minsk Qrupu dəstəyini əsirgəmirdi. Hər dəfə erməni təxribatı zamanı Minsk qrupu işğalçını öz adı ilə çağırmaq əvəzinə, formal görüş təşkil edərək bölgədə etimad tədbirlərinin möhkəmləndirilməsi, insidentlərin araşdırılması mexanizmlərinin yaradılması, ATƏT-in fəaliyyətinin genişləndirilməsi kimi məslələri gündəmə gətirirdi.
Lakin aprel döyüşləri zamanı ATƏT-in Minsk Qrupunun üzvləri Azərbaycana qarşı təzyiq vasitələrini işə sala bilmədilər. Çünki, Azərbaycan Ordusu düşmənə qarşı öz ərazilərimizdə əməliyyat aparmışdı, düşmənin təxribatının qarşısını almışdı. Elə bu səbəbdən də Minsk Qrupu daxil olmaqla digər beynəlxalq təkilatlar aprel döyüşləriylə bağlı Azərbaycana qarşı hər hansı sanksiya qəbul etmək niyyətindən vaz keçdilər. Azərbaycan isə qarşılıqlı qaydada hərbi əməliyyatları dayandırmağa razı oldu və bununla da münaqişənin sülh yolu ilə həllinə üstünlük verdiyini bir daha nümayiş etdirdi. Paralel olaraq aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.
Aprel döyüşlərindən sonra Azərbaycan açıq şəkildə dünya ictimaiyyəti qarşısında öz mövqeyini bəyan etdi: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bütün region üçün ciddi təhlükə mənbəyidir. Rəsmi Azərbaycan bəyan edir ki, işğal faktı, mövcud status-kvo ilə barışmaq və Ermənistanın təxribatlarına dözmək niyyətində deyil. Əksinə, düşmənə layiqli cavab vermək, torpaqlarını azad etmək iqtidarındadır". Sonrakı proseslər bir daha göstərdi ki, Azərbaycan heç vaxt mövcud status-kvo ilə barışmayacaq. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüş zamanı aprel döyüşlərinin əhəmiyyətini qeyd edib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.
Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərmişdir. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək.Təmas xətti dəyişdirildi. Bu gün Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü özündə saxlayır. Aprel döyüşləri, - mən bunu əvvəllər də qeyd etmişdim, - hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün həmişə olduğu kimi birinci yerdə duran prioritet məsələdir".
Bəli, tarix sübut etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim üçün birinci yerdə duran prioritet məsələdir. Azərbaycan 30 ilə yaxın müddətdə ərazisinin 20%-ini işğal edən Ermənistanla danışıqlar apararaq Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizamlamağa çalışdı. Danışıqlar heç bir nəticə vermədi, əksinə, aydın şəkildə müşahidə edildi ki, Ermənistan tərəfi, sadəcə olaraq, vaxt udmaq istəyir, status-kvonu möhkəmləndirməyə, əbədi etməyə çalışır. Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Bu yolu uğurlu nəticəyə aparan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün bərpası üçün ilk növbədə, iqtisadi gücün vacibliyini bəyan etdi. Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan güc toplamağa başladı, iqtisadi müstəqillik təmin edildi, Azərbaycan iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan asılı olmayan müasir dövlətə çevrildi, dünya üçün çox nadir inkişaf modelini yaratdı. Ölkənin iqtisadi cəhətdən yüksəlişi ordu quruculuğunda da dönüşə səbəb oldu, Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə gücləndirildi, hərbçilərin bilik və bacarıqları artırıldı, onların sosial müdafiəsinin, iş şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Azərbaycanın müdafiə sənayesi inkişaf etdirildi, ordunun daxili tələbatının böyük hissəsi daxili istehsal hesabına təmin olundu. Ən nəhayət, Azərbaycan xalqı 30 illik dövr ərzində işğalla barışmadı və ərazi bütövlüyünü bərpa etmək üçün sarsılmaz əzm göstərdi. Prezident İlham Əliyevin rəhbərliyi dövründə yetişən, formalaşan vətənpərvər gənclər Vətəni qorumaq üçün hər cür fədakarlığa hazır olduqlarını dönə-dönə sübut etdilər.
Ötən dövr ərzində çoxşaxəli, prinsipial, dürüst xarici siyasətin yürüdülməsi, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə fəal işin aparılması, sıx əlaqələrin qurulması, həyata keçirilən regional enerji və kommunikasiya layihələri Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini xeyli gücləndirdi, ölkənin nüfuzunu artırdı, bölgədə Azərbaycanın iradəsi həlledici amilə çevrildi.
Bütün bu amillər Azərbaycanın mütləq Qələbəsini tam şərtləndirdi və cəmi 44 gün ərzində işğal altında olan torpaqlar azad edilərək ölkəmizin ərazü bütövlüyü və suverenliyi təmin olundu.
Alim Hüseynli