“Happy Baku” MMC bəyanat yaydı
9 Oktyabr 2013 20:40 Siyasət(MSK-nın rəsmi saytında yerləşdirilmış məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi məqsədliə hazırlanmış proqram sınaqdan keçirilərkən yol verilmiş anlaşılmazlığa dair)
Mərkəzi Seçki Komissiyasının sifarişi əsasında seçkilərə aid bütün məlumatların smartfon tipli qurğular vasitəsilə əldə edilməsi və izlənməsini təmin edən proqram modulu və təminatı şirkətimiz tərəfindən həyata keçirmişdir. Proqrama veb kameralar vasitəsilə seçki məntəqələrində səsvermə prosesinin "online" izlənməsi və internet üzərindən canlı yayımı, seçici fəallığı və səsvermənin ilkin nəticələrinin əldə edilməsinin mümkünlüyü də daxildir. Qeyd edilən xidmətlərin yalnız seçki günü istifadəyə açıq olacağı barədə xüsusi tələblərə ciddi əməl olunmasının vacibliyi barədə MSK qarşısında tərəfimizdən öhdəlik də götürülmüşdür.
Proqram təminatının vaxtında və keyfiyyətlə istifadə edilməsinin mümkünlüyünü təmin etmək məqsədilə 15 gün əvvəl həmin proqramı Apple şirkətinə rəsmi təqdim etmək və onunla razılaşdırmaq tələblərinə də əməl edilmişdir.Proqramla iş uğurla başa çatdıqdan sonra onun dəqiq, keyfiyyətli və təyinatı üzrə istifadəsini təmin etmək məqsədilə şirkətimiz tərəfindən 8 oktyabr 2013-cü ildə müəyyən müddət ərzində 1 seçki dairəsi üzrə (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi) aralıq testlər keçirilmiş və proqramın testdən keçirilməsi barədə istifadəçilərə məlumat vermək unudulmuşdur. Apple şirkəti tərəfindən təsdiq edilidyindən proqram modulunda 9 oktyabra təyin edilmiş prezident seçkilərində iştirak edən real namizədlərin adlarından, habelə testin dolğunluğunu təmin etmək məqsədilə əvvəlki seçkilərə aid olan statistik məlumatlardan və bu ilki prezident seçkiləri ərəfəsində keçirilmiş müxtəlif rəy sorğularının ümumiləşdirilmiş nəticələrindən istifadə edilmişdir.Bu isə istifadəçilər tərəfindən haqlı olaraq birmənalı qəbul edilməmiş və seçkilərin imicinə kölgə salmaq niyyətində olan şəxslərə əlavə "arqument" vermişdir.Baş verənlərdən dərin təəssüf hissi keçirir, həmin vaxt proqrama yerləşdirilmiş məlumatların bu ilki seçkilərə heç bir aidiyyətinin olmamasını və yalnız sistemin yoxlanması üçün istifadə olunmuş şərti məlumatlar olduğunu xüsusi qeyd edir və yaranmış anlaşılmazlığa görə MSK-dan və istifadəçilərdən üzr istəyirik.