Jirnovski danışdı: Dünən 15 yaşlı gürcü 13 yaşlı rus qızını öldürüb. Bəs indi niyə camaat küçələrə çıxmır?
23 Oktyabr 2013 17:20 SiyasətBu gün Rusiya Dövlət Dumasında Azərbaycan vətəndaşı Orxan Zeynalov tərəfindən törədilmiş qətl hadisəsindən sonra kəskin xarakter alan miqrant probleminə dair dinləmələr keçirilib. Dinləmələr zamanı deputatlar hökumət üzvlərinə problemlə bağlı çoxsaylı suallar ünvanlayıblar. Ən maraqlı çıxışı isə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski edib. Öz ənənəvi stilində çıxış edən Jirinovski əvvəlcə Rusiyanın problemlərinin, o cümlədən korrupsiyanın günahını qafqazlıların, azərbaycanlıların, gürcülərin üzərinə atıb.
Jirinovski deyib ki, vaxtilə SSRİ-də korrupsiyanı yaradanlar da məhz qafqazlılar idi. Onun sözlərinə görə, əgər rus general-qubernatoru Bakıda otursaydı və Azərbaycanı idarə etsəydi, bir nəfər azərbaycanlı da Moskvaya getməzdi: "Onlar oturub badımcan, pomidor, sitrus meyvələri yetişdirər, neftçi olardılar. İndi tökülüşüb gəlirlər Rusiyanın iri şəhərlərinə. Azərbaycanlının nəyinə lazımdır rus dilini öyrənsin? Ona ticarət meydançası lazımdır".
Jirinovski daha sonra Biryulevo hadisələrindən danışıb. Bildirib ki, əslində Moskvanın bu rayonunun sakinlərinin küçələrə çıxması da, Orxan Zeynalov tərəfindən törədilmiş qətl də sifarişli olub.
Liberal Demokrat Partiyasının lideri iddia edib ki, əslində bu hadisələr əvvəlcədən planlaşdırılıb: "Kimlərsə Orxan Zeynalovu öyrədib ki, gedib rus gəncini öldürsün. O biri tərəfdən də adamları küçələrə çıxarıblar və Biryulevodakı topdansatış meyvə-tərəvəz bazasını bağlayıblar. Məsələ bundadır ki, bazanın direktoruna obyekti qiymətindən 20 dəfə ucuz satmağı təklif ediblər. O da razılaşmayıb və bütün bu hadisələr baş verib. Söhbət mülkiyyətin bölüşdürülməsi uğrunda gedən mübarizədən gedir. Mən soruşuram: dünən Tiflisdən gəlmiş 15 yaşlı gürcü 13 yaşlı rus qızını öldürüb. Bəs indi niyə camaat küçələrə, "xalq toplantısına" çıxmır? Gəlin çıxaq da, niyə çıxmırıq?"
Jirinovskinin sözlərinə görə, bu hadisələrin arxasında dayananlar iki ildən sonra O.Zeynalovu həbsdən buraxacaqlar, guya Azərbaycana ekstradisiya edəcəklər. Orada isə onu azadlığa buraxacaqlar: "O da Xəzər sahilində isti quma uzanıb özünü günə verəcək və sitrus meyvələri yeyəcək". (Virtualaz.org)