Sultan Zahidov: Bu siyasət ABŞ-yə dividendlər gətirməyəcək- ÖZƏL

"ABŞ-nin Azərbaycana qarşı son bir neçə ildəki kəskin mövqeyi birinci növbədə onun Cənubi Qafqaz siyasətinə bağlıdır ki, bu siyasətin də əsasında Rusiyanın Qafqazdan sıxışdırılaraq  ABŞ-nin bu regionda yeni söz sahibinə çevrilməsinə yönəlib və bu baxımdan ABŞ Ermənistanı bir alət, plastdarm  kimi istifadə edərək regiondakı planlarını həyata keçirməyə çalışır. Azərbaycan sözsüz ki, bu baxımdan onun iradəsinə tabe olan bir ölkə olmadığına, müstəqil mövqe irəli sürdüyünə görə ABŞ tərəfindən kəskin, haqsız tənqidlərə məruz qalır".



Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov bildirib:

"ABŞ Senatının ən son qəbul etdiyi Ermənistanın müdafiə aktı bir daha onu göstərir ki, ölkənin Cənubi Qafqaz siyasətində həqiqətən də ikili standartlar hökm sürməkdədir. Sual yaranır ki, niyə məhz Ermənistan?  Aydın məsələdir ki, Ermənistan demokratik ölkə deyil. Ermənistanda ciddi, sistematik problemlər var. Ermənistan yeri gələndə Rusiyanın sanksiyalardan qaçması üçün  Avropa mallarını Rusiyaya reeksport edən bir ölkədir. Amma bununla belə Ermənistana dəstək daha böyükdür, nəinki  Azərbaycana. Birincisi, erməni lobbisi ABŞ siyasətinə müəyyən təsir gücünə malikdir. İkincisi də ki, ABŞ özü Cənubi Qafqaz ölkələrini öz iradəsinə tabe edərək həmin ölkələri Rusiyaya qarşı təhrik etməyə çalışır və Azərbaycan da bir növ ABŞ-nin bu planlarını pozan bir ölkə olduğundan onun Azərbaycana qarşı mövqeyində biz bu kəskin məqamların şahidi ola bilərik. Bu siyasət düşünürəm ki, əslində ABŞ-nin milli maraqlarına uyğun siyasət deyildir. ABŞ, sözsüz ki, tarix ərzində balansı siyasətə önəm verən bir ölkə kimi Cənubi Qafqazda bu balansı ciddi şəkildə pozmaqdadır. Düşünürəm ki, bu siyasət ABŞ-yə dividendlər gətirməyəcəkdir. Çünki aydın məsələdir ki, Azərbaycan ABŞ-nin iradəsinə tabe olmayacaq, amma digər tərəfdən də bu siyasət ABŞ-nin regionun strateji cəhətdən ən vacib ölkəsi olan Azərbaycanı itirməsinə gətirib. Bu gün ölkə parlamentində 40-a yaxın nümayəndə də məktub yazaraq Xarici İşlər Nazirliyinə ABŞ-lə ilə münasibətlərə yenidən baxılması təklifini verdilər. Yəni bunlar artıq çox ciddi şəkildə iki ölkə arasındakı münasibətlərdə deqradasiyadan xəbər verir ki, bunun da əsas baiskarı məsələ ABŞ-nin qərəzli, ikili standartlara dayanan siyasətidir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31