Məkkədə zəvvarlar şəxsiyyət vəsiqəsi ilə səs veriblər
Səudiyyə Ərəbistanında ilk dəfə olaraq səsvermə keçirilib
9 Oktyabr 2013 15:30 SiyasətMəkkədə Həcc ziyarətinə gedən azərbaycanlı zəvvarlar ilk dəfə olaraq Səudiyyə Ərəbistanında səs veriblər. ANS PRESS-in məlumatına görə, zəvvarlarımız Məkkə şəhərində təşkil edilən 17 saylı Yasamal III seçki Dairəsinin 46 saylı məntəqəsində səs veriblər.
Seçki qanununa görə, xaricdə yaradılan seçki məntəqələrində ümumvətəndaş, xidməti və diplomatik pasportlarla səs verə bilərlər. Lakin Səudiyyə Ərəbistanının qanularına görə ölkəyə girən bütün zəvvarların pasportları girişdə alınaraq özlərində saxlanılır. Bunun səbəbi isə odur ki, qrup halında gələn zəvvarlar pasportlarına güvənərək heyətdən ayrı düşməsinlər. Buna görə də zəvvarlar məntəqədə səsverməni şəxsiyyət vəsiqəsi ilə verirlər.
Azərbaycanın Səudiyyə Ərəbistandakı səfiri Rasim Rzayev ANS PRESS-ə bildirib ki, zəvvarların özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri birinci hal deyil: "Həcc ziyarətinə gələn vətəndaşların pasortları sərhəddə alındığı üçün onlar səslərini şəxsiyyət vəsiqələri ilə verirlər. Həccə gələn zəvvarların özləri ilə şəxsiyyət vəsiqəsi götürməsi isə birinci hal deyil, bu hər il təkrarlanır. Eyni zamanda bu il zəvvarlarımız Məkkədə səsvermə prossesinin olacağını bilirdilər. Buna görə də demək olar ki hamısı özləri ilə həm də qeydiyyan çıxma vəsiqəsi də gətiriblər".