Səmərqənd sammiti: Mərkəzi Asiyanın qlobal güclər arasındakı yeni strateji rolu – ÖZƏL

4 aprel tarixində Səmərqənddə keçirilən ilk "Mərkəzi Asiya - Avropa İttifaqı" sammiti, bu regionun yalnız regional deyil, qlobal geostrateji əhəmiyyətini də vurğuladı.

Səmərqənd sammitinin keçirildiyi yer təsadüfi deyil; şəhər, mədəniyyətlərarası dialoqun mərkəzi kimi tarixi önəmə sahibdir. Sammitin yüksək diplomatik nümayəndələri arasında Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen və Avropa Şurasının rəhbəri Antonio Koşta da var idi. Bu, Avropa İttifaqının Mərkəzi Asiya ilə uzunmüddətli əməkdaşlıq qurmağa ciddi yanaşdığını göstərir.

"Son zamanlarda qlobal sistemdə baş verən dəyişikliklər yeni dünya nizamının formalaşdırılması fonunda artıq dünyanın mərkəzinin faktiki olaraq Qərbdən Şərqə doğru dəyişdiyini aydın şəkildə müşahidə etmək mümkündür"

Bu fikirləri politoloq Aytən Qurbanova Səmərqənd sammiti ilə bağlı Olaylar.az-a açıqlamasında bildirib:

"Mərkəzi Asiya dövlətləri də Türk dünyasının kifayət qədər önəmli bir parçası olaraq, son zamanlarda həm Avropayla, həm də ümumilikdə qlobal sistemin önəmli aktorları ilə əlaqələrini gedişləndirməyə, eyni zamanda ikitərəfli və çoxtərəfli strateji tərəfdaşlığını möhkəmləndirməyə davam edir. Son keçirilən Səmərqənd sammiti bir daha göstərir ki, dünyanın mədəniyyət mərkəzi, tarixi dövlətçilik ənənələrinə sahib olan bu dövlətlərlə əlaqələrin formalaşdırılması, onların təbii sərvətləri, yerləşdiyi geostrateji önəmi artıq Qərb dövlətləri üçün də kifayət qədər önəmli, cəlbedici amilə çevrilib. Təbii ki, önəmli yollar üzərində yerləşmə, Çinlə sərhəd və xüsusilə son zamanlarda əlaqələrin inkişaf etdirilməsi, həmin bölgədə Çinin maraqları kontekstində dəyərləndirsək, yeni dünya nizamının formalaşmasında Mərkəzi Asiya dövlətləri ilə Avropa arasında əlaqələrinin inkişaf etdirilməsi kifayət qədər önəmli prioritet istiqaməti olaraq nəzərdən keçirilə bilər".

Politoloq qeyd edib ki, Orta Asiya ilə əlaqələrin gücləndirilməsi, artan geosiyasi əhəmiyyətinə görə Çin, ABŞ, Rusiya və Avropa üçün strateji prioritetə çevrilmişdir.

"Təbii ki, dünya nizamının, qlobal sistemin digər önəmli aktorları - Rusiya və ABŞ bu proseslərdən kənara qala bilməz. Çünki Çinin istər "Bir kəmər, bir yol" layihəsi, istərsə də Cənub və Şimal dəhlizləri və Orta dəhliz üzərində yerləşməsi Orta Asiya, Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişaf etdirilməsi, kommunikasiyaların gücləndirilməsi, ticarət dövriyyəsi, iqtisadi əlaqələrinin möhkəmləndirilməsi baxımından önəmli xarakter daşıyır. Tarixi-mədəni əlaqələrin, multikultural dəyərlərin formalaşdırılması və bu dövlətlərlə, xalqlarla əlaqələrinin möhkəmləndirilməsi də düşünürəm ki, sivilizasiyalar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından həm Avropa üçün, həm Mərkəz Asiya dövlətləri üçün mühüm istiqamətlərdən birini formalaşdırır. Amma heç şübhəsiz ki, ən önəmli məqam Türk Dövlətləri Təşkilatının yüksələn güc olaraq qlobal sistemdə önəminin artması ilə bağlıdır ki, məsələni bu kontekstdə dəyərləndirəndə Orta Asiya dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi və möhkəmləndirilməsi həm Avropa, həm ABŞ, həm Rusiya və Çin kimi qlobal aktorlar üçün mühüm xarakter daşıyır. Onların xarici siyasət kurslarında ən əsas prioritet istiqamətlərindən biri olaraq da nəzərdən keçirilir ki, sammit çərçivəsində keçirilən görüşlər, verilən mesajlar, sammittə iştirak edən dövlət və hökümət başçılarının, eyni zamanda qlobal institutların rəhbərlərinin nüfuzu buna bir daha bariz nümunədir".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31