Azərbaycandan daha bir demokratik seçki nümunəsi

Beynəlxalq müşahidəçilər də seçkinin demokratik keçirildiyini etiraf edirlər

Oktyabrın 9-da Azərbaycanın siyasi həyatında daha bir mühüm hadisə baş verdi. Ölkə vətəndaşları növbəti beş il müddətinə öz dövlət başçısını seçdi. Seçki məntəqələrinin açıldığı səhər saatlarından müşahidə edilən seçici fəallığı ölkə əhalisinin hər ötən il  siyasi aktivliyinin artmasından da xəbər verirdi. Azərbaycan seçiciləri 125 seçki dairəsi üzrə 5492  seçki məntəqəsində səsvermə hüququndan istifadə edirdi ki, hər seçki məntəqəsində də seçicilərin rahatlığı, səsvermə prosesinin yüksək səviyyədə təşkili üçün müvafiq qurumlar tərəfindən lazım olan şərait yaradılmışdı.  Təsadüfi deyil ki, seçki məntəqələrində yaradılan şərait, eləcə də səsvermənin gedişi seçki prosesini izləyən müşahidəçilər tərəfindən də yüksək qiymətləndirilmişdi. Təkcə daxili deyil, həmçinin beynəlxalq müşahidəçilər də oktyabrın 9-da baş tutan seçki prosesindən razılıqlarını ifadə ediblər. Məlumat üçün qeyd etmək yerinə düşər ki, oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasında 40 mindən çox müşahidəçi, o cümlədən 1400-ə yaxın beynəlxalq müşahidəçi qeydə alınıb. Təkcə beynəlxalq müşahidəçilərdən ATƏT Parlament Assambleyasını təmsil edən müşahidə missiyasına 25 nümayəndə daxildir. Onlardan 16 nəfəri 14 ölkəni təmsil edən deputatlardır.  Bundan başqa seçkini ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qısamüddətli müşahidəçiləri də izləyiblər ki,  onların sayı da 280 nəfər olub.  Həmçinin Avropa Şurası Parlament Assambleyasının seçki missiyasının 32 nəfər nümayəndə heyəti və Avropa Parlamentinin 7 nəfərlik missiyası da müxtəlif seçki məntəqələrində seçki prosesini izləyib.  Bu sıraya müxtəlif ölkələrdən təşrif buyurmuş parlamentariləri də əlavə etmək olar. Sevindirici hal ondan ibarətdir ki, seçki prosesini izləyən böyük əksəriyyət beynəlxalq müşahidəçilər səsvermə prosesinin gedişindən razılıqlarını ifadə edib, seçki prosesində ciddi nöqsanların qeydə alınmadığını ifadə ediblər.

ATƏT Parlament Assambleyası müşahidə missiyasının rəhbəri xanım Dorris Barnett Bakıda və Sumqayıtda 7 seçki məntəqəsində müşahidə apardığını və seçki təşkilatçılığından razı qaldığını deyib. Seçici aktivliyini də təqdir edən missiya rəhbəri insanların öz hüquqlarından istifadə etməsi istəyini alqışlayıb.

Avropa Parlamentinin Çexiyadan olan deputatı Jiry Mastalka da müşahidə apardığı Səbayel rayonunun 5 seçki məntəqəsində insanların  qanuna uyğun şəkildə səsvermə hüquqlarından istifadə etdiyini deyib.  Bildirib ki, müşahidə apardığı yerlərdə heç bir pozuntu, hətta heç bir şikayət belə eşitməyib.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, QDİƏT-in Azərbaycanda prezident seçkilərinin gedişatını izləyən müşahidəçilər qrupunun rəhbəri İsmayıl Safi deyib ki, ölkəmiz demokratik seçki keçirən dövlətlərdən biridir və oktyabrın 9-da bunu bir daha sübut etdi.

