Prezident seçkiləri dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin də diqqət mərkəzində
9 Oktyabr 2013 16:55 SiyasətAzərbaycanda keçirilən prezident seçkiləri dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin də diqqət mərkəzindədir. AZADİNFORM xəbər verir ki, "Euronews" telekanalı və "Reuters" agentliyi, eləcə də ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və bir sıra digər ölkələrin kütləvi informasiya vasitələri ölkəmizdə keçirilən seçkilərə xəbər bülletenlərində geniş yer ayırıblar.
Türkiyənin "TRT haber" telekanalında yayımlanan süjetdə səsvermənin səhər saat 8:00-da başlandığı xəbər verilib, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda sayca yeddinci prezident seçkilərinin keçirildiyi bildirilib. Süjetdə əsas diqqət seçkilərdə şəffaflığın təmin olunması üçün seçicilərin barmaqlarının mürəkkəblənməsinə yönəldilib.
Rusiyanın "İTAR-TASS" agentliyinin Azərbaycandakı seçkilərlə bağlı diqqəti cəlb etdiyi əsas məqam 1000 məntəqədə veb-kameraların quraşdırılması və istənilən şəxsin səsvermə prosesini canlı izləməsi olub. Səsvermə günü ölkədə təhlükəsizliyin yüksək səviyyədə təmin olunması da rusiyalı jurnalistlərin diqqətindən kənarda qalmayıb.
"RİA-Novosti" agentliyinin xəbərində isə səsvermənin gedişinin 1400-ə yaxın beynəlxalq müşahidəçi tərəfindən izlənildiyi, müxtəlif təşkilatların "exit-poll" keçirdiyi vurğulanıb.
"Euronews" telekanalında yayımlanan reportajda Azərbaycanda əhalinin firavan həyat şəraitindən söhbət açılır. Ölkəmizdə çoxsaylı müasir otellərin, göydələnlərin tikildiyi bildirilir. Bütün bunlar Azərbaycanın əldə etdiyi uğurlar kimi qiymətləndirilir.
"Euronews"un reportajında son illərdə Azərbaycandakı iqtisadi inkişafa diqqət cəlb edilərək ölkəmizdə adambaşına düşən ümumi daxili məhsulun həcminin xeyli artdığı vurğulanıb, bunun bütün dünyada ən böyük göstərici hesab olunduğu bildirilib.
"Reuters" agentliyi də Azərbaycanda keçirilən prezident seçkilərinə yer ayırıb. Agentlik əsas diqqəti seçkilərə son hazırlıq prosesi və səsvermənin gedişinə cəlb edib.