“Bu ölkənin inkişafına cəhd edənlərin qalib gəlməsini istəyirəm”
9 oktyabr- Azərbaycan tarixində yeni bir səhifə yazılır
10 Oktyabr 2013 01:00 Siyasət9 oktyabr Azərbaycanda növbəti beş il üçün prezident seçkiləri kimi tarixə düşdü. Bu dəfəki seçkilərdə 10 namizəd iştirak etdi. Hazırkı dövlət başçısı, YAP sədri İlham Əliyev, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Demokratik Qüvvələrin Milli Şurasının namizədi Cəmil Həsənli, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Məmmədov və namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucdur.
Qeyd edək ki, ölkə üzrə 5 milyon 141 min nəfər səsvermə hüququna malikdir. Seçicilər 125 Seçki Dairəsi üzrə 5491 seçki məntəqəsində səs verir. Seçki məntəqələrinin 5273-nün fəaliyyəti daimi, 219-nun fəaliyyəti isə müvəqqəti xarakter daşıyır.
Seçkilərdəki vəziyyəti yerində izləmək məqsədilə seçki məntəqələrinə baş çəkdik. Nəsimi 27 saylı seçki məntəqəsi qarşısında tünlük müşahidə olunurdu. Bütün yaş qrupundan insanlar səs vermək hüquqlarından istifadə etmək niyyətilə məntəqəyə axışırdı. Əldə etdiyimiz məlumatdan bəlli oldu ki, səhər saatları olmasına baxmayaraq, 1256 nəfər seçicidən artıq 300 nəfərdən çoxu seçkidə iştirak edib. Müşahidə şurasının üzvləri budəfəki seçkilərdə fəallığın daha çox müşahidə olunduğunu bildirdilər.
Seçicilər arasında yaşlı bir xanım diqqətimi cəlb etdi. Ayağında problemi olduğu üçün çətinliklə yeriyən ağbirçək ana öz vəzifəsini yerinə yetirmək üçün gəldiyini dedi. Əslən Qusar rayonundan olan Aydəmirova Xanağa xanım bugünkü hakimiyyəti dəstəklədiyini, ölkənin bundan sonrakı daha da sürətli inkişafına əmin olduğunu da vurğuladı.
Yasamaldakı 11 saylı seçki məntəqəsində apardığımız müşahidələrdə seçici fəallığı nəzərə çarpırdı. Ömrünün 18-ci ilinə qədəm qoyan gənc tələbə xanım birinci dəfədir ki, səs hüququndan istifadə etdiyini bildirdi. Xanım: "Deyirlər ki, səslər nəzərə alınmır. Saxtakarlıq var və s. amma mən bunlara inanmıram. Hər bir vətəndaş özü gəlib səs versə, öz namizədini seçdiyi üçün ürəyi rahat olar. Mən də öz məsuliyyətimi hiss edirəm və öz vəzifəmi yerinə yetirdim". 16 saylı Yasamal seçki dairəsinin adı keçən 11 saylı seçki məntəqəsindən aldığımız məlumatda seçici siyahısında 1410 seçicinin səs verəcəyi bildirildi. Səhər saat 12-də artıq adı keçən məntəqədə 500-dən yuxarı seçici öz səsvermə hüququnu istifadə etmişdi. Bu məntəqədə də əvvəlki illərdən daha çox canlanma yaşandığını bildirdilər: " Vətəndaşlarımız səs vermək üçün məsuliyyət hiss edirlər. Məntəqədə hər hansı bir qayda pozuntusu yoxdur. Müəyyən texniki problemlər ucbatından qonşu məntəqəyə getməli olan bir-iki nəfər ünvanı səhv salıb. Bu problem də aradan qaldırılıb".
Yaşlı nəslin nümayəndəsi olan, vaxtilə AMEA-da çalışdığını bildirən Eyvaz Eyvazov səsvermə hüququndan isifadə etdiyini dedi. İstəklərini də dilə gətirdi: "Mən istərəm ki, xalqın xeyrinə, millətin xeyrinə iş görə bilcək insan qalib gəlsin. Dağlıq Qarabağ məsələsi həll olsun. Insanların yaşayış səviyyəsi yüksəlsin. Millətimiz yaxşı yaşasın. Buna kim cəhd edirsə, onun qalib olmasını arzu edirəm. Elmlə məşğul olan adamların maaşları az olduğuna görə xaricə gedən alimlərimiz çoxdur. Onlara diqqət verilməsini vacib hesab edirəm".
Yasamaldakı 12 saylı məntəqədə isə 1331 ceçicinin olduğunu onlardan 3 saat ərzində 260 nəfərinin seçkidə iştirak etdiyini öyrəndik. Bu məntəqədə seçicilərin fəallığının qane etdiyi bildirildi.
1-saylı Bunəqədi seçki dairəsinin 37 saylı seçki məntəqəsindən əldə etdiyimiz məlumatda heç bir qayda pozuntusunun yaşanmadığını öyrəndik. Adı keçən məntəqədə 1039 seçiçi səs verəcək ki, saat dördə olan məlumatda seçicilərin artıq 50 faizdən çoxunun səs verdiyi bildirildi.
Qeyd edək ki, prezidentliyə namizəd İlham Əliyev Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib. Prezident İlham Əliyevin səsvermə anını respublikamızın və xarici ölkələrin mətbuat orqanlarının, televiziya kanallarının nümayəndələri izləyiblər.
Mehriban xanım Əliyeva və ailə üzvləri də səs veriblər. Prezident İlham Əliyev beynəlxalq müşahidəçilərlə də görüşüb. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov gün ərzində keçirdiyi mətbuat konfransındam xarici nümayəndələrin seçki komissiyalarının fəaliyyətini çox yüksək qiymətləndirdiyini bildirib. M.Pənahov deyib ki, xarici nümayəndələr seçkilər zamanı aşağı seçki komissiyalarının üzvlərinin peşəkarlığını qeyd edirlər: "Ümumi dinamika deməyə əsas verir ki, seçicilər prezident seçkilərində fəaldırlar. Bu, sevindirici faktordur. Ümumilikdə komissiyaların fəaliyyəti barədə çox yüksək fikirlər söyləyirlər".
Aygün