İctimai Palata buraxılır?
Müsavatın Rauf Arifoğlu qanadı razı deyil, Əli Kərimli isə Milli Şuranı gücləndirmək istəyir
23 Oktyabr 2013 17:07 Siyasətİctimai Palatanın buraxılması məsələsi gündəliyə çıxıb. Bu barədə artıq Müsavat kuluarlarında da söhbətlər gedir. Sonuncu dəfə Müsavata yaxın Xalq Partiyasının sədri Pənah Hüseyn bu təkliflə çıxış edib. O bildirib ki, İctimai Palatanın Milli Şura ilə paralel fəaliyyət göstərməsi doğru deyil. Ondan öncə AXCP-yə yaxınlığı ilə seçilən Rafiq Manafov bildirmişdi ki, İP ləğv edilməlidir. Bu günlərdə isə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıqlamasında bildirib ki, Milli Şura prioritet qurum olduğuna görə İctimai Palatanın paralel struktur kimi saxlanılmasına zərurət yoxdur. Onun sözlərinə görə, İctimai Palatanın bir vaxtlar başladığı missiyanı indiki halda Milli Şura həyata keçirir. Sədr müavini hesab edir ki, Milli Şura müxalifətin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının daha geniş əməkdaşlıq formatı kimi fəaliyyət göstərir. "Üstəlik, Milli Şura daha geniş təmsilçilik formatına malikdir. İctimai Palatada təmsil olunan istər siyasi qurumlar, istərsə də vətəndaş cəmiyyəti institutları Milli Şurada da təmsil olunurlar. Amma Milli Şuranın formatı daha genişdir" deyə F.Qəhrəmanlı əlavə edib. İctimai Palatanın buraxılması təklifi aydınca görünür ki, AXCP-dən gəlib. Pənah Hüseynin təklifi isə sadəcə blefdir. AXP sədri göstərmək istəyir ki, o da, komandasında olduğu Rauf Arifoğlu da İP-in buraxılmasını, Milli Şuranın güclənməsini istəyirlər. Əslində hər ikisi (şərti olaraq Rauf Arifoğlunun komandası) İctimai Palatanın buraxılmasını istəmir. Çünki onlar Milli Şuranın üzvü deyillər və bu qurumun əleyhinə olublar. Şura yaranarkən hətta İsa Qəmbər belə quruma daxil olmaqda tərəddüd edirdi. Rauf Arifoğlu, Pənah Hüseyn isə Şuranı "rus layihəsi" hesab edirdilər. Baş yazarın Milli Şura əleyhinə açıqlamaları, yazıları, statusları var. Rauf Arifoğlu Milli Şuraya girmək istəsə, gərək həmin açıqlamalardan imtina edə. Arifoğlu və komandası İP-i rezerv kimi saxlamaq istəyirdilər ki, Milli Şura buraxılan kimi İP avtomatik olaraq ana müxalifət hesab edilsin. Amma bu, baş vermədi. Milli Şura seçkidən sonra da yaşadı, bu gün də yaşayır. AXCP və ərtafındakı adamlar MŞ-ı buraxmaq niyyətində deyillər. ACP sədri Əli Kərimli Şuranı yaşatmaq, 2015-ci il seçkilərinin favoriti etmək istəyirlər. Onlaırn xətti doğrudur. Milli Şura İP-dən güclü qurum idi. O qədər partiya və təşkilatın vahid namizəd qəbul etməsi də Şuranın xidməti idi. Cəmil Həsənli ənənəvi müxalifəti təmsil etsə də, Milli Şura olmasaydı, vahid namizəd seçilməyəcəkdi. Rauf Arifoğlu, Pənah Hüseyn bir nüansı unudur ki, İP vahid namizəd problemi yaşayırdı, ortaq namizəd yox idi. Bu baxımdan Şuranın yaşaması müxalifət üçün daha əlverişlidir. 2010-cu ilə parlament seçkiləri ilə əlaqədar yaradılmış İctimai Palata ömrünü bitirib və buraxılmalıdır. Milli Şura isə yaşamaq istəyirsə, tərkibini dəyişməlidir. Hər halda El hərəkatı ilə Müsavatın Arifoğlu qanadı yola getmir və onlar arasında konsesnsus tapılmalıdır. Milli Şurada "Rauf Arifoğlu, Pənah Hüseynsiz müxalifət" radikal tezisini irəli sürmüş Əbülfəz Qurbanlı xətti qalib gəlsə, o zaman Müsavatın Şuradan çıxma ehtimalı artacaq.
Ərhun Abbas