İran və ABŞ arasında danışıqların səmimiyyəti Omandakı görüşdə yoxlanılacaq – ÖZƏL

İranın xarici işlər nazirinin müavini Abbas Araqçi bildirib ki, yaxın günlərdə Omanda ABŞ ilə keçiriləcək danışıqlar Vaşinqtonun Tehrana qarşı səmimi və vicdanlı dialoq aparmaq niyyətlərinin ciddiliyini müəyyən edəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə Araqçi Əlcəzairə səfəri zamanı bəyan edib.

"Biz böyük bir etimadsızlıq divarı qarşısındayıq və ABŞ-nin niyyətlərinin səmimiliyi ilə bağlı ciddi şübhələrimiz var. Bu şübhələr Vaşinqtonun diplomatik proseslərə qoşulmazdan əvvəl "maksimum təzyiq" siyasətinə qayıtmaq istəyi ilə daha da güclənib," - deyə İran rəsmisinin sözlərini ölkənin Xarici İşlər Nazirliyi Telegram kanalında yayımlayıb.

Araqçi qeyd edib ki, danışıqlarda yalnız İranın nüvə proqramı müzakirə olunacaq. "Xüsusilə proqramın dinc məqsədlər daşıdığını təsdiqləyən zəmanətlər və bu zəmanətlər qarşılığında əsassız sanksiyaların ləğvi müzakirə olunacaq. Biz əvvəllər də təhdidlərə boyun əyməmişik, indi və gələcəkdə də əyməyəcəyik. Sülh istəyirik, amma təslim olmayacağıq," - deyə o əlavə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp martın 7-də İranın ali lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək nüvə proqramı üzrə danışıqlar təklif etmişdi. Martın sonunda Tehran Oman vasitəçiləri ilə bu məktuba cavab verib.

Aprelin 7-də məlum olub ki, məktublaşmadan sonra tərəflər aprelin 12-də Omanda danışıqların ilk mərhələsini keçirmək barədə razılığa gəliblər. Əsas danışıqları İranın xarici işlər nazirinin müavini Abbas Araqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkof aparacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31