ATƏT PA-nın vitse-prezidenti Georgi Sereteli isə deyib ki, Azərbaycanda prezident seçkiləri sakit, normal şəkildə, qanuna uyğun keçirilir. Onun sözlərinə görə, seçkilərdə vətəndaşların aktivliyi müşahidə olunur: "Məntəqələrdə çoxlu müşahidəçilər var, ciddi nöqsan yoxdur. Yalnız bir məntəqədə yerli müşahidəçilərdən biri cüzi pozuntunu qeyd etdi. Bir çox məntəqələrdə veb-kameralar var. Əgər bu cür davam etsə, sonda bu proses tərəqqi kimi qiymətləndiriləcək".

Türkiyə Parlamentinin CHP-dən olan deputatı Ensar Oğut da bildirib ki, Azərbaycanda seçkilər tam şəffaf şəkildə keçirilir və bu şəffaflıq davam etməlidir: "Seçkilər çox gözəl, demokratik, şəffaf keçirilir, seçki məntəqələrinə kameralar quraşdırılıb. Seçicilərə heç bir təzyiq göstərilmir. İnsanlar tam sərbəst şəkildə səs veriblər".
Qayana Parlamentinin spikeri, beynəlxalq müşahidəçi Rafael Trotman isə qeyd edib ki,  insanlar həvəslidir, məntəqələrdə çoxsaylı seçici müşahidə olunur: "Çox aktiv və davamlı səsvermə prosesi gedir. Prezident seçkisi ilə bağlı təşkilati vəziyyət yüksək dərəcədədir. İşçilərin peşəkarlığı hiss edilir: Bir məntəqədə açılış mərasimində iştirak etdim. Himn oxundu, çox bəyəndim. Açılışdan əvvəl himnin oxunması bu prosesə necə ciddi yanaşıldığını göstərir. Əvvəllər başqa ölkələrin də seçki proseslərində iştirak etmişəm. Onu deyə bilərəm ki, burada keçirilən seçkilər bütün normalara uyğun şəkildə aparılır".MDB Müşahidə Missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsinin sədri - icraçı katibi Sergey Lebedev də bildirib ki,  seçicilərin səsvermədə öz hüquqlarını ifadə etmələri üçün bütün şərait yaradılıb. GUAM-ın baş katibi, bu təşkilatın Müşahidə Missiyasının rəhbəri Valeri Çeçelaşvili  isə deyib ki, Azərbaycanda prezident seçkilərinə hazırlıq yaxşı səviyyədə aparılıb: "Mən də daxil olmaqla GUAM-dan olan müşahidəçilər bir sıra seçki məntəqəsinə baş çəkdik və orada seçkilərə yaxşı hazırlığın şahidi olduq. Ümumilikdə mənim qiymətləndirməm müsbətdir. Biz gördüklərimizdən çox məmnunuq".
Avropa Şurası Parlament Assableyasının (AŞPA) müşahidə missiyasının rəhbəri, İngiltərə parlamentinin üzvü Robert Valter  də müşahidə apardığı seçki məntəqələrində hər şeyin qaydasında olduğunu söyləyib.

Mərkəzi Avropa Siyasi Monitorinq Qrupuna daxil olan Amerika müşahidəçi qrupunun üzvü Solomon Porfilio Ortiz seçkilərin açıq və şəffaf mühitdə keçirildiyi qənaətini ifadə edib. Bildirib ki, müşahidə apardıqları seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə almayıb: "Hər şey ABŞ-dakı kimidir. Hətta seçici aktivliyi ABŞ-dakından yüksəkdir".

Almaniya müşahidə missiyasının üzvü, Almaniya parlamentinin üzvü Haqqı Kəskin də müşahidə apardığı müddətdə seçki məntəqələrində heç bir neqativ hal qeydə almayıb: "Məntəqələrdə seçki aktivliyi müşahidə olunur. "Exit-pollar"ın təşkili çox bəyəniləndir. Bu, seçkilərin şəffaf keçirilməsində çox yaxşı addımdır".

