İran və ABŞ arasında gərginlik pik həddə: Böyük müharibə riski qalırmı? – ÖZƏL
17:20 Siyasət"İranın hazırkı açıqlamalarından da görürük ki, tərəflər arasında müəyyən təmaslar mövcuddur. Amerika Birləşmiş Ştatları isə bütün məsələlərin yalnız öz maraqlarından çıxış edərək həll olunmasını istəyir. Daha doğrusu, Vaşinqton İranın tamamilə Amerikanın şərtlərini qəbul etməsinə çalışır və məhz bu şərtlər əsasında İranla razılıq əldə etmək, barışıq və ya hər hansı bir müqavilə bağlamaq istəyir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Avropa İttifaqı müharibə məsələsində bütün sahələr üzrə ABŞ-nin yanında olmasa da, Vaşinqtonun siyasətini dəstəkləməsi təəccüb doğurmamalıdır. Təbii ki, Avropa İttifaqı bir çox məsələdə ABŞ-nin mövqeyini dəstəkləyir. Mən hesab etmirəm ki, hələlik ABŞ İranla hər hansı bir güzəştə gedəcək. Çünki bu, nə Trampın xarakterinə, nə də onun yürütdüyü siyasətə uyğundur. Belə bir addım Trampın indiyədək atdığı addımlara zidd olardı. Ona görə də düşünmürəm ki, o, bu mərhələdə İrana hər hansı bir güzəştə getsin. Tramp dəfələrlə bəyan edib ki, ABŞ istədiyinə nail olub, İranın nüvə silahına sahib olması mümkün deyil və İran bir daha nüvə silahına malik olmayacaq. Bu və digər açıqlamalar onun mövqeyini açıq şəkildə ortaya qoyur. Əgər ABŞ bu məsələdə geri çəkilərsə, bu, Yaxın Şərq ölkələrinin Vaşinqtondan asılılığının azalmasına, əksinə, İranın Körfəz ölkələri üzərində mövqelərinin güclənməsinə gətirib çıxara bilər. Hesab etmirəm ki, ABŞ belə bir ehtimala yol versin. Çünki bu, Yaxın Şərqdə Amerikanın mövqelərini itirməsi, İranın isə öz nüfuzunu gücləndirməsi demək olardı. Tehranla vasitəçilər üzərindən təmasların davam etməsinə gəlincə, səhv etmirəmsə, bu gün Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Pakistanın nümayəndələri İranla danışıqlar aparmaq üçün Tehrana səfər edəcəklər. Söhbət Səudiyyə Ərəbistanının müdafiə nazirindən, Pakistanın Baş Qərargah rəisindən və Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalından gedir. Onların Amerika tərəfinin danışıqlardakı vasitəçiləri ilə birlikdə bu gün Tehranda müzakirələr aparacağı bildirilir. İran da bu məsələdə geri çəkilə bilməz. Əgər İran geri çəkilərsə, dediyim kimi, bütün nüfuzunu itirə bilər. Eyni zamanda, bu, mövcud hakimiyyətin zəifləməsi, müəyyən müddətdən sonra isə ümumiyyətlə hakimiyyətdən getməsi ilə nəticələnə bilər. Buna görə də hesab edirəm ki, bu proses hələ bir müddət davam edəcək.
"Nəzərə almaq lazımdır ki, İsrailin də bu müqavilənin bağlanmasında marağı yoxdur. Hətta xarici mətbuatda yayılan son məlumatlara görə, İsrailin Baş naziri Benyamin Netanyahu seçkilərlə əlaqədar İrana hücum planı hazırlayıb. Lakin Tramp buna razılıq vermədiyi üçün hücum baş tutmayıb. Bununla belə, yenə də xarici Amerika mətbuatının yazdığına görə, Trampın yaxın 96 saat ərzində İrana zərbələr endirmək ehtimalı var. Bu istiqamətdə kifayət qədər ciddi məlumatlar yayılır. Tramp özü də müəyyən müddətdən sonra İrana zərbələr endirilə biləcəyini bildirir. Belə bir şəraitdə hər hansı bir razılaşmanın əldə olunması ehtimalı, məncə, azdır. Hazırda hər iki tərəf vaxt qazanmağa, qüvvələrini və imkanlarını toplamağa çalışır. Lakin mövcud qeyri-sabitlik və qeyri-müəyyənlik vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Sözsüz ki, bu proseslər həm Yaxın Şərqdəki gərginliyi, həm də dünyadakı ümumi qarşıdurmanı artırmaqla yanaşı, qlobal böhranları daha da dərinləşdirə bilər", - deyə ekspert qeyd edib.
Səidə Ramazanova