Məktəbyaşlı uşaqların istehlakçı hüquqları barədə maarifləndirilməsi məqsədilə açıq dərslər keçirilib

Orta ümumtəhsil məktəblərinin 5 və 6-cı siniflərində təhsil alan kiçik istehlakçılara öz hüquqları əyani misallarla izah olunub və bu hüquqları necə qorumalı olduqlarına dair tövsiyələr verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndələri 15 Mart - Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü ərəfəsində kiçik istehlakçılarla görüşüb. Agentlik tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə orta ümumtəhsil məktəblərinin şagirdləri üçün istehlakçı hüquqları mövzusunda açıq dərslər təşkil olunub. Məktəbyaşlı uşaqlara istehlakçı hüquqları ilə bağlı ilkin biliklərin aşılanması məqsədilə dərslər ilk növbədə Bakı şəhərində yerləşən 7 nömrəli tam orta ümumtəhsil məktəbinin 5 və 6-cı siniflərində təhsil alan şagirdlər üçün keçirilib.

Açıq dərs zamanı Agentliyin əməkdaşları tərəfindən təqdimatlar edilib, kiçik istehlakçıların öz hüquqlarını daha yaxşı anlaması üçün praktiki misallar üzərindən izahlar verilib. Malın dəyişdirilməsi və qaytarılması zamanı əməl edilməli olan qaydalar və dəyişdirilməli olmayan mallar barədə məlumat şagirdlərin diqqətinə çatdırılıb, onlara mağazada mal alarkən və ya hər hansı xidmətdən istifadə edərkən məlumat almaq, sərbəst seçim etmək hüquqlarından istifadə etmələrinə dair tövsiyələr verilib.

Qeyd edək ki, silsilə şəklində açıq dərslər Bakı şəhərində yerləşən 1, 18, 44 və 46 nömrəli tam orta ümumtəhsil məktəblərini və 160 nömrəli Klassik Gimnaziyanı da əhatə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31