Seçicilərin ən populyar namizədi İlham Əliyevdir
Seçki məntəqələrində aktivlik müşahidə olunur
9 Oktyabr 2013 15:42 Siyasət9 oktyabr səhər saat 08:00 radələrindən Azərbaycanda prezident seçkisinə start verilib. Artıq Bakı şəhərində müxtəlif seçki dairələrində tədricən müəyyən nəticələr əldə olunmaqdadır. Ölkə üzrə keçicilən seçki 12 saylı Qaradağ-Binəqədi Yasamal Seçki Dairəsinin 30 saylı Seçki Məntəqəsində (SM) də davam edir. SM sədri Samirə Abdullayeva və müxtəlif təşkilatları təmsil edən müşahidəçilərdən əldə etdiyimiz məlumata görə, məntəqədə səhər saatlarından başlayaraq heç bir qanun pozuntusu qeydə alınmayıb, vətəndaşlar prosesdə aktivlik nümayiş etdirirlər. Ümumilikdə seçki məntəqəsinin seçici siyahısında 1384 nəfər var, seçicilərin 57%-i artıq səs verib. Xarici dövlət və təşkilatlardan müşahidə üçün məntəqəyə müraciət etməyiblər. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 23 saylı Seçki Məntəqəsinin sədri Nüşabə Səfərovanın sözlərinə görə hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb, vətəndaşların seçmə prosesində aktivliyi müşahidə olunur. Seçici siyahısında olan 1419 nəfərin 51%-i artıq səs verib. Həmin seçki dairəsinin 29 saylı Seçki Məntəqəsinin sədri Aybəniz Qurbanova və müxtəlif təşkilatları izləmək üçün məntəqəyə təhkim olunmuş müşahidəçilər səsvermə prosesinin yüksək səviyyədə davam etdiyini bildiriblər. Siyahıda olan 1482 nəfərin 63%-inin səsi artıq qeydə alınıb. Müşahidəçi qismində seçki prosesini izləyən "EL" Hərəkatının sədri Əfran İbrahimov bildirdi ki, ümumi nəticəyə görə, indiyədək heç bir qanun pozuntusu qeydə alınmayıb və seçicilər kifayət qədər fəallıq göstərirlər. A.Qurbanova isə qeyd etdi ki, seçki məntəqəsində səsvermə prosesini izləmək üçün Danimarka və Rusiyadan olan müşahidəçilər səsvermədən razı qalıblar. 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin 26 saylı Seçki Məntəqəsinin sədri Mübariz Vəliyev və müxtəlif təşkilatları təmsil edən nümayəndələrin verdiyi məlumata görə burada da hər şey qaydalara uyğun davam edir. ATƏT-dən müçahidə üçün SM-a gələn nümayəndə də ümumi seçki prosesindən razı qaldığını və heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirdi. Siyahıda olan 1386 nəfərin 56%-i səs verib. 26 saylı SM-da səs verən "Neftçi" FK-nın İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə də seçkilərdən və vətəndaşların aktivlük nümayiş etdirməsindən razıq qaldığını dedi. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsinin 01 saylı Seçki Məntəqəsinin seçici siyahısında olan 1472 nəfərin 50% artıq səsvermədə iştirak edib. SM sədrinin verdiyi məlumata görə İslam Əhmədovun sözlərinə görə, ATƏT və İrandan olan müşahidə heyəti heç bir nöqsan aşkar etməyib, seçicilər və müşahidəçilər də səsvermə prosesindən tamamilə razıdırlar. 121 saylı Seçki Dairəsinin 7 saylı Seçki Məntəqəsində kiçik nöqsanlar aşkar edilsə də problem dərhal aradan qaldırılıb. Müşahidəçi qismində AXCP və Milli Şuradan olan nümayəndələr bildirdilər ki, 1 nəfər 2 dəfə səs verməyə cəhd edib, lakin nəzarətçilər və SM-ın idarə heyəti buna icazə verməyiblər. Onlar da məntəqədə digər qanun pozuntusunun qeydə alınmadığını dedilər. SM sədri Əsəd İsmayılovun sözlərinə görə siyahıda olan 934 nəfərin 52%-i artıq səsvermədə iştirak edib. İrandan olan müşahidəçi də seçkidən razı qalıb. Qeyd olunan seçki məntəqələrində seçicilər "Exit pol"da da fəallıq nümayiş etdirirlər. Seçicilər arasında aparılan sorğuya əsasən, ən populyar namizəd namizədliyi YAP tərəfindən irəli sürülmüş indiki prezident İlham Əliyevdir. 100 nəfərin 75-i İlham Əliyevə, 25 nəfəri isə Cəmil Həsənliyə səs verdiyini bildirdi. Digər namizədlərin adlarını çəkən olmadı.
Ömər Zamin