Qırğızıstanın Ekologiya Nazirliyi: COP29 əməkdaşlığı genişləndirmək imkanıdır

Qırğızıstan COP29-u əməkdaşlığı genişləndirmək və iqlim maliyyələşdirməsinə çıxış əldə etmək imkanı kimi görür.

Bu barədə Qırğızıstanın Ekologiya, Təbii Sərvətlər və Texniki Nəzarət Nazirliyinin məlumatında deyilir.

Qurumdan xatırladılıb ki, bu gün Bakıda başlayan COP29 iqlim konfransının gündəliyinə iqlimin maliyyələşdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma tədbirləri ilə bağlı məsələlər daxildir.

"Konfrans dünyanın hər yerindən 70 mindən çox iştirakçını, o cümlədən 198 ölkənin nümayəndəsini və 150-yə yaxın pavilyonu cəlb edib. Konfransın əsas aspektlərindən biri iqlimin maliyyələşdirilməsinin müzakirəsi olacaq, çünki ölkələr iqlim dəyişikliyi ilə mübarizə üçün əhəmiyyətli vəsaitə ehtiyac duyurlar. İqlim dəyişikliyinə qarşı həssaslığı yüksək olan ölkə kimi Qırğızıstan beynəlxalq dəstəyə arxalanır", - məlumatda deyilir.

Nazirlikdən qeyd edilib ki, Qırğızıstan hökuməti öz milli töhfəsində aşağı karbon transformasiyası üçün əsas istiqamətləri müəyyən edib.

"Qırğızıstan COP29-da iştiraka əməkdaşlığı genişləndirmək və iqlim üzrə öhdəliklərini yerinə yetirmək üçün zəruri olan iqlim maliyyəsinə çıxış əldə etmək imkanı kimi baxır", - nazirlikdən əlavə edilib.

Qeyd edək ki, COP29-da Qırğızıstanı ölkə Prezidenti Sadır Japarovun başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti təmsil edəcək. Həmçinin konfrans çərçivəsində noyabrın 13-də Qırğızıstan, Azərbaycan və Monqolustanın "Yüksək səviyyəli dialoq: dağ gündəliyinin təşviqi və dağlar və iqlim dəyişikliyi mövzusunun aktuallaşdırılması" adlı birgə tədbiri təşkil olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31