İslam Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının rəhbəri Habib Kabaçi səsvermə prosesinin çox yaxşı təşkil olunduğunu vurğulayıb və bildirib ki, bu, demokratiya və yaxşı idarəçiliyə doğru atılmış düzgün addımlardan biridir. O,  səsvermə prosesinə gələnlər arasında gənclərin sayının çox olduğunu vurğulayaraq bunu yüksək qiymətləndirib.

Almaniyalı müşahidəçi Sara Naxama isə müsbət amil kimi seçki prosesində heç bir siyasi gərginliyin olmamasını göstərib. O, qeyd edib ki, hazırda Azərbaycanda qalmaqaldan kənar bir seçki prosesi gedir: "İnsanlar çox mehribandırlar. Bizim suallarımıza çox yaxşı cavab verirdilər. Biz hər yerə rahat gedə bilirik. İnsanlar bir-birinə qarşı çox anlayışlıdırlar. Bəzi ölkələrdə olduğu kimi heç kəs kimisə əzib qabağa keçmək istəmir. Ən əsası insanlar qanunlara riayət edirlər".

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Assambleyasından Azərbaycanda prezident seçkilərinin gedişini izləyən yunanıstanlı müşahidəçi Evangelos Venetisin sözlərinə görə isə Azərbaycanda keçirilən prezident seçkiləri ölkənin regionun lideri kimi qalmasının təminatıdır. Onun sözlərinə görə, Yunanıstan Azərbaycana yalnız iqtisadi sahədə deyil, həm də siyasi, mədəniyyət və digər sahələrdə əhəmiyyətli tərəfdaş kimi baxır: "Yunanıstanda Azərbaycan üçün əhəmiyyətli olan bu günə böyük diqqət yetirirlər. Biz bu gün keçirilən seçkilərə Avropa istiqamətində olan inkişafın bir hissəsi kimi baxırıq və bu inkişafı dəstəkləyirik və dəstəkləyəcəyik".

Moldova Mərkəzi Seçki Komissiyasının  sədri Yuri Çokan isə Azərbaycanda prezident seçkiləri üçün hər şeyin yüksək səviyyədə hazırlandığını ifadə edib. Onun sözlərinə görə, seçki məntəqələri açılan kimi beynəlxalq nümayəndə heyətinin tərkibində məntəqələrə baş çəkirlər: "Seçkilər ştat rejimində keçir, səhər saatlarında məntəqələrin açılması ilə əlaqədar bütün prosedurlarda iştirak etmişik, yəni bura seçki qutularının möhürlənməsi, seçki bülletenlerinin sayılması, müşahidəçilərin qeydiyyata alınması daxildir. Bütün seçki məntəqələrində logistika yaxşı səviyyədədir. Bakıda bir çox seçki məntəqələrində və şəhərdən kənarda veb-kameralar quraşdırılıb". Yuri Çokan qeyd edib ki, hər şey yüksək səviyyədə hazırlanıb: "Fikrimizcə, seçki fəallığı olduqca yüksək olmalıdır. Çünki biz səhər saatlarından insanların seçki məntəqələrinə gəlməsinin şahidi olmuşuq. Hətta məntəqələrin birində növbə yaranıb".

