Hazırda Azərbaycanla Ermənistan arasında gərginlik ehtiva edəcək bir məqam yoxdur - ÖZƏL
31 Oktyabr 19:08 Siyasət"Ermənistanda təqaüddə olan zabitlərin geri çağırılmasında əslində qeyri-adi bir şey yoxdur".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Əvvəla, bunu dəqiqləşdirmək lazımdır ki, bu şəxslər təqaüddədir, yoxsa ehtiyatda olan zabitlərdir? Çünki iki halda fərqli səbəblər ola bilər. Birincisi, əgər ehtiyatda olan qüvvələr çağırılırsa, bunun bir səbəbi var, illik təlim-tədris proqramı ilə bağlıdır. Bu şəxslər mütəmadi olaraq ildə 1-2 dəfə çağırılırlar və bununla da hərbi biliklərin daimi aktiv saxlanılmasına çalışırlar, həm də yetişən zabitlərə təcrübə mübadiləsi aparırlar. Yəni burada xüsusi bir müharibə səbəbi, ya da ki, gərginlik olacaq deyə çağırırlar kimi bir durum yoxdur. Çünki hazırda Azərbaycanla Ermənistan arasında gərginlik ehtiva edəcək bir məqam yoxdur. İki ölkə arasında sülhə inam artıb. Ələlxüsus da, Ermənistanın COP29-da iştirakı ehtimallarının böyük olması, gərginlik atmosferinin olmadığını deməyə əsas verir. Tərəflər görünür, sülhdə qərarlıdır. Ən azından son prosesləri müqayisə etdikdə bu nəticəyə gəlmək olar. Bu baxımdan da mən qeyd etdiyiniz bu məsələnin bu və ya başqa formada gərginlik əsası, ya da müharibə hazırlığı olduğunu düşünmürəm. Sadəcə, dediyim kimi, istər pensiyada olsunlar, istər ehtiyatda olsunlar, Ermənistan əhalisinin sayı azdır və belə olan ölkələrdə də hərbçilər birmənalı pensiyaya göndərilmir. Məsələn, bizdə bu hal var. Bizdə əhali sayı 10 milyondan çoxdur və əhalinin artım dinamikasında da bir problem yoxdur, hər il də yeni hərbi kadrlar yetişdirilir. Ermənistanda əhali sayı azdır 2 və 3 milyona qədər olmalıdır. Belə olan təqdirdə də, yeni zabitlərin yetişdirilməsi, hərbi kadrların ərsəyə gətirilməsi çətin bir prosesdir. Xüsusilə nəzərə almalıyıq ki, 44 günlük müharibə, lokal xarakterli antiterror tədbirləri və bir sıra keçmiş insidentlər, hərbi aktivliklər nəticəsində Ermənistanda hərbçilərin, hərbi kadrların çatışmazlığı yaranmışdı və bu hərbi kadr çatışmazlığını aradan qaldırmaq elə də asan deyil. Hətta bir çox hallarda Ermənistana gəlməsinə icazə verdikləri fransız jandarm heyəti və yaxud ABŞ-nin xüsusi qüvvələri kimi qüvvələr məhz bu səbəbdəndir, Ermənistandakı hərbi kadr çatışmazlığı ilə bağlıdır. Ona görə də deyirəm ki, Ermənistanda pensiyada və ya ehtiyatda olan hərbi kadrların yenidən çağırılması ola bilsin bununla bağlıdır. İllik təlim-tədris prosesi, hərbi kadrların bilik və bacarıqlarının artırılması və gənc kadrların yetişdirilməsində həmin yaşlı kadrların təcrübəsinin mübadilə edilməsidir".