Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin Orxan Zeynalovdan danışdı

"Qətldə təqsirləndirilən şəxsin milliyətinin qabardılması ksenofobiya tendensiyalarını gücləndirmək məqsədi daşıyıb"

"Rusiya mətbuatında yayılan məlumatlarda qətldə təqsirləndirilən şəxsin milli mənsubiyyətinin qabardılması olayı şişirtmək və ksenofobiya tendensiyalarını gücləndirmək məqsədi daşıyıb. Rus icması ümid edir ki, Rusiya ictimaiyyəti, parlamenti və hökuməti millətlərarası sülhün pozulmaması üçün lazımı addımlar atacaq". Bunu Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin bu gün keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycanın Rus İcması Orxan Zeynalovun şübhəli bilindiyi Rusiya vətəndaşı Yeqor Şerbakovun qətlindən məyusluq hissi keçirir və mərhumun ailəsinə başsağlığı verib. Mixail Zabelin həmçinin hadisənin baş verdiyi Qərbi Biryulevoda sakinlərinin emosional çıxışlarının təxribatçı qüvvələr tərəfindən millətlərarası münaqişəni alovlandırmaq üçün istifadə olunmasından təəssüfləndiyini bildirib.
Daha sonra Rusiya səfirliyi qarşısında keçirilən etiraz aksiyası və Qarabağ Azadlıq Təşkilatının bəyanatlarına da toxunan Azərbaycanın Rus İcmasının sədri bu çıxışların populist xarakter daşıdığını deyib:
"Düşünmürəm ki, kimsə bu çıxışların dalınca getsin. Çıxışlarda qeyd olunan adekvat addımlar kimə qarşı atılacaq? Azərbaycan bazarlarında çalışan rus miqrantlara qarşı, ya da Azərbaycanın milli qəhrəmanı Yuri Kovalyovun ailəsinə qarşı? Azərbaycan hökuməti buna imkan verməz. Biz Azərbaycan xalqı ilə dostluq və əmin-amanlıq şəraitində yaşayırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00