Trampın Cənubi Qafqazda mövqeyi hələ qeyri-müəyyəndir– ÖZƏL

"Tramp ikinci dəfə hakimiyyətə gəldikdən sonra dünyanın müxtəlif bölgələri ilə bağlı müvafiq çağırışlar etsə, bəyanatlar versə də hələ ki, Cənubi Qafqaz region ilə bağlı hər hansı mövqe ortaya qoymayıb.
Nə, vaxtilə dondurulmuş və Bayden dövründə bərpa edilən 907-ci düzəlişlə bağlı, nə də ABŞ və Ermənistan arasında imzalanmış strateji müttəfiqlik adlı sənədlə bağlı hər hansı bir fikir bildirməyib". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Ermənistana gəlməsi planlaşdırılan ABŞ sərhəd xidməti bölüyü ilə bağlı da hər hansı bir yenilik yoxdur. Keçmiş ABŞ hakimiyyəti Ermənistanla imzalanmış sazişə görə fəaliyyətin bir-iki həftəyə başlayacağını desə də Tramp adminstrasiyası hələ ki, bu istiqamətdə adımlar atmağa tələsmir.
Odur ki, Trampın bundan sonra Bakı ilə və ya İrəvanla münasibətləri hansı şəkildə inkişf etdirəcəyi daha çox ABŞ-nin ümumi maraqları kontekstində inkişaf etdiriləcək. 
Trampın xarici siyasətində əsas xəttin İran və Çin olacağını nəzərə alsaq, Cənubi Qafqaz, xüsusilə də Azərbaycan və Ermənistan ABŞ üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Ermənistanın İranla sərhəddə yerləşməsi, Mərkəzi Asiya regionunun Çinin təsir dairəsindən uzaqlaşması üçün Cənubi Qafqaz üzərindən Avropaya çıxış imkanı əldə etməsi perspektivi bölgəmizi ABŞ üçün olduqca əhəmiyyətli edir. Odur ki, Ukraynada olduğu kimi Cənubi Qafqazda da maraqlarını Rusiyaya güzəştə gedəcəyi inandırıcı görünmür. 
Bunları nəzərə alaraq demək olar ki, Tramp zamanla ABŞ və Ermənistan arasında imzalanmış sazişdən irəli gələn vəzifələr istiqamətində müvafiq addımlar ata bilər. Amma bu, heç bir halda keçmiş Ağ ev adminstrasiyasının dövründə olduğu kimi özündə Azərbaycana qarşı siyasəti ehtiva etməyəcək. Xüsusən də, Azərbaycan-İsrail və İsrail-ABŞ münasibətləri fonunda Azərbaycan qarşı hansısa təzyiq siyasətinin aparılacağı ilə bağlı ehtimallar olduqca aşağıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31