“Müxalifət də seçkilərdə öz səmimiliyinə inanmırdı”

Zahid Oruc: “Bu həm də o deməkdir ki, dünən Cəmil Həsənlinin timsalında vahid komanda adı ilə cəmiyyətə mesaj verən qüvvələri millət necə ki, qəbul etmədi, eləcə içərilərində də bunun səmimiliyinə inanmırlar”

"İctimai Palata məgər, buraxılmayıb? Rəsmi olaraq bu gün, müxalifətin İP-in buraxılıb, ya qalması haqqında elanı heç nəyi dəyişməyəcək" - millət vəkili Zahid Oruc "OLAYLAR"ın "İctimai Palatanın saxlanılmasına ehtiyac varmı" sualına cavab verərkən belə deyib. Zahid Oruc daha sonra suala bu cür aydınlıq gətirdi:

- Müxalifət bundan əvvəl də İP formatında kifayət qədər birliklər yaradıb. Tarixin arxivi müxalifətin yaratdığı ayrı-ayrı adlarla doludur. Fəal şəkildə siyasi proseslərdə olan insanlar bunun yalnız bir neçəsini yadda saxlaya biliblər. "SİTSU", "M-Konqres", "Demokratiya Yolunda Böyük Birlik", "Azadlıq bloku" və s. İctimai Palata kimi yaradılan birliklər olub. İP də elm və ziyalı kontingentini, ictimai dairələri, dövlət adamlarını əhatə edən birlik olmayıb ki, deyəsən ki, güc nisbətini dəyişəcək bir təşkilat ortaya çıxıb. Qurum əksinə heç müxalifətin birliyinə də xidmət etməyib. Bütün siyasi təşkilatlar öz aralarındakı ziddiyyətlərini qurumun içərisinə aparıblar. Bunu Milli Şuranın keçirilən sessiyalarından da müşahidə edirdik. Rəsul Quliyevin müxalifət mətbuatında onları ittiham edən açıqlaması dərc edilib. Fikirlər müxalifət liderlərini seçkilərdəki məğlubiyyətin məsuliyyətinə çağırışa səsləyir, bu cavabdehlik tələb etməkdir. Rəsul Quliyev İsa Qəmbər Əli Kərimli və digər qərar sahiblərini istefaya çağırır. Bu həm də o deməkdir ki, dünən Cəmil Həsənlinin timsalında vahid komanda adı ilə cəmiyyətə mesaj verən qüvvələri millət necə ki, qəbul etmədi, eləcə içərilərində də bunun səmimiliyinə inanmırlar. İctimai Palata vahid komanda, vahid ideologiya üzərində qurulmamışdı. Hamı bilir ki, onlar xəyali olaraq 2030-cu ildə məhz indiki vəziyyətdə hakimiyyətə gəlmiş olsalar, bu ziddiyyətlər, böhran və problemlər iqtidara daşınmış olacaq. Rəsul Quliyev hökumətdə bir vəzifə, İsa Qəmbər ayrı vəzifə daşısa, onlar iqtidar naminə birləşməyəcəklər. Əksinə, hələ bu gün ortada heç nə yoxdur, çəkişmə indiki səviyyədədir, 2030-cu ilin hakimiyyətində bunlar hansı vəziyyətdə olacaqlar? İctimai Palatanın ləğv olunması, yaxud qurumun Milli Şura adı ilə saxlanılması, Cəmil Həsənlinin quruma rəhbər seçilib, ya seçilməməsi - bütün bunların hamısı müxalifət daxilində uzun illər davam edən problemləri həll etməyəcək. Çünki bu məsələlər islahatla aradan qaldırıla bilmir, problemlərin əksəriyyəti onların siyasi-ideoloji mahiyyətinə bağlıdır. Nə qədər ki, o adamlar müxalifət cameəsinin ön cəbhəsini təşkil edirlər, indən sonra da heç nə dəyişməyəcək. Müxalifət düşərgəsi Cəmaheriyyə (Liviyada "cumhuriyyət" deməkdir) elan olunsa belə vəziyyət eyni qalacaq. Xalq bu halda da oraya daxil olmayacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00