Fransa siyasi məhbuslar ölkəsinə çevrilib

 Avropada insan hüquqları kobud şəkildə pozulur 

Özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən bəzi Qərb dövlətləri və beynəlxalq təşkilatlar bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına hələ də ciddi reaksiya verməyiblər. Əksinə, Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlarla yanaşması işğalçı ölkənin daha da azğınlaşması ilə nəticələnib. Məhz bu səbəbdən 30 ildən artıq bir müddətdə Ermənistan heç bir beynəlxalq qanuna məhəl qoymadan işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparıb, ölkəmizin 20 faizdən artıq torpaqlarında ekoloji fəlakət törədib. 
Azərbaycan hərb yolu ilə torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyü və suverenliyini təmin etdikdən sonra da kollektiv Qərb ikili standartlarını davam etdirir. Ölkəmizə qarşı təzyiq və təhdidlərinin sayı- hesabı bilinməyən Fransa və ABŞ bu gün də Azərbaycanı insan hüquqları və ifadə azadlığının pozulması kimi absurd ittihamlarla sınağa çəkir. Əslində isə öz gözlərində tiri görməyən Avropa "demokratları" özgə gözündə çöp axtarırlar. Bu günlərdə  Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılması sadaladıqlarımzın əyani sübutudur. Kemi Sebanın həbsi ilə bağlı yayılan rəsmi və qeyri-rəsmi açıqlamalarda onun hansısa cinayət törətməsi, yaxud hüquqi proseduralardan kənar hərəkət etməsi barədə məlumat əksini tapmayıb. Təkcə bu fakt deməyə əsas verir ki, Kemi Sebanın həbsi siyasi xarakter daşıyır. Beynəlxalq termində isə həbsləri siyasi xarakter daşıyan şəxslər siyasi məhbus adlandırılır. Belə halda, Fransa Azərbaycan ərazisində hərbi cinayətlər törətmiş, onlarla uşaq, qadın və yaşlı insanların qəddarcasına qətlində birbaşa iştirak etmiş separatçıları hansı əsasla siyasi məhbus adlandıra bilər? 
Yeri gəlmişkən xatırladaq ki, ictimai fəalların siyasi məqsədlərlə həbsi Fransada birinci dəfə deyil. Bu il 24 avqust tarixində "Telegram" mesajlaşma proqramının qurucusu və baş direktoru, rus-fransız milyarder Pavel Durov Paris yaxınlığındakı Burke hava limanında həbs edilib. O, Fransa polisinin ilkin araşdırması çərçivəsində həbs qərarı ilə saxlanılıb. Məlumata görə, Fransa polisi "Telegram" mesajlaşma proqramında cinayət fəaliyyətinin maneəsiz yayılmasına imkan verildiyini hesab edir.  Qeyd edək ki, bir milyarda yaxın istifadəçisi olan "Telegram" Rusiya, Ukrayna və keçmiş Sovet İttifaqının digər respublikalarında xüsusilə təsirlidir. "Facebook", "YouTube", "WhatsApp", "Instagram", "TikTok" və "Wechat"dan sonra əsas sosial media platformalarından biri hesab olunur. Fransa özü ictimai fəalların söz və ifadə azadlığını pozduğu halda başqa ölkəni ittiham edə bilərmi?   
Onu da qeyd edək ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasına (son məlumatlara görə fəal  azadlığa buraxılıb) dair bəyanat yayıb. Sənəddə BTQ Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal Kemi Sebanın Fransa hüquq mühafizə orqanları tərəfindən qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyir. Qeyd olunub ki, bu qanunsuz addım yalnız şəxsi azadlıq və insan hüquqlarına qarşı kobud bir pozuntu deyil, həm də Afrika xalqlarının neokolonializmə qarşı mübarizəsinə və suverenlik hüququna yönəlmiş bir təzyiq kimi qiymətləndirilməlidir. Bəyanatda bildirilib ki, Kemi Seba uzun illər ərzində neokolonializm siyasətlərinə qarşı çıxan və Afrikanın müstəqillik uğrunda apardığı mübarizədə önəmli simalardan biridir: "Onun saxlanılması, ifadə və siyasi fəaliyyət azadlığının pozulması olmaqla yanaşı, Fransanın Afrikada mövcudluğunu və təsirini qeyri-legitim yollarla davam etdirməyə çalışdığını bir daha sübut edir. Bu cür hərəkətlər, Fransa dövlətinin hələ də müstəmləkə dövrü təfəkküründən çıxmadığını və öz hegemonluğunu qorumağa çalışdığını göstərir. Kemi Seba siyasi məhbusdur və onun saxlanılması birbaşa siyasi fəaliyyəti ilə əlaqədardır". Bakı Təşəbbüs Qrupu beynəlxalq ictimaiyyəti, insan hüquqları müdafiəçilərini və beynəlxalq təşkilatları bu qanunsuz hərəkəti qınamağa və Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb: "Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur. Afrika xalqlarının öz gələcəklərini azad və ədalətli şəkildə müəyyən etmək hüququ təmin olunmalı və onların suverenliyinə qarşı edilən hər hansı müdaxilə qəti şəkildə rədd edilməlidir. Biz, Bakı Təşəbbüs Qrupu olaraq, bu hadisəni Fransanın Afrikada uzun illərdir davam edən neo-kolonial siyasətinin bir təzahürü kimi görür və regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməsinə çağırırıq".  Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə də fəalın Fransa hüquq mühafizə orqanları tərəfindən saxlanılmasına münasibət bildirib. Onun sözlərinə görə, P.Durov və K.Seba barəsində həbs qətimkan tədbiri seçilməsi Fransada fundamental insan haqlarının pozuntusudur: "Fransa tərəfi aidiyyəti istintaqı tam şəffaf və ədalətli şəkildə aparmalı və beynəlxalq ictimaiyyət müvafiq olaraq məlumatlandırılmalıdır. Hesab edirik ki, Fransada siyasi motivli bu kimi həbslər Avropa İttifaqı, Avropa Şurası və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının aidiyyəti qurumları tərəfindən araşdırılmalı, müvafiq qiymət verilməlidir".
Maraqlıdır ki, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verən təşkilatlar yenə susur. Belə bir fakt başqa hansısa bir ölkədə baş versəydi, ona dərhal reaksiya verərdilər. Beynəlxalq ictimaiyyət, insan hüquqları müdafiəçiləri və beynəlxalq təşkilatlar bu qanunsuz hərəkəti qınamalı, Fransa hökumətini Kemi Sebanı dərhal və qeyd-şərtsiz azad etməyə çağırış etməlidirlər. Hər bir şəxsin qanunlar çərçivəsində hərəkət azadlığı toxunulmazdır və heç bir dövlətin güc tətbiq edərək insanları bu hüquqdan məhrum etmək haqqı yoxdur. Ən əsası, bu hadisə Fransanın Afrikada uzun illərdir davam edən neokolonial siyasətinin bir təzahürüdür. Bu səbəbdən də regionda həqiqi dekolonizasiya prosesinin başladılması üçün qlobal səviyyədə həmrəylik nümayiş etdirilməlidir.
Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31