Fenomen həkim və ya həkimlik fenomeni

Bu gəlimli-gedimli dünyada  hər kəsin öz qədəri var. İnsan anadan olmamış  Allah bir mələkə həmin insan üçün 4  şeyi yazmağı əmr edir; əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olmağını. Bütün bunları bilə-bilə insan yenə də əzizlərindən, doğmalarından, dostlarından ayrılmaq istəmir, yaşamaq uğrunda mübarizə aparır. Mən də belə idim və sağlamlığına o qədər də önəm vermədən yaşamaq uğrunda savaşırdım. Amma və lakin:
16 yanvar 2025-ci il tarixində respublikada yayılmış virusdan tutduğumuz zənn etdim. Ağ ciyərlərim artıq boğulurdu. Təcilli olaraq hər iki ağ ciyərin pnevmaniyası diaqnozu ilə Masallı Mərkəzi Xəstəxanasına təxliyyə olundum. Masallı MX-ya daxil olan andan ağ ciyərlərin öz funksiyalarını yerinə yetirə bilmədiyi üçün komaya düşmüşəm və sonrakı 4 gün ərzində baş verənlərdən xəbərim olmayıb. 

Etiraf edim ki, rayonumuzda və bölgəmizdə olan həkimlər barədə fikrim heç də həmişə yaxşı olmayıb. Lakin mənim bəxtim onda çəkib ki Masallı Mərkəzi Xəstəxanasında Rauf Məmmədov kimi bir həkim var. Rauf həkim dərhal öz komandasını ilə işinə başlayıb və məni ölümün cəngəsindən almaq üçün lazım olan bütün prosedurları həyata keçirib. Gözlərimi açıb qarşımda  xilaskarımı-Rauf həkimi gördüm. Onun mənim üçün məndən daha çox sevindiyinin şahidi oldum. İndi əminəm ki Rauf həkim öz sənətini mükəmməl bilən, vətəndaşların sağlamlığının keşiyində ləyaqətlə dayanan, xəstə insanların qayğısına qalan, onlarla insan kimi rəftar edən həkimlərdəndir. Allahıma şükr edirəm ki qarşıma belə gözəl həkim, gözəl insan çıxıb. Möcüzəli əlləri ilə insanlara şəfa verən, düzgün müayinə aparıb, düzgün diaqnoz qoymaqla mənə yenidən yaşamaq haqqı verən (əlbətdə ki, bütün bunlar Allahın lütfü, razılığı ilədir ) qızıl əllər sahibi Rauf həkimə nə qədər minnətdarlıq etsəm də azdır.

Komadan ayrılan kimi bu  boyda yaxşılığın müqabilində Rauf Məmmədov həkimə necə minnətdarlıq etdiyim barədə düşünürdüm. Əlimdən yazmaqdan başqa bir şey gəlmir. Bu yazını yazmaqda da sözümün canı var. Bizim ən gözəl, ən savadlı həkimlərimiz elə bölgələrdə yaşayır. Müasir, son buraxılış, tibbə lazım olan bütün aparatlar bölgəmizdə olmasa da hətta bu aparatları üstəyələycək həkimlərimiz var.

Rauf Məmmədov həqiqətən fenomen həkimdir. Dünyanın bu vaxtında, bu savad və bacarıqla,  bu potensialla bölgədə qalıb vətəndaşlarının sağlamlığı uğrunda vuruşmaq əsl qəhrəmanlıqdır. 
Fürsətdən istifadə edib göydə Allahın, yerdə isə özünün peşəkarlığı ilə mənə ikinci həyat bəxş edən Rauf Məmmədov həkimə özüm, ailəm, doğmalarım adından dərin təşəkkürümü bildirirəm.
Bundan əlavə özüm şəxsən Rauf həkimin komandasından olan tibb qardaşları Pərviz Abdullayevə, Qasımov Məhəbbətə, qayğıkeş tibb bacılarına, sanitarkalara,  Reanimasiya şöbəsinin bütün əməkdaşlarına özüm və ailəm adından minnətdarlığımı bildirirəm. 
Bağırov Rəhim həkim, İsmayıl İsmayılov həkim hər ikinizə minnətdaram. 
Bütün bu işlərin uğurla yekunlaşması üçün Masallı rayon Mərkəzi Xəstəxanasında yaratdıqları mükəmməl şəraitə görə  xəstəxananın baş həkimi İlqar  Məmmədova,  xəstəxananın direktoru İlqar həkim Ramizoğluna  sonsuz təşəkkürümü bildirirəm. Nə yaxşı ki sizlər varsız, nə yaxşı ki xalqın sağlamlığının keşiyində durursuz. Allah sizləri qorusun!

Ataş Sadiyev

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31