Etibarlılıq qarşılıqlı xarakter daşımalıdır- ÖZƏL

"Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində keçirilən nazirlər toplantısındakı çıxışında Azərbaycan Prezidenti cənab İlham Əliyev çox doğru olaraq vurğuladı ki, ölkəmiz Avropanın təkcə enerji  deyil, sənaye təhlükəsizliyinin təminində də mühüm rol oynayır. Eyni zamanda Dövlət Neft Şirkəti hasil etdiyi enerji daşıyıcılarının Avropa bazarına nəqli ilə yanaşı istehlakçılara birbaşa çatdırlmasında da yer almağa başlayır. Yəni  Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasına investisiya qoyuruq ki,  Albaniyada hətta o, sıfırdan qurulacaq. Çünki orada heç vaxt qaz şəbəkəsi olmayıb. Avropadakılar aydın görürlər ki, təkcə hasilatçı yox, nəqlçi və istehlakçıyla birbaşa əlaqə quran tərəf olaraq da Azərbaycan özünün etibarlılığıyla fərqlənir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Amma dövlət başçımızın da qeyd etdiyi kimi etibarlılıq qarşılıqlı xarakter daşımalıdır ki, Avropa Birliyinin timsalında hələlik biz bunu görmürük. Burada mən heç də Avropa Parlamentindəki səlibçi yığnağının rüşvətxor təmsilçilərinin Azərbaycanla enerji əməkdaşlığını boykot çağırışlarını nəzərdə tutmuram. Bunlar  kimlərinsə, ilk növbədə də Avropada hazırda Rusiyadan ən çox qaz alan ölkənin-Fransanın diqtəsi ilə qaldırılan  boş səs-küylərdir.
 Pan-Avropa qaz təchizatçısı olaraq Azərbaycanın istədiyi budur ki,  əgər bizdən daha çox mavi yanacaq umurlarsa, onda beynəlxalq maliyyə təsisatları faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarlarına cənab Prezidentin təbirincə desək, "böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq" yenidən baxmalıdırlar. Eyni zamanda, Azərbaycanla uzunmüddətli müqavilələr imzalamalıdırlar. Yəni biz bilməliyik ki, Avropa bazarında təbii qazımıza uzun illər ehtiyac duyulacaq. Bu günə qədər  Cənub Qaz Dəhlizinə qoyulan sərmayənin hələ də tam qayıtmadığını da xatırlatsaq, dövlətimiz qərbdəkilərin arzuladıqları kimi həmən dəhlizin daha da genişləndirilməsinin maliyyə yükünü təkbaşına çəkən deyil. Artıq bir neçə dəfə Avropadakı tərəfdaşlarının diqqətinə çatdırılan bu reallıq  sözü gedən toplantıda bir daha dilə gətirildi. 
 Avrpodakı tərəfdaşlarımızdan daha bir istəyimiz isə reallaşdırılması yönündə mühüm addımlar atılan yaşıl enerji layihəsini  ümumi maraq doğuran layihələr siyahısına salmaları və onun maliyyələşməsinə də bu prizmadan yanaşılmasıdır. Bəlkə də, öncədən hazırlandığından Avropa Birliyinin energetika və mənzil tikintisi komissarı Dan Yorgensenin çıxışında yaşıl enerji dəhlizindən bizim üçün yenilik olmayan bir tezisi-"bütöv regionun faydalanmasını təmini üçün inklüziv yanaşmanı dəstəklədiklərini" eşitsək də, Azərbaycanın bu haqlı gözləntilərinə əməl edilib-edilməyəcəyi haqqında  konkret nəsə deyildiyini görmədik. Amma istənilən halda cənab Yorqensenin Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları  çərçivəsində keçirilən toplantıya qatılmasının özü müsbət addımdır və təmsil etdiyi qurumun Azərbaycanın onların enerji təhlükəsizliklərinin təminində oynadığı rolu dəqiq dərk etmələrinin göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31