Azərbaycanın müharibə cinayətkarlarına qarşı ədalət mübarizəsi – ÖZƏL
16:07 SiyasətMüharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan bir qrup erməni Azərbaycanda ədalət məhkəməsi qarşısına çıxarılıb. Ermənistanın təcavüzkar müharibəsi nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib, yüz minlərlə insan etnik təmizləməyə məruz qalıb, minlərlə şəxs işgəncələrə məruz qalıb və itkin düşüb.
Bu cinayətlərə görə məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi haqq-ədalətin bərqərar olması və davamlı sülhün təmin edilməsi baxımından mühüm addımdır. Ermənistan və bəzi beynəlxalq dairələrin bu prosesə mane olmaq cəhdləri isə cəzasızlığın təşviqidir.
Müharibə cinayətlərinə görə məhkəmə prosesinin başlanması regional güc balansına və beynəlxalq hüquq sisteminə hansı mesajları verir?
Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa Olaylar.az-a danışıb. Siyasi şərhçi bildirib ki, beynəlxalq hüquqda ikili standartlar mövcuddur və Qərb, öz maraqlarına uyğun olaraq, ədaləti seçici şəkildə tətbiq edir:
"Beynəlxalq hüquqa görə müharibə cinayətlərində təqsirləndirilən şəxslər beynəlxalq hüquqi məsuliyyət daşıyırlar. Bu gün Azərbaycanda da Qarabağ faciəsində xüsusi iştirakı olan, Qarabağda separatçılıqla məşğul olan, qanunsuz hərbi birləşmələr yaradan və yaxud səlahiyyətindən istifadə edərək oradakı azərbaycanlıların kütləvi şəkildə qətliama uğramasında bilavasitə iştirak edən şəxslərə qarşı bu gün Azərbaycanda təşkil olunan məhkəmələr əslində beynəlxalq praktikada indiyə qədər tətbiq olunan nümunələrdən fərqlənmir. İkinci Dünya savaşından sonra faşist Almaniyasının bir çox vəzifəli şəxslərinə qarşı Nürnberq məhkəməsi təşkil olundu. Yəni tribunallar var və bu tribunallarda müharibə cinayəti törədən insanları mühakimə ediblər və cəzalandırıblar. Yəni bunun həm qanunvericiliklə əsasları var, həm də nümunələr var. Bu gün Azərbaycanda baş verənlər ilk deyil, yeni deyil. Amma Azərbaycanda baş verənlərə Ermənistanın və dünyanın münasibəti fərqlidir. Bu nədən qaynaqlanır? Biz bilirik ki, Beynəlxalq hüquq uzun illər yalnız Qərb dövlətlərinin, xristian mədəniyyətinin istifadə etdiyi hüquq sistemi hesab olunurdu. Amma indi məsələ burdadır ki, Şərq, müsəlman ölkələrinə aid olanda sanki ikili standartlar meydana çıxır. Yəni əgər bu cinayətlər Avropada, xristian sivilizasiyasına qarşı törədilsəydi, yəqin ki, dünya bunun çox ciddi cəhdlə üzərinə gedəcəkdi və hesab edəcəkdilər ki, bəli, bu cinayətləri törədənlər cəzalandırılmalıdır. Amma burada cinayət azərbaycanlılara, müsəlmanlara qarşı törədilib və biz dərhal görürük ki, bir çox Qərb ölkələri, beynəlxalq təşkilatlar sanki bu məsələdə baş verənləri görməzlikdən gəlirlər. Dərhal onlarda xristian təəssübkeşliyi başlayır və erməni faşizmini tənbeh, ittiham etmək əvəzinə, əksinə, müdafiə edirlər. Belə çıxır ki, azərbaycanlıların öldürülməsi, müsəlmanların qırılması normal bir şeydir. Buna görə hansısa bir hüquqi məsuliyyət olmalı deyil, kimsə buna görə mühakimə olunmamalıdır, ittiham olunmamalıdır. Çalışırlar ki, müxtəlif bəhanələrlə mənəvi, əxlaqi dəyərlərə zidd olaraq hansısa davranışlarla, təzyiqlərlə bu cinayətkarları müdafiə etsinlər. Bu Beynəlxalq Hüquqda ikili standartdır, sivilizasiyaların məsələyə ədalətli yanaşmamasıdır. Onlar özlərinə qarşı belə hərəkətlər olanda çox sərt tənbeh etməni önə verirlər. Amma bu Şərq xalqlarına, Asiya xalqlarına, Afrikada yaşayan insanlara qarşı belə cinayətlər törədiləndə, sanki bunu görməzlikdən gəlirlər. Əlbəttə, bu son dərəcə üzücüdür. Sanki bu xalqları insan hesab eləmirlər. Belə bir təəssürat yaranır. Əslində bütün bu baş verənləri görməzlikdən gəlmək, bütün bu vəhşiliklərə göz yummaq özü elə insan olmamağın bir göstəricisidir nümunəsidir".
Əli Mustafa əlavə edib ki, Azərbaycanın cinayətkarları mühakimə etməsi regiondakı güc balansını dəyişdirir, beynəlxalq hüquqdakı boşluqları ifşa edir və ədalətli sülhün şərtlərini formalaşdırır.
"Siyasi baxımdan, yəni regiondakı güc balansına təsiri baxımından bu gün Azərbaycan məhkəmələrində bu cinayətkarların mühakimə olunması məhz güc balansını da dəyişir. Yəni indiyə qədər regiona Rusiya-Ermənistan ağırlıqlı bir təsir var idi. Artıq Azərbaycan öz ərazisində baş verən bu cinayətləri və onu törədən cinayətkarları mühakimə etməklə sanki bir oyunçu, beynəlxalq münasibətlər sisteminin bir aktoru kimi meydana çıxır və iradə diktə edir. Qıraqdan gələn o çatlaq səslərə reaksiya verməməyin özü də doğru bir yanaşmadır. Yəni kimin nə düşünməsindən asılı olmayaraq cinayətkarı cəzalandırmaq lazımdır. Biz özümüzə dəyər vermiriksə, əgər dünya bunu etmirsə, beynəlxalq təşkilatlar, beynəlxalq hüquq bu məsələdə ayrı-seçkilik edirsə biz o halda onların bütün yaramazlıqlarını və ədalətsizliklərini əhəmiyyətsizləşdirməli və doğru bildiyimiz addımlar atmalıyıq. Bu cinayətkarların cəzalandırılmasını təmin etməliyik. Bu cinayətkarların arxasında yalnız Ermənistanın deyil, Rusiyanın və Qərb ölkələrinin də durduğu aydın məsələdir. Yəni bu proses dərinləşdikcə, onlar da burada ifşa olunurlar. Onların da buradakı cinayətkar mövqeyi və siyasi maraqları ifşa olunur. Amma eyni zamanda burada bir məsələ ortaya çıxır ki, təəssüf ki, beynəlxalq hüquq hələ də zəifdir. Hələ bir çox xalqlara qarşı işlək olduğu halda bir sıra xalqlara qarşı münasibətdə isə işlək olmur. Bu prosesin baş verməsi regiondakı siyasi güclərə də bir cavabdır. Azərbaycan məhkəmələrində bu şəxslərin mühakimə olunması yeni konfiqurasiya yaradır. Eyni zamanda həm də beynəlxalq hüquqa mesajlar verilir ki, əslində indiyə qədər bu şəxslər cəzalandırılmalı, beynəlxalq hüquq bu cinayətlərin qarşısını almalı, burada indiyə qədər mövcud olan ATƏT-in və digər qurumların səmərəli fəaliyyəti olmalı idi. Amma bunların heç biri olmayıb. Deməli, bu boşluqlar var. Yəni Azərbaycan növbəti boşluqları doldurur. Baş verən bu hadisələrin sülh prosesinə təsirinə gəldikdə isə, biz nəhayət, bütün qarşı tərəfi və onu müdafiə edən bütün gücləri başa salırıq və anladırıq ki, bizlə bərabər tərəf kimi danışmaq, bizə hörmət etmək lazımdır. Bizi də bir sivilizasiyanın, müasir dünyanın əhəmiyyətli bir aktoru kimi görmək lazımdır. Əgər bunu etmirlərsə, biz onda özümüz öz gücümüz və iradəmizlə bunu edirik. Təbii ki, sülh prosesində artıq Ermənistan tərəfi anlayır ki, fitnə-fəsadlarla, diktələrlə, hansısa kənar güclərin himayəsi ilə və ya arxasında gizlənməklə Azərbaycana istədiklərini diktə edə bilməzlər. Artıq Azərbaycan özünün siyasi iradəsini ortaya qoyur və bu sülh müqaviləsinə də bir formada yansıyır. Bağlanacaq sülh müqaviləsi ədalətli olmalıdır və Azərbaycanın haqlı tələbləri, maraqları nəzərə alınmalıdır. Eyni zamanda, Ermənistan anlayır ki, artıq onun himayədarlarının belə bölgədə, regionda təsiri hər gün bir qədər azalır, artıq o nəyisə diktə edə bilməz. Əksinə, Azərbaycanın gücü artır və Azərbaycanın haqlı diktəsi reallaşmalıdır, yerinə yetirilməlidir. Ermənistan bu gerçəkliyi anladıqca biz onların geri çəkildiyini görürük və ümid edirəm ki, nəticədə ədalətli bir sülh müqaviləsinin bağlanması mümkün olacaqdır. Məhz bu proseslərin də həmin nəticəyə təsiri kifayət qədər böyükdür".
Səidə Ramazanova