Avropa Parlamentinin üzvü, Polşa Seyminin sabiq senatoru Yaçek Vlayslav Vloşoviç Azərbaycanda keçirilən prezident seçkilərində seçicilərin iştirakından razılığını bildirib. O, hər şeyin əla olduğunu söyləyib: "Düşünürəm ki, seçicilərin iştirakı bizim ölkəmizdəkindən daha çoxdur". Avropa Parlamentinin üzvü deyib ki, bu cür mənzərəni görmək, insanların marağını müşahidə etmək çox maraqlıdır: "Divarlarda seçicilərin siyahısı asılıb. Digər ölkələrdən də müşahidəçilər var. Hər şey qaydasındadır. Səhər məntəqələr vaxtında açılıb".
Avropa Parlamentinin üzvü, partiya sədri, Bolqarıstandan olan müşahidəçi Slavi Pentelev Binev isə deyib ki, Azərbaycandakı seçkilər öz ölkəsindəki ilə müqayisə edilsə bu seçkiləri daha ədalətli saymaq olar: "Məncə, burdakı seçkilər bizdəki seçkilərdən daha ədalətlidi. Bu mənim şəxsi fikrimdir. O, bir neçə məntəqədə olduqlarını və hər şeyin qaydasında, normal olduğunu müşahidə etdiklərini qeyd edib: "Mən seçkiqabağı hazırlıqları da dəyərləndirmək istəyirəm. Belə bir məlumatım var ki, seçkilərdən əvvəl bütün namizədlərə özlərini ifadə etmək üçün mediada şərait yaradılıb". Beynəlxalq müşahidəçi əhalinin də seçkilərdə iştirakının çox intensiv olduğunu bildirib.
Avropa Strateji Kəşviyyat və Təhlükəsizlik Mərkəzinin seçkiləri müşahidə missiyasının Belçikadan olan üzvü Racimira Vilyamas isə məhkumlara səsvermə hüququnun verilməsini yüksək dəyərləndirib. Onun sözlərinə görə, bu demokratiyanın ən yüksək göstəricisidir:  "Azərbaycanda Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində səsvermənin gedişini izlədim. Burada heç bir qanun pozuntusu ilə rastlaşmadım. Səsvermənin keçirilməsi üçün hər cür şərait yaradılıb. Hətta məni təəccübləndirdi ki, Azərbaycanda məhkumlar da səsvermə hüququndan istifadə edə bilir. Bu, demokratiyanın ən yüksək göstəricisidir".

Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəz Demokratlar (CAPDİ) təşkilatının üzvü Muhammad Jusuf Kalla seçki məntəqələrində apardığı müşahidə nəticəsində heç bir neqativ halla qarşılaşmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda seçki prosesi şəffaf və demokratik istiqamətdə keçirilir: "Apardığımız müşahidələr əsasında deyə bilərəm ki, həm biz, həm də seçicilər hüquq pozuntuları ilə rastlaşmayıb. Məntəqələrdə xüsusilə yerli və xarici müşahidəçilərin öz vəzifələrini icra etmələri üçün lazımı şərait yaradılıb. Seçki məntəqələrində quraşdırılan kameralar şəffaflığın təminatıdır. Onu da diqqətinizə çatdırım ki, getdikcə seçici aktivliyi müşahidə olunur. Seçkilərdə iştirak etməkdə və ölkə prezidentini seçməkdə vətəndaşlar biz gözlədiyimizdən də çox maraqlıdırlar".

Azərbaycanda prezident seçkilərini izləyən indoneziyalı beynəlxalq müşahidəçi İmmmanuel Robert İnkiriwang seçki prosesindən razı qaldığını deyib: "Azərbaycana ilk səfərimdir. Seçki müşahidəçisi kimi ilk təcrübəmdir. Bir həmkarımla Xətai rayonunda seçki məntəqəsində oldum, hər şey yaxşı idi. Səhər erkən vaxtlarda az adam gəlmişdi. Amma günortaya doğru say artmağa başladı. Hardasa 300-400 seçici, kifayət qədər çox idi. 1400 nəfərin seçici siyahısında olmasını nəzərə alaraq bu rəqəm kifayət qədər qənaətbəxşdir. Texniki cəhətdən hər şey qaydasında idi. Ümumiyyətlə, 6 seçki məntəqəsində olmuşam. Məntəqələrdən birində MSK kameraları bir tərəfdə qurulmuşdu, bütün mənzərəni göstərə bilmirdi. Ümumilikdə deyə bilərəm ki, proseslər yaxşı gedir. İşçilər çox mehriban idilər".

