Gürcüstanda seçkinin nəticələri Avropanı təmin etməyən formada üzə çıxsa...- ÖZƏL

"Gürcüstanla Avropa Birliyinin münasibətlərində bu təzahürlər gözlənilən idi. Sanksiyaların tətbiq olunması, Gürcüstanın Avropa Birliyinə üzvlük prosesinin dayandırılması, Gürcüstan-  Avropa münasibətlərində baş verən yeni prosesin hadisələridir".
Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Ötən ilin dekabr ayında Gürcüstan Avropa Birliyinə üzv statusu ilə təmin olunandan sonra başlanan proses Gürcüstanın Avropa Birliyinin münasibətlərində dərin fasilə və uçurum yaratmağa başladı. Ötən ilin dekabr ayına qədər Gürcüstan - Avropa münasibətləri öz xarakterinə görə bir cür idi, dekabrdan sonrakı proseslər isə xeyli dərəcədə fərqli münasibətlərə gətirib çıxardı. Gürcüstanda qəbul olunan bəzi qanun layihələri Avropa Birliyinin xoşuna gəlmədi və Avropa Birliyi əslində Gürcüstanın tam onun siyasətini həyata keçirən bir dövlətə çevrilməsi iddiasını açıq şəkildə ortaya qoymağa başladı. Gürcüstanda isə buna müqavimətlər başlayanda, təbii ki, münasibətlər pozulmalı idi. Gürcüstanın Avropa Birliyində malik olduğu bütün imtiyazlar yəqin ki, dayandırılacaq. Üzvlük prosesinin dayandırılmasından tutmuş Gürcüstanın Avropa Birliyi çərçivəsində müəyyən güzəştli xidmət və əməkdaşlıqlardan məhrum edilməsinə qədər biz hər şeyi görə bilərik. 
Bütün bu proseslərin sonu isə oktyabrın 26-dakı parlament seçkilərindən sonra özünü göstərəcək. Əgər Gürcüstanda seçkinin nəticələri Avropanı təmin etməyən formada üzə çıxsa, Avropa Birliyi Gürcüstana qarşı daha sərt addımlar atacaq. Dövlət orqanlarına, Gürcüstanın əlaqələrinə, Gürcüstanın dövlət elitasının xaricdə təmsilçiliyinə, fəaliyyətinə sanksiyaların tətbiq olunmasına qədər hər şeyin şahidi ola bilərik. Və bütün bunlar onunla bağlıdır ki, Gürcüstanın bu gün apardığı siyasət, xüsusilə də onun Rusiyaya loyal yanaşması, Avropa Birliyinin xoşuna gəlmədi. Ukraynada müharibə başlayandan sonra Gürcüstanın Ukrayna məsələsinə Avropanın istədiyi səviyyədə reaksiya verməməsi, fikrimcə, bu münasibətlərdə dönüşün başlanğıcı oldu və indiyə qədər bu proses Gürcüstanla Avropa Birliyinin arasında ziddiyyətlərin daha da dərinləşməsi yönümündə inkişaf etdi. Prosesin sonu barədə fikir söyləmək çətindir, amma aydın olan ondan ibarətdir ki, oktyabrın 26-da seçkinin nəticələri Gürcüstanda indiki status-kvonun saxlanması və saxlanmasına gətirib çıxaracaqsa, Avropa Birliyi ilə Gürcüstanın münasibətlərinin geridönməz bir hal aldığını söyləmək mümkündür. Amma əlbəttə, seçki nəticələrindən çox şey asılı olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31