ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ başlaya bilər
14:29 SiyasətAmerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Trampın prezidentlik kürsüsünə yiyələnməsindən sonra dünyada gedən siyasi proseslərdə canlanma müşahidə olunur. Məlum olduğu kimi dünya ölkələri xarici siyasətlərinin istiqamətlərini müəyyən etməkdən ötrü Trampın inaqurasiya mərasimini gözləyirdlər. Məlum idi ki, Trampın yenidən hakimiyyətə gəlişi mövsud siyasi kursların dəyişməsinə səbəb olacaq. Artıq Tramp yürüdəcəyi siyasi kursunun bəzi çalarlarını elan edib və hətta ilkin olaraq bir sıra sənədlərə də imza atıb. Beləliklə, Trampın yenidən hakimiyyətə gəlişi ilə dünyanın yeni düzəminə start verilir. Bizim üçün maraqlı olan 47-ci prezidentin ölkəmizə münasibəti və iki dövlət arasında mümkün əməkdaşlıq məsələləridir. Başqa sözlə, Trampın dövründə bizim üçün mümkün gözləntilər nələrdən ibarətdir?
Ortada ABŞ və Ermənistan arasında imzalanan strateji sənəd mövcuddur. Bayden administrasiyasının miras qoyduğu bu sənəd birbaşa işğalçı Ermənistana dəstək məqsədi daşıyır. Siyasi ekspertlər qeyd edirlər ki, sözügedən saziş Vaşinqtonun Tehran və Moskva ilə maraq mübarizə planlarından qaynaqlanır və Azərbaycana qarşı yönəlməyib. Ancaq nəzərə almaq lazımdır ki, Cənubi Qafqaz siyasətində Ermənistanı vasitə seçən Bayden administrasiyası regional siyasətini erməni maraqları üzərində təmin etməkdə görür. Bununla həm də İrəvanın Bakı ilə danışıqlarda vasitəçi missiyasını əldə etmək niyyəti güdür. Daha təhlükəli məqam ondan ibarətdir ki, ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək. İndi Azərbaycan cəmiyyətini düşündürən əsas məsələ ondan ibarətdir ki, sənəddə əksini tapmış müddəalara Tramp administrasiyasının mövqeyi necə olacaq?
Məlum olduğu kimi ABŞ Dövlət Departamentindəki diplomatlar, Konqresdə təmsil olunan bir sıra korrupsioner siyasətçilər daim anti-Azərbaycan mövqeləri ilə seçiliblər. ABŞ siyasətçilərinin belə mövqeyi İkinci Qarabağ müharibəsindən sonra hakimiyyətə gələn Bayden administrasiyasının Qarabağdakı antiterror əməliyyatlarına münasibətində açıq-aşkar müşahidə olunub. Hansı ki, Cənubi Qafqazda yaranan yeni reallıqlar ABŞ-ın maraqlarına cavab verirdi. Buna baxmayaraq, Birləşmiş Ştatlar ermənipərəst mövqeyindən əl çəkmirdi. Dövlət Departamentində başda Blinken olmaqla təmsil olunan bir çox diplomatlar tamamilə Azərbaycana qarşı qərəzli və destruktiv mövqedən çıxış edirdilər. Maraqlı odur ki, sözügedən məsələlərə 47-ci prezidentin münasibəti necə olacaq? Bayden administrasiyasının istefaya göndərilməsi bu məsələlərə necə təsir edəcək? Baxmayaraq ki, Tramp hakimiyyətə gələn kimi sələfi tərəfindən imzalanan bir sıra sənədləri ləğv etdi, ancaq hələ ki, Cənubi Qafqazla bağlı siyasətdə hər hansı dəyişiklik müşahidə olunmur.
ABŞ-ın yeni hakimiyyətinin Ermənistana münasibətdə Bayden administrasiyasının xəttini davam etdirməsi heç şübhəsiz ki, Cənubi Qafqazda təhlükəsizlik məsləsini gündəmə gətirəcək. Baxmayaraq ki, regional əməkdaşlıqda ABŞ-ın Azərbaycana önəm verməsi daha faydalı olardı, lakin bu məsələdə Ermənistanı seçməsi heç də xoş olmayan niyyətdən xəbər verir. Çünki, belə bir əməkdaşlıq Ermənistan üçün göydən düşmə hesab olunur və çox güman ki, Azərbaycanla sülh müqaviləsinin imzalanmasında yeni şərtlər ortaya çıxacaq. Nəzərə almaq lazımdır ki, Ermənistan sözügedən sənədin imzalanmasını özünə çətir hesab edir, üstəlik ABŞ-ın bölgəyə daxil olması işğalçı dövlətə yeni iddialar ortaya qoyması üçün əlavə stimul verir. Donald Trampın isə planları daha geniş və daha qlobal məsələrlə bağlıdır. Məsələn, Tramp qarşısına Ukrayna müharibəsini bitirməyi, NATO daxilində mümkün mübahisələrin çözülməsi, Yaxın Şərqdə proseslərin İran ətrafında fokuslanması, Uzaq Şərqdə və müxtəlif coğrafiyalarda Çinlə münasibətlərə aydınlıq gətirmək, Rusiya ilə məsafəli təmaslar və qeyri-rəsmi müstəvidə olsa belə əməkdaşlıqlar kimi ağır bir yükü çiyninə götürüb. Belə halda onun Cənubi Qafqazda tarazlığın təmin olunması üçün balanslaşdırılmış siyasət yürütməsi elə də real görünmür.
Təsəlli verən məqam ondan ibarətdir ki, Tramp ABŞ-ın dövlət maraqlarına zərbə vuran diplomatlarla işləmək istəmədiyini bəyan edib. Həmçinin ölkəsinin maraqlarına cavab verməyən ikitərəfli sənədləriin ləvğ olunacağını vəd edib. Aydındır ki, Ermənistan imzalanan sənəd müqabilində ABŞ-a heç bir qarşılıq vermir. Bunun üçün İrəvanın nə siyasi, nə hərbi, hə də iqtisadi gücü yoxdur. Ermənistan sadəcə erməni xislətinə sadiq qalaraq müttəfiqlərinə xəyanət etməklə yedəkçi rolunu oynamaq vəzifəsini üzərinə götürüb. Rəsmi Bakı isə daim Azərbaycanla Vaşinqton arasında münasibətlərin normal müstəvidə davam etdirilməsində maraqlı olduğunu bəyan edib. Bu mövqe Amerika Birləşmiş Ştatların da maraqlarına uyğundur. Azərbaycanın artan beynəlxalq nüfuzu, dinamik və dayanıqlı iqtisadiyyata malik olması, cöqrafi mövqeyi ABŞ-ın da eyni mövqedən çıxış etməsinə zəmin yaradır. Sadalanan faktlar deməyə əsas verir ki, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ başlaya bilər.
Alim Hüseynli