MDB-dən olan müşahidəçilər Valeri Samokvotov, Vladimir Sobriyev və Marat İslamov isə Oğuz və Qəbələdə 116 və 117 saylı DSK-larda müşahidə aparıblar. Səhər saatlarından etibarən hər iki dairə üzrə 10-dan çox məntəqədə olduqlarını deyən müşahidəçilər maarifləndirmə tədbirlərinin, seçicilərin aktivliyindən razı qaldıqlarını söyləyiblər: "Biz Azərbaycanda sabitliyin inkişafa doğru getdiyini görürük. Azərbaycanda iqtisadi inkişafın şahidiyik. Bu seçkilər sübut edir ki, gələcəkdə Azərbaycan iqtisadi inkişaf tempini artıracaq". Azərbaycandakı seçkiləri MDB ölkələri də müqayisə aparan müşahidəçilər, MDB-də ən yüksək səviyyədə seçki təşkil olunan və çox müsbət reaksiya olan ölkənin Azərbaycan olduğunu da sözlərinə əlavə ediblər.

Prezident seçkilərini müşahidə etmək üçün Bakıya gəlmiş Belarus Mərkəzi Seçki Komissiyasının sədri xanım Lidiya Ermoşina səsvermə prosesini müşahidə etdiyi məntəqələrdə seçici fəallığının olduğunu deyib və qanun pozuntusuna rast gəlmədiyini vurğulayıb: "İnanıram ki, səsvermə azad, şəffaf və demokratik şəraitdə başa çatacaqdır".

Rumıniya parlamentinin üzvü, "Seçkilərin müşahidəsi üzrə Avropa Akademiyası" QHT-nin nümayəndəsi Tudor Çiuariu da hesab edir ki,  oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri zamanı səsvermə prosesi yüksək səviyyədə təşkil edilib. Çiuariunun sözlərinə görə, o, 10-dan artıq seçki məntəqəsində olub. Bildirib ki, müşahidələr zamanı  ciddi pozuntularla rastlaşmayıb: "Seçki komissiyasının bütün üzvləri etməli olduqlarını edirlər. Seçicilər necə səs verməli, seçkinin necə keçirilməsi prosesi haqqında maarifləndiriliblər. Seçki prosesi normal şəraitdə keçir".

Finlandiyadan olan müşahidəçi, ölkə parlamentinin üzvü Tom Erik Pakalen də Azərbaycanda prezident seçkilərinin öz qaydasında getdiyi qənaətindədir: ""Mən seçkilərin gedişindən məmnunam. Hər şey qanun çərçivəsində olub. Hansısa qanun pozuntusu qeydə alınmayıb". O, yüksək seçici fəallığını, seçki məntəqələrinin yaxşı təchiz edildiyini qeyd edib.

Türkiyə Böyük Millət Məclisinin üzvü, hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının Gümüşhanədən olan millət vəkili Feramuz Üstün də Azərbaycanda yüksək seçici fəallığının olduğu qənaətindədir. O, bildirib ki, Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı Sumqayıtda bir sıra seçki məntəqələrində müşahidələr aparıb.  Müşahidələr zamanı seçki prosesinin öz qaydasında, şəffaf keçdiyini qeydə alıb: "Bizim müşahidələrimiz zamanı heç bir qanun pozuntusu və ya şikayət daxil olmayıb".

