Ermənistan unudur ki, Azərbaycanın alternativ yolları mövcuddur- Tural İsmayılov- ÖZƏL

Pezeşkianın səfəri ərəfəsində Şahin Mustafayev və Fərzanə Sadeq Zəngilanda Ağbənd-Kəlalə körpüsünə baxış keçirib. Bu, Bakı-Tehran əməkdaşlığının Zəngəzura alternativ kimi gücləndiyini göstərir.

Politoloq Tural İsmayılov  mövzu ilə bağlı  Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki,  Ermənistan Azərbaycanın alternativ yolları olduğunu unudur:

"Bakı və Tehran arasındakı münasibətlər son zamanlar işgüzar əlaqələrin və qarşılıqlı səfərlərin artması ilə müşahidə olunur. Bu hadisələr, xüsusilə Zəngəzur dəhlizinə Ermənistanın əngəl törətməsi fonunda, uzun müddətdir davam edən və müzakirə edilən layihələr çərçivəsində həyata keçirilir. Təbii ki, Zəngəzur dəhlizinin reallaşmasına əngəl olan Ermənistan bir məqamı unudur: Azərbaycanın bir çox məsələdə alternativləri mövcuddur. Bu alternativlərdən biri də Azərbaycanla İran arasında Naxçıvana avtomobil yolları, dəmir yolları və digər nəqliyyat vasitələrinin açılışını həyata keçirməkdir. Məhz bu istiqamətdə də Baş nazirin müavini Şahin Mustafayevin və İranın naziri ilə birlikdə Ağbənd-Kəlalə avtomobil körpüsünə baxış keçirməsi vacib və əhəmiyyətlidir. Bir daha qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizinin açılması məsələsinin Ermənistan tərəfindən bloklanması, əslində, Ermənistanın özü üçün ciddi itkilərlə nəticələnə bilər. Çünki bu dəhlizin açılması birbaşa Ermənistanın özünə "nəfəslik" rolu oynaya bilər. Amma Ermənistan, ağılsızcasına bu prosesi sabotaj etməyə və vəziyyəti gərginləşdirməyə çalışır. Hər bir halda, Azərbaycanın alternativ imkanları var və hazırda aparılan müzakirələr də məhz bu imkanların davamı olaraq qiymətləndirilməlidir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31