Türk Mədəniyyəti və İrsi Fondu Yunus Əmrənin həyat və yaradıcılığına həsr olunmuş yeni nəşrini təqdim edib
10:16 Mədəniyyət12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən 2 dildə (türk və ingilis) nəşr olunan "Yunus Əmrənin həyatı və şeirlərindən seçmələr" kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova, nəşrin ingilis dilinə tərcüməçisi Demet Samancı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətova, Yunus Əmrə İnstitutunun koordinatorunun nümayəndəsi Gamze Aydın, eləcə də ədəbiyyatşünaslar və kitabsevərlər iştirak ediblər.
Təqdimat mərasimində çıxış edən Fondun prezidenti, professor Aktotı Raimkulova Türk dünyasının zəngin ədəbi-mədəni irsinin beynəlxalq miqyasda tanıdılması istiqamətində həyata keçirilən nəşr layihələrinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Fond tərəfindən bir sıra görkəmli türk mütəfəkkirlərinin həyat və yaradıcılığına həsr olunmuş əsərlər 12-dən artıq türk və xarici dilə tərcümə edilərək nəşr olunub. Bu nəşrlər ortaq mədəni irsin daha geniş oxucu auditoriyasına çatdırılmasına, müxtəlif xalqlar arasında ədəbi-mədəni əlaqələrin möhkəmləndirilməsinə xidmət edir.
Professor Aktotı Raimkulova yeni nəşrin elmi və mədəni əhəmiyyətinə toxunaraq qeyd edib ki, kitab fundamental akademik xarakter daşıyır. Nəşrdə Yunus Əmrənin "Gül dəstəsi" toplusundan seçilmiş 61 şeir ilk dəfə türk və ingilis dillərində şərhlərlə təqdim olunur. Fondun prezidenti bu nəşrin beynəlxalq oxucuların böyük türk şairinin dərin fəlsəfəsini, humanist düşüncələrini və mənəvi dünyasını daha yaxından tanımasına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Tədbirdə kitabın tərcüməçisi Demet Samancı da çıxış edərək nəşrin hazırlanması prosesi, Yunus Əmrənin poetik irsinin öyrənilməsi və onun əsərlərinin beynəlxalq oxucu auditoriyasına çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Təqdimat çərçivəsində Sufi-ozan Fəxrəddin Salim tərəfindən Yunus Əmrənin şeirlərini təzahür edən türkülər ifa olunub.