Türkiyənin Bayburt vilayətindən millət vəkili Bünyamin Özbək isə Azərbaycanda baş verən demokratik irəliləyişləri alqışlayıb: "Biz bir millət, iki dövlətik və seçkilərdə kimin qələbə çalmasından asılı olmayaraq, Azərbaycan xalqı üçün demokratik və daha da inkişaf etmiş bir ölkənin olmasını arzu edirik". Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Böyük Britaniyadan olan üzvü Mayk Hankok isə seçki prosesinin olduqca rahat keçdiyini ifadə edib:  "Azərbaycanda keçirilən prezident seçkilərinə start veriləndən bu vaxta qədər tamamilə heç bir hüquq pozuntusu müşahidə etməmişəm. Proses həqiqətən asan və rahat keçir". O, xüsusi olaraq Azərbaycan qadınlarının seçkilərdəki fəallığına diqqət çəkib: "Onlara böyük ehtiramımı çatdırmaq istərdim. Çünki seçkilərin keçirilməsində olduqca keyfiyyətli təşkilatçılıq edirdilər. Ən azı 10 seçki məntəqəsində olmuşam. İnsanların şikayət edə biləcəyi ən xırda nöqsan belə yox idi. Digər mühüm cəhət isə insanların çoxlu sayda seçkilərə gəlməsidir. Onların üzündə sevinc hissi var idi. Heç kim əsəbi, stressli deyildi. Ümumilikdə deyə bilərəm ki, bu gün çox uğurlu keçir və inanıram ki, belə də davam edəcək".

Fransa Milli Assambleyasının üzvü, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Tyerri Mariani də vətəndaşların seçkidəki fəallığından razı qalıb. Azərbaycanda dəfələrlə olduğunu deyən fransalı parlamentari artıq dördüncü dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə etdiyini vurğulayıb: " Bu, mənim sizin ölkənizdə müşahidə etdiyim dördüncü seçkidir. Sonuncu dəfə 2010-cu ilin noyabr ayında keçirilən seçkilərdə iştirak etmişəm". Onun sözlərinə görə, bugünkü seçkilərdə böyük inkişaf, irəliləyiş müşahidə edib: "Bu gün seçkilər daha şəffaf şəkildə keçir. Mən diqqətlə izləyirdim, sizin prezidentliyə 10 namizədiniz var. Onların bəzilərinin təşviqat plakatlarını şəhərdə gördüm. Həmçinin televiziyada debatlara da baxmışam. Düzdür, onlar bəzi ölkələrdə olduğu kimi, çox gərgin olmasalar da, hesab edirəm ki, yaxşı istiqamətdə gedirdi".
Çexiya Diplomatik Akademiyasının direktoru, ölkənin sabiq xarici işlər naziri Kiril Svoboda seçki prosesinin nörmal ölkələrdə olduğu kimi düzgün və şəffaf keçirilməsinin şahidi olduğunu qeyd edib. O, bir neçə seçki məntəqəsində səsvermə prosesini yaxından izlədiyini də söyləyib: "Biz səs verən vətəndaşlarla da görüşüb söhbət etmişik. Heç bir qanun pozuntusuna rast gəlməmişik. Seçki mühiti çox açıq və yaxşı idi, eyni zamanda, insanlarda yaxşı əhval-ruhiyyə müşahidə olunurdu".

Almaniya Bundestaqının üzvü Egon Juettner də bir neçə seçki məntəqəsində seçki prosesini izlədiyini, lakin ciddi qanun pozuntusu ilə qarşılaşmadığını söyləyib. O, bildirib ki, seçkilər normal məcrada keçib: "Burada da Almaniyadakı kimi insanlar seçkidə fəal iştirak edirlər. Hətta məntəqələrin birində saat 8:00-dan əvvəl belə insanlar gəlmişdi. Sadəcə, seçki prosesi başlamadığından onları içəri buraxmırdılar. Bu mənzərəni görmək çox maraqlıdır. Bu yaxşıya işarədir. Burada da seçki prosedurları Almaniyada olduğu kimidir".

Göründüyü kimi seçki prosesini izləyən beynəlxalq müşahidəçilər artıq ilkin rəylərini açıqlayıblar. Əksər beynəlxalq müşahidəçilərin mövqeyi bundan ibarətdir ki, oktyabrın 9-da Azərbaycan hakimiyyəti və ölkə vətəndaşları azad və demokratik seçki keçirməklə dünyaya bir daha demokratik dəyərlərə hörmət etdiyini, bu yolu tutduğunu sübuta yetirdi. Elə beynəlxalq müşahidəçilər də bunu açıq şəkildə etiraf edirlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00