Dünya ölkələri ötən il Azərbaycandan 200 milyon dollar dəyərində alüminium alıb

Ötən il Azərbaycandan 197,2 milyon ABŞ dolları dəyərində 72,6 min ton alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.

Bu barədə Olaylar Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstəricilərə nisbətən dəyər ifadəsində 4 milyon ABŞ dolları (2%), həcm ifadəsində isə 1,8 min ton (2,5%) azdır.

Ötən il alüminium və ondan hazırlanan məmulatların ixracı ölkənin ümumi ixracının 0,74%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 5,88%-ni təşkil edib.

Eyni zamanda ötən il Azərbaycana 173,6 milyon ABŞ dolları dəyərində alüminium və ondan hazırlanan məmulatlar idxal olunub ki, bu da əvvəlki illə müqayisədə 34 milyon ABŞ dolları (24,4%) çoxdur.

Ötən il alüminium və ondan hazırlanan məmulatların idxalı ölkənin ümumi idxalının 0,82%-ni təşkil edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31