9 oktyabr mənzərəsi…

Azərbaycan vətəndaşları prezident seçkisindən razı qaldılar

Oktyabrın 9-da Azərbaycanda prezident seçkisi keçirilib. Seçkidə 10 namizəd mübarizə aparıb. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur. Qeyd olunan namizədlər təhkim olunduqları məntəqələrə gedərək səs veriblər. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ölkədə keçirilən seçkilərlə əlaqədar jurnalistlərə verdiyi açıqlamasında bildirib ki, səsvermə prosesində iştirak edən seçicilərin fəallığı yüksək səviyyədədir: "Qeydə alınan göstəricilər bizi tam qane edir. Müxtəlif xarakterli müəyyən müraciətlər olur, amma MSK-ya səsvermənin nəticələrinə, hətta məntəqə səviyyəsində belə təsir edə biləcək hər hansı bir ciddi pozuntu rəsmi şəkildə daxil olmayıb". MSK-nın Seçkilər İnformasiya Mərkəzinin rəhbəri Rüfət Gülməmmədovdan da yerli mətbuata verilən məlumata görə, seçicilərdən MSK-ya şikayət xarakterli müraciətlər daxil olmayıb. Müraciətlər seçici siyahılarında adlarının olmaması, hansı seçki məntəqəsində səs vermələrinin dəqiqləşdirilməsi ilə bağlıdır. Qurumun qaynar xəttinə daxil olan müraciətlər əsasən texniki xarakterli olub, şikayət xarakterli müraciətlər isə qeydə alınmayıb.

***

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası prezident seçkiləri və səsvermə prosesinin gedişi barədə məlumat yayıb. BAXCP-nin baş katibi, Seçki Qərargahının rəhbəri Söhrab Abdullayev səsvermə prosesini normal qiymətləndirib. S.Abdullayev bildirib ki, seçkilərin gedişi zamanı heç bir ciddi qanun pozuntusuna rast gəlinməyib. YAP-ın Gənclər Təşkilatının sədri Seymur Orucov da seçki prosesində hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirib və qeyd edib ki, əvvəlki seçkilərə nəzərən bu il seçicilər prosesdə yüksək fəallıq nümayiş etdiriblər: "Seçkilər tam demokratik şəkildə baş tutub və seçki məntəqələrində qanun pozuntularının olması üçün heç bir şərait olmayıb". Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məkkədə səs verib. A.Paşazadənin sözlərinə görə, zəvvarlar yüksək fəallıq nümayiş etdiriblər. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə də Mərkəzi Seçki Komissiyasının məşvərət hüquqlu üzvü kimi Qaradağ rayonunun Ələt qəsəbəsində səsvermə prosesini müşahidə edib. A.Mirzəzadə bildirib ki, səsvermə prosesi zamanı heç bir qanun pozuntusuna rast gəlməyib: "Seçicilərin sənədləri yoxlanılıb, barmaqlarına görünməyən rəng vurulduqdan sonra bülleten almağa buraxılıblar. Məntəqədə gizli səs vermək üçün bütün şərait yaradılıb". Səsvermədə iştirak edən maliyyə naziri Samir Şərifov, MSK sədri Məzahir Pənahov da seçkidəki ümumi mənzərədən razı qaldıqlarını bildiriblər. Seçki prosesini yaxından izləyən Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı da seçkilərin tam demokratik, şəffaf və ədalətli keçirildiyini deyib. Müxtəlif seçki dairələrində apardığımız sorğulara əsasən Mili Şura, AXCP, Sosial Demokrat Partiyası, Ədalət Partiyası, "EL" Hərəkatından olan müşahidəçilər də seçkidəki aktivlikdən və ciddi qanun pozuntusunun qeydə alınmamasından razı qaldıqlarını ifadə ediblər.  Millət vəkili Fuad Muradov öz növbəsində qeyd edib ki, vətəndaşlar böyük ruh yüksəkliyi ilə səsvermək üçün seçki məntəqələrinə gəliblər. Azərbaycanın eks-prezidentı Ayaz Mütəllibov və ailəsi səsvermədə iştirak edib. Daha sonra jurnalistlərə açıqlama verən A.Mütəllibov bildirib ki, sərbəst şəkildə, azad formada seçim edib: "Vətəndaşlara belə seçki şəraitinin yaradılmasından da məmnunam. Uzun müddətdir seçkidə iştirak etmədiyimə görə ilk dəfədir ki, yeniliklərin, o cümlədən barmağa mürəkkəb vurulmağının şahidi oluram. Hər şey qaydasındadır".

***

"Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının müşahidəsinə əsasən seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunub. QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov qeyd edib ki, Alyans ölkə üzrə prezident seçkilərinin monitorinqini həyata keçirib və exit-poll aparır. İlkin qənaəti ondan ibarətdir ki, vətəndaşlar yüksək seçici fəallığı nümayiş etdirib və qanun pozuntusu qeydə alınmayıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Azad və ədalətli seçkilər uğrunda" Jurnalist Təşkilatları-QHT Koalisiyası  "2013-cü il prezident seçkilərinin monitorinqi" layihəsi çərçivəsində 15 DSK üzrə 150  məntəqədə müşahidə aparıb.Təşkilatın qənaətinə görə, seçki məntəqələri qanunvericiliklə nəzərdə tutulan vaxtda açılıb. Səsvermə üçün kabinələr Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada formalaşdırılıb. Seçicilərin anonim şəkildə, fərdi qaydada səsverməsi üçün bütün müvafiq şərait yaradılıb. Seçki məntəqələrində səsvermənin müşahidəsi, KİV nümayəndələrinin səsverməninin gedişini işıqlandırmaları ilə bağlı hər hansı problem, müdaxilə qeydə alınmayıb. Səsvermə sakit məcrada, insidentsiz keçirilib, seçici fəallığı yüksək olub. "Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi" İctimai Birliyi 306 seçki məntəqəsi olmaqla, 34 seçki dairəsində müstəqil "Exit-poll" tədqiqatı aparıb. "Exit-poll" tədqiqatlarının nəticələrinə görə seçici aktivliyi kifayət qədər yüksək olub, seçicilərin seçki məntəqələrinə gəlməsi üçün inzibati resurslardan geniş istifadə edilib. Beyləqan Gənclərinin Maarifləndirilməsi İctimai Birliyinin rəsmisi Asif Quliyev bildirib ki,
respublikanın rayonlarında da yüksək seçici fəallığı müşahidə edilib. Seçicilər heç bir müdaxilə və təzyiq olmadan seçki məntəqələrinə gələrək öz seçimlərini ediblər.

***

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov və köməkçisi Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında keçirilən prezident seçkilərini müşahidə ediblər. E.Behbudovdan mətbuata verilən açıqlamaya görə, istintaq təcridxanasında saxlanılan bütün təqsirləndirilən şəxslər seçkidə iştirak ediblər. Hər hansı neqativ hal qeydə alınmayıb. Mətbuat Şurasında yaradılan qaynar xəttə seçki prosesini izləyən jurnalistlərdən şikayət daxil olmayıb.
MTN seçki prosesinin şəffaf keçirilməsi üçün lazımi şərait yaradıb. Ölkə üzrə digər cəzaçəkmə müəssisələrində də məhbusların səsverməsi üçün lazımi şərait yaradılıb və heç bir qanun pozuntusu qeydə alınmayıb. Qeyd edək ki, hökumətin məhbusların səsverməsi üçün yaratdığı şərait dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub. Bundan başqa iş başında olan vətəndaşlara da səs vermələri üçün şərait yaradılıb. Həmçinin Azərbaycanın 12 minə yaxın vətəndaşının xarici ölkələrdə səs verməsi üçün bu ölkələrdə 38 seçki məntəqəsi yaradılıb. Diplomatik missiyalarda yaradılmış məntəqələrdə ümumən 12 minə yaxın Azərbaycan vətəndaşı qeydiyyatdan keçib. Ən çox seçici MDB ölkələrində qeydə alınıb. Azərbaycanla yanaşı xarici dövlətlərdə yaşayan vətəndaşlar da səsvermədə iştirak ediblər. Məkkəyə Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar ilk dəfə olaraq Səudiyyə Ərəbistanında səsvermədə iştirak ediblər. Zəvvarlar Məkkə şəhərində təşkil edilən 17 saylı Yasamal III seçki dairəsinin 46 saylı məntəqəsində səs veriblər. Azərbaycanın Rusiyadakı səfirliyində açılmış seçki məntəqəsində də səsvermə baş tutub. Rusiyada yaşayan azərbaycanlılar səsvermədə iştirak ediblər. Səfir Polad Bülbüloğlunun sözlərinə görə, fəallıq kifayət qədər yüksək olub. "AzərRos"un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov da Rusiyada keçirilən sesvermədə iştirak edib. Rusiyadan başqa Azərbaycanın Türkiyə, Ukrayna, Hollandiya, Gürcüstan, Qazaxıstan, İran və digər ölkələrdəki səfirliklərində də vətəndaşlarımızın səsvermədə iştirak etməsi üçün normal şərait yaradılıb, nümayəndəliklərin siyasında qeydiyyatdan keçən seçicilər səs veriblər. Azərbaycanın Macarıstanda yaşayan vətəndaşları da prezident seçkiləri günü dəstəklədikləri namizədə səs veriblər. Bu məqsədlə Azərbaycanın Macarıstandakı səfirliyi seçicilərin Avstriyanın Vyana şəhərinə aparılmasını həyata keçirib. Macarıstana ən yaxın seçki məntəqəsi Vyanada, Azərbaycan səfirliyinin binasında yaradılıb. Burada da seçki normal mühitdə baş tutub.

Qeyd edək ki, ölkə üzrə 125 seçki dairəsi üzrə 5 492 seçki məntəqəsi fəaliyyət göstərib. Seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfər olub.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00