Donald Trampın hakimiyyətə qayıdışı: Dövlətlərarası münasibətlərdə nələr gözlənilir? – ÖZƏL
16:24 Siyasət"Donald Trampın dörd illik fasilədən sonra ikinci dəfə hakimiyyətə gəlməsi ilə beynəlxalq arenadakı vəziyyət yenidən şəkillənir, ABŞ dövlət strategiyasının təməl sütunları saxlanılmaqla daha fərqli yanaşmalar və iqtisadi baxımdan gəlirli istiqamətlərə yönəlmələr görülür. Buna baxmayaraq, Trampın hansı addımları atması yönündə bəzi ölkələrdə narahatlıqlar da hökm sürür. Lakin onun vədlərinin və ilk atdığı addımların öz sələflərindən fərqli və daha balanslı olması ilə bağlı fikirlər də səsləndirilir".
Bu fikirləri yenidən ABŞ prezidenti seçilən Donald Trampın yürüdəcəyi siyasəti Olaylar.az-a şərh edən siyasi ekspert Elmir Səftərov deyib.
"Bunun əsas səbəbi ABŞ-nin yeni lideri ilə hakimiyyətlərin müsbət siyasi gedişata start verməsinə çalışmasıdır. Ona görə də Respublikaçıların liderinin 4 il ərzində hansı addımları atacağı da maraq doğuran məqamlardandır.
Trampın vaxtilə verdiyi vədlərdən biri də savaşların dayandırılması ilə bağlıdır ki, gələr-gəlməz Yaxın Şərqdə nisbətən bu proses barədə irəlləyişlər əldə olundu. Rusiya-Ukrayna müharibəsi fonunda isə bunu demək mümkün deyil, çünki cəbhədə vəziyyət o qədər də ürəkaçan deyil. Kollektiv Qərbin Kiyevə verdiyi dəstəklər və Rusiyanın irəliləməsi xeyli açıq sualları gündəmdə saxlayır".
Ekspert ABŞ-Rusiya münasibətlərinə də toxunub:
"ABŞ-nin Rusiyaya münasibətində ciddi dəyişikliklər gözlənilməsə də, Bayden Administrasiyasından fərqli olaraq Tramp və Putinin bir-birinə olan rəğbətləri fonunda Moskva-Vaşinqton dialoq formatının daha dolğun olması ehtimal edilir. İstənilən halda iki qlobal gücün bir-birinə qarşı ehtiyatlı davranmasının və daha çox iqtisadi sanksiyalarla və hibrid müharibələrlə kifayətlənəcəyini demək olar. Eyni zamanda, dünyanın müxtəlif zonalarında mövqe mübarizələri şiddətləncək və qlobal güclər daha çox bölgələrdə nüfuz qazanmaq üçün mübarizə aparacaqlar".
E.Səftərov ABŞ-nin İrana müəyyən siqnallar göndərmə ehtimalının olduğunu qeyd edir:
"Birinci hakimiyyəti dövründə İrana qarşı sərt ritorikası ilə yadda qalan Donald Trampın bu mövqeyindən geri çəkiləcəyi çətin görünsə də, lakin o, ABŞ-i gücləndirmək üçün daha çox daxili problemləri həll etməkdə maraqlı görünür. İran-ABŞ düşmənçiliyi də İsrail, Səudiyyə Ərəbistanı və kiçik Körfəz ölkələri arasında yaranan koalisiya kontekstində maraqlı görünür. Ona görə də öz təsir mexanizmlərini göstərmək baxımından İrana ABŞ-nin maraqlarına zidd hesab etdiyi aspektlər barədə xəbərdarlıq siqnallarının göndərilməsi də mümkündür".
ABŞ-Çin münasibətlərini də təhlil edən ekspert böyük əməkdaşlıq sahəsinin hər iki tərəf üçün əhəmiyyətli olduğunu vurğulayır:
"Artıq dünyada Rusiyanın və ABŞ-nin hegemoniyası zəifləyir, paralel olaraq bəzi regional və qlobal güclər öz təsirlərini artırmaqdadırlar. Buna misal olaraq, Türkiyə, Çin, Hindistan, Türk Dövlətləri Təşkilatı, Afrika ölkələrinin birliyi və digər aktorların güclənməsi ilə ABŞ və Rusiyanın formalaşdırdığı formatın effektivliyi azalır, yeni güc mərkəzləri formalaşır. Çinin iqtisadi inkişafı fonunda İlon Maskın da yeni kabinetdə yer alması qarşıdakı illərdə iqtisadi-ticarət savaşlarının yeni formada həyata keçiriləcəyini deməyə imkan verir. Lakin Çinlə ABŞ-nin ticarət əlaqələrinin kəsilməsi və ya ciddi sanksiyalar tətbiq edilməsi də birbaşa Amerika üçün kəskin təsirlərlə müşahidə oluna bilər. Bəzi fikir ayrılıqlarına baxmayaraq, ABŞ və Çinin iqtisadi və ticarət əlaqələrində geniş ümumi maraqlar və böyük əməkdaşlıq sahəsi hər iki tərəf üçün əhəmiyyətlidir. Ona görə də Çin ABŞ şirkətlərinin ölkəyə investisiyalarını genişləndirməyə davam edəcəklərinə ümid edir".
Elmir Səftərovun sözlərinə görə, ABŞ-İsrail münasibətlərində ciddi dəyişikliklər olmayacaq:
"Tel-Əvivə əvvəlki kimi böyük ölçüdə və bütün sahələrdə dəstəyin verilməsi davam etdiriləcək. Onun hakimiyyətə gəldiyi andan fələstinlilərə qarşı zorakılıqda ittiham olunan ifrat sağçı israilli köçkün qrupları və şəxslərə tətbiq etdiyi sanksiyaları ləğv etməsi deyilənlərin sübutudur. ABŞ yəhudiləri də Trampın israillilərə daha çox dəstək verəcəyini düşünür. Bütün bunlar İsraili yeni hücumlara həvəslənirsə də, ABŞ İsrailə dəstəyini kəsmək barədə düşünmür, lakin Donald Tramp savaşların başlamasını öz verdiyi vədlərə əks olduğunu düşünür. Ümumilikdə isə Trampın hakimiyyətə gəlməsi yeni dünya düzəni kontekstində ölkələr və xalqlar üçün yeni əməkdaşlıq perspektivlərini özündə ehtiva edir".
Qiymət Mahir