Gülüstan müqaviləsinin Ermənistanda müzakirə edilməsinin qaranlıq məqamları
Cümşüd Nuriyev: “Bu məsələ Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşmaq üçün atdığı addım da ola bilər”
23 Oktyabr 2013 15:37 Siyasət"Ermənistanın Rusiya ilə Gülüstan müqaviləsini müzakirə etməsi məntiqsizdir. Ola bilsin ki, müqavilədə keçmiş İrəvan xanlığının yer alması Ermənistanı belə bir addım atmağa vadar edib" - politoloq Cümşüd Nuriyev oktyabrın 24-də İrəvanda Ermənistan və Rusiya arasında Gülüstan müqaviləsinin şərtlərinin müzakirə edilməsinə dair keçiriləcək dəyirmi masaya münasibət bildirərkən belə deyib. Cümşüd Nuriyevin sözlərinə görə, tarixi qeydlərdən də məlumdur ki, İrəvan Azərbaycan ərazisi olub: "Ermənistanın ağlı olsa bunu müzakirə etməz, çünki Gülüstan müqaviləsi Azərbaycan torpaqlarının İran və Rusiya imperiyası arasında bölüşdürülməsini rəsmiləşdirib. Gülüstan müqaviləsinin İrəvanda müzakirə olunması nosensdir. Rusiyanın da müqavilənin şərtlərini müzakirə etməsinin heç bir hüquqi əsası yoxdur. SSRİ keçmiş Rus imperiyasının varisidir, indiki Rusiya isə SSRİ-nin varisidir. Yəni ki, müqavilənin şərtlərini SSRİ müzakirə edə bilərdi. Ermənistanın isə məsələyə ümumiyyətlə dəxli yoxdur. Ermənistan və Rusiyanın bu addımı daha çox piar sistemi üçün işlənmiş taktikadır. Hər iki dövlət seçkidən sonra Azərbaycanda gərginlik yaratmağa çalışırlar. Bundan sonra tez-tez Ermənistan və Rusiya tərəfindən Azərbaycanın əleyhinə ritorik şüarlar səsləndiriləcək. Bu məsələ Rusiyanın Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşmaq üçün atdığı addım da ola bilər". ("OLAYLAR" İA)