Azərbaycan artıq tam bərabərhüquqlu aktor kimi meydanda boy göstərir-Şəbnəm Həsənova- ÖZƏL
23 Aprel 2024 11:17 Siyasət"Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 1992-ci il aprelin 4-də qurulub. Rusiya və Azərbaycan arasında əməkdaşlığın hüquqi əsasını iqtisadi sahəni də əhatə etməklə 260 dövlətlərarası, hökumətlərarası və idarələrarası müqavilə və sazişlər təşkil edir".
Bu fikirləri politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Əsas sənədlər 1997-ci il 3 iyul tarixli "Dostluq, Əməkdaşlıq və Qarşılıqlı Təhlükəsizlik Müqaviləsi" və 3 iyul 2008-ci il tarixli "Dostluq və Strateji Tərəfdaşlıq Bəyannaməsi"dir. 2022-ci il fevralın 22-də Moskvada aparılan danışıqlardan sonra iki ölkənin liderləri Vladimir Putin və İlham Əliyev Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında "Müttəfiqlik Əməkdaşlığı haqqında Bəyannamə" imzalayıblar. Lakin 22 aprel 2024-cü il tarixində dövlət başçımızın Rusiyaya səfəri iki ölkə arasında tamamilə yeni bir ağ vərəqin açılmasından xəbər verir, sülhməramlıların çıxarılmasının hazırki reallığa uyğun olduğu kimi. Vaxtilə eyni İttifaqda, lakin fərqli təmsil olunmağımıza baxmayaraq öz Zəfəri ilə regionun siyasi xəritəsini yenidən dəyişən Azərbaycan artıq tam bərabərhüquqlu aktor kimi meydanda boy göstərir.
İki ölkə lideri sonuncu dəfə 2023-cü ilin oktyabrında Bişkekdə görüşmüş, sammit zamanı MDB dövlət başçıları "həssas məsələləri", o cümlədən Qarabağdakı vəziyyəti müzakirə etmişdilər. O gündən bu günə regional və qlobal siyasətdə çox şey baş versə də, tərəflərin baxışları fundamentallıq və qətiyyət prinsipi üzrə davam edir. Bu arqumenti gücləndirən faktor isə dövlət başçımızın Rusiyanı Qafqazda beynəlxalq regional təhlükəsizlikdə "fundamental ölkə" adlandırmasıdır. Həmçinin dövlət başçımızın "ölkələrimiz arasında qarşılıqlı fəaliyyətdən çox şey asılıdır" fikri isə çox və dərin mətləblərdən xəbər verir ki bunu həm də regional aktorlar kontekstindən vurğulayacağıq.
Bu məqamda başqa bir maraqlı və vacib bir nüansı bildirək. Belə ki, 2022-ci il aprelin 26-da iqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının iclasının yekunları üzrə iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədin müddəalarına görə, Rusiya və Azərbaycan həm pensiyanı onu təyin edən dövlətin ərazisində ödəyə, həm də köçürmə ölkəsinə pul köçürə biləcək. Bundan əlavə, sazişdən belə çıxır ki, Azərbaycandan olan əmək miqrantlarına Rusiya Federasiyasında işləyərkən qazandıqları əmək stajı (sığorta) hesablanacaq, oxşar prosedur Azərbaycan ərazisində işləmiş ruslara da şamil edilir. Bu məsələ o baxımdan maraqlı və vacibdir ki, fundamental məsələlərin müxtəlif oyunlarla mənfiyə doğru, ayrı-seçkiliklə dəyişdiyi və dəyişdirildiyi məqamda Azərbaycan Lideri yürütdüyü siyasətinin təsirlərini ən uc nöqtələrə qədər hesablayır, bütün dünyaya yayılan soydaşlarımızın taleyinə önəm verir. Millətinin taleyinə önəm vermək isə dövlət başçımızın genetik kodekslərinin əsasında dayanır. Hələlik isə o amili da vurğulayaq ki, Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, Rusiya Federasiyasının ümumi xarici ticarət dövriyyəsinin 0,4%-i Azərbaycanın payına düşür. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən isə Rusiya respublikanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutur. 2024-cü il fevralın sonunda "Mineralnıye Vodı"da XII Rusiya-Azərbaycan regionlararası forumu keçirilmişdir ki tədbir çərçivəsində perspektivli nəqliyyat və logistika layihələri, ekoloji problemlər və iki dövlət arasında fəaliyyətin yeni qolu kimi sənaye sahələrində əməkdaşlıq müzakirə olunmuşdur. Rus mədəniyyətinə gəldikdə isə ümumilikdə Azərbaycanda rus dilində tədris olunan 300-dən çox məktəb var ki rus dilinin dərindən öyrənilməsi layihəsi 50 ümumtəhsil məktəbində həyata keçirilir. Azərbaycanın bütün dövlət ali təhsil müəssisələrində tədrisin rus dilində aparıldığı fakültələr mövcuddur.
Dövlət başçımızın Rusiyaya səfəri sadəcə iki ölkə arasında münasibətlər, ya da regional kontekstdən dəyərləndirməli səfər deyil. Bir tərəfdə Azərbaycan liderinin Moskvada olması, digər tərəfdən Rəcəb Tayyib Ərdoğanın İraq səfəri və belə bir məqamda İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənaninin "Cənubi Qafqaza xarici dövlətlərin hərbi hissələrinin yerləşdirilməsi regionda yaşayan xalqların maraqlarına cavab vermir, sülhün və təhlükəsizliyin təmin olunmasına da xidmət etmir, Cənubi Qafqaza kənar qüvvələrin hərbi hissələrinin gətirilməsi sülh prosesinə böyük zərbə vuracaq ki, İran da bunu qəbul edə bilməz, regionun heç bir dövləti vəziyyətin gərginləşməsini istəməz" fikirləri regional aktorların birgə addımlarının vacibliyindən xəbər verir. Həm də "heç bir dövlət" deyərkən İran rəsmisi Ermənistanı da nəzərdə tutmamış deyil. Mərkəzdənqaçma, regiondan boyunