“Azərbaycanda Moskvaya hələ də mərkəz deyənlər var” - AÇIQLAMA
Aqil Camal: “Rusiya yenidən imperiya ola bilməyəcək”
23 Oktyabr 2013 16:44 Siyasət"Türküstan" qəzetinin baş redaktoru Aqil Camal Rusiyanın paytaxtı Moskvada azərbaycanlılara qarşı olan hücumları dəyərləndirib. Rusiyanın hələ də böyük bir coğrafiyanın itkisini həzm edə bilmədyini deyən A.Camalın sözlərinə görə, Moskva keçmiş imperiyanın sərhədlərini bərpa etməyə çalışır. Baş redaktor hesab edir ki, imperiya həvəskarları təsəvvür etdikləri imperiya coğrafiyasında yaşayan xalqlara düşmən kimi baxırlar. Ancaq bu "qeyri-ruslarsız Moskva" deyənlər anlamırlar ki, nə üçün postsovet ölkələrindən insanlar iş üçün məhz paytaxta, Rusiyaya üz tuturlar? A.Camal qeyd etdi ki, iş dünyası üçün Rusiya böyük bazardır. Amma bu ölkələrdən Rusiyaya miqrant axınının başlıca səbəbi federasiyanın dağılmış imperiya üzərində bərqərar olmuş bir dövlət olmasıdır. Adətən, imperiyalar dağıldıqdan onillər sonra da, imperiyadan qopmuş xalqların təfəkküründə imperiya mərkəzləri "paytaxt" olaraq qalır. Aqil Camal hesab edir ki, Azərbaycanda da Moskvaya "mərkəz" deyənlər var: "Bu gün MDB respublikalarındakı istər siyasi, hərbi, istərsə sosial, iqtisadi vəziyyət bilavasitə onillər boyu imperiya tərkibində yaşamağın və onun dağılmasının fəsadlarıdır. İstər bir sıra respublikaların, o cümlədən Azərbaycanın imperiya dağılarkən qarşılaşdığı separatizm, istərsə infrastrukturun dağılması, sosial problemlər eyni qəbildəndir. Məsələn, neft gəlirlərindən gələn vəsait hesabına Azərbaycan son 10 ildə böyük məsafə qət edib, hamı tərəfindən qəbul olunan iqtisadi dirçəliş baş verib. Bir anlıq təsəvvür edək ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti yaşayaydı və 70 il Azərbaycan öz neftinin sahibi olaydı, onda bu gün əfsanəvi Dubay yəqin ki, Bakıdan çox geridə qalardı. Ancaq 28 aprel işğalı və 70 illik sovet imperiyası Azərbaycan xalqını bu şansdan məhrum etdi. İndi isə hələ tam olaraq özünə gələ bilməmiş xalqların nümayəndələri iş dalınca imperiya mərkəzinə üz tutanda, orada nifrət və şiddət görürlər, zorakılıqla üzləşirlər, həyatlarını itirirlər. İmperiyanın varisi olan indiki Rusiya bir zaman taleyinə balta vurduğu xalqların nümayəndələrini qəbul etmək istəmir. Halbuki, o insanların öz isti ev-eşiyini qoyub Moskva bazarlarına üz tutmasının başlıca səbəbi, yaxın 20 ilədək ölkəsinin imperiya müstəmləkəsi olmasıdır". Baş redaktor qeyd etdi ki, Rusiya müxtəlif adlar altında imperiyanın modern şəkildə bərpa etməyə cəhdlər göstərir. Ancaq bunun üçün seçilmiş üsullar gülməli və məntiqsizdir. A.Camal hesab edir ki, Rusiya ilk növbədə yerləşdiyi coğrafiyada böyük güc olmaq istəyən bir dövlət təsir dairəsinə salmaq istədiyi xalqlarda özünə qarşı rəğbət yaratmalı, onlar üçün cəzbedici görünməlidir. Rusiya isə ətrafına toplamaq istədiyi xalqları əzib-döyür, üzərində ağalıq etmək istəyir. Özünənifrət üzərində imperiya qurmaq mümkün deyil. ("OLAYLAR" İA)