İlham Əliyev seçkinin qalibi oldu
“Exit poll”un nəticələri belə deməyə əsas verir
9 Oktyabr 2013 23:15 SiyasətÖtən gün Azərbaycan müstəqillik tarixində sayca altıncı prezident seçkisini keçirərək növbəti beş il müddətinə öz dövlət başçısını seçdi. Seçki prosesini izləyən beynəlxalq müşahidəçilərin də qeyd etdiyi kimi səsvermə prosesi yüksək seçici fəallığı və ciddi qanun pozuntuları olmadan başa çatdı. Prezident seçkilərində iştirak etmək hüququ olan 5 milyon 145 min nəfər seçici səhər saat 8-dən axşam 19:00-dək səsvermə hüququndan istifadə edə bilib. Seçicilərin 2 milyon nəfərini gənclər təşkil edib ki, onlardan da 500 min nəfəri ilk dəfə səsvermədə iştirak etmək hüququ qazananlardir. 5492 məntəqədə səs verən seçicilərdən 3 milyon 439 min 629 nəfəri, ümumi seçicilərin 66,84 faizi öz hüququndan istifadə edərək səsvermə prosesinə qatılıb. Məlumat üçün qeyd edək ki, ölkənin bir nömrəli postu uğrunda aparılan mübarizəyə on nəfər qoşulmuşdu ki, bunlar da hakim Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Şuranın vahid namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev və müstəqil namizəd Zahid Oruc idi.
Oktyabrın 9-da keçirilən seçkiləri əvvəlki seçkilərdən fərqləndirən cəhətlərdən biri də ondan ibarət idi ki, bu dəfəki seçkilərdə yalnız bir deyil, bir neçə təşkilat "exit-poll" həyata keçirirdi. Səsvermə prosesi başa çatdıqdan dərhal sonra seçki günü "exit-poll" həyata keçirən təşkilat və qurumların açıqladığı rəqəmlər seçkinin qalibinin Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlham Əliyev olduğunu deməyə əsas verir. Burada xüsusi diqqət yetirməli məqam ondan ibarətdir ki, keçirilən "exit-poll"ar yalnız məhdud sayda seçki dairələri deyil, bütövlükdə ölkə ərazisini əhatə edib.
QHT Əməkdaşlıq Alyansının sifarişi ilə "Proqnoz" Müstəqil Sosioloji Tədqiqatlar Mərkəzinin keçirdiyi "exit-poll"un nəticələrinə görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 83,89 faiz səslə seçkilərdə qalib gəlib. Sonrakı yeri isə 8,20 faiz səslə Milli Şuranın vahid namizədi Cəmil Həsənli tutub. Üçüncü yerdə isə 1,88 fazi səslə Ümid Partiyasının sədri İqbal Ağazadə qərarlaşıb. "Proqnoz"un açıqladığı nəticələrdən məlum olur ki, ən sonuncu yeri 0,63 fazi səslə Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev tutub. Qeyd edək ki, QHT Əməkdaşlıq Alyansı seçki günü ölkə üzrə 125 seçki dairəsində 939 məntəqədə "exit-poll" keçirib və müşahidələr aparıb.
"Azad Azərbaycan" Mütəqil Teleradio Kompaniyasının sifarişi ilə Fransada fəaliyyət göstərən "Opinion Way" Tədqiqat İnstitutu da 64 DSK üzrə 99 məntəqədə "exit-poll" keçirib. Qrupun keçirdiyi "exit-poll"un nəticələrinə görə Əliyev İlham 82,8 faiz səslə seçkinin qalibi olub. Sonrakı iki yeri isə 9,3 faiz səslə Cəmil Həsənli və 2,9 faiz səslə Qüdrət Həsənquliyev bölüşdürüb.
"Els" Müstəqil Araşdırma Mərkəzinin keçirmiş olduğu "exit-poll"un nəticəsi də demək olar ki, digərlərindən fərqlənmir. Açıqlanan nəticələrə görə, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 80,8 faiz səsini qazanıb.
"Rəy" Monitorinq Mərkəzinin seçki məntəqəsində keçirdiyi "exit-poll" sorğusunun nəticəsinə görə isə Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyev 81,4 səs toplayaraq seçkinin qalibi elan edilib. Cənab İlham Əliyevi 9,1 faiz səslə Milli Şuranın namizədi Cəmil Həsənli təqib edir.
ABŞ-ın "Arthur J.Finkelstein and Associates" şirkəti də Azərbaycandakı prezident seçkilərində keçirdiyi "exit-poll"un nəticələrini elan edib. "APA Holding"in dəvəti əsasında keçirilən "exit-poll"ə əsasən İlham Əliyev - 82,7 faiz səslə birinci, Cəmil Həsənli 8,8 faiz səslə ikinci, Qüdrət Həsənquliyev 1,7 fazi səslə üçüncü yeri tutub.
Göründüyü kimi prezident seçkilərində "exit-poll" keçirən təşkilatların açıqladığı nəticələrə əsaslansaq deyə bilərik ki, oktyabrən 9-da keçirilən seçkilərin qalibi Yeni Azəbaycan Partiyasından prezidentliyə namizəd, hazırkı dövlət başçısı İlhm Əliyev olub. Əslində seçkilərdən bir müddət əvvəl ölkədə müxtəlif sorğu mərkəzləri tərəfindən keçirilən rəy sorğularının da nəticələri onu deməyə əsas verirdi ki, Azərbaycan seçicisi oktyabrın 9-da öz etimadını İlham Əliyevə göstərəcək.
Süleyman İsmayılbəyli