Türkiyə Avropanın təhlükəsizliyində həlledici mövqeyə malik dövlət səviyyəsinə qalxır- İlyas Hüseynov- ÖZƏL

Türkiyənin Avropa üçün böyük rola malik olduğuna dair fikirlər  gündəmi zəbt edib.  Hətta rəsmi Ankaranı Avropanın nicatı kimi də dəyərləndirənlər var. ABŞ-Rusiya münasibətlərinin yaxşılaşması ilə Türkiyənin Avropa üçün əhəmiyyətinin daha da artması müşahidə olunur.

Bu proses fonunda Türkiyə rəsmilərinin verdiyi açıqlamalar xüsusi diqqət çəkir.

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, Türkiyə Avropanın təhlükəsizliyində həlledici mövqeyə malik dövlət səviyyəsinə qalxır:
"Rusiya-Ukrayna müharibəsinin başa çatması istiqamətində addımlar, eyni zamanda Kreml və Vaşinqton arasında təmaslar nəticəsində Avropa öz təhlükəsizliyi haqqında düşünməyə başlayıb. Həm müdafiə və təhlükəsizlik xərclərinin artırılması, həm də ümumi daxili məhsulun hərbi istiqamətdə xərclənməsi ilə bağlı çıxışlar artmaqdadır. Belə halda Türkiyə geosiyasi faktor kimi fəallaşır və Avropanın təhlükəsizliyində həlledici mövqeyə malik dövlət səviyyəsinə qalxır. Bu Azərbaycanın da mövqelərini möhkəmləndirən amildir. Türkiyə geganə nicat yolu kimi, Avropanın təhlükəsizliyinə cavabdeh bir dövlət kimi özünü göstərəcəksə, bu Bakının və Ankaranın uğuru hesab oluna bilər. Çünki ABŞ-dan sonra NATO daxilində ən böyük ikinci orduya malik dövlət Türkiyədir. Hazırda onilliklər ərzində müharibə görməyən Avropanın müdafiə qabiliyyətinin artırılmasında Türkiyənin fəal rolu ola bilər. Lakin  Avropa ilə Türkiyə arasında fəal hərbi, siyasi, təhlükəsizlik sahəsində əməkdaşlıq Türkiyənin Avropa İttifaqına üzvlüyünə çıxarmayacaqdır. Çünki Avropa burda öz maraqlarını güdür. Amma daha sıx hərbi əməkdaşlıq müşahidə oluna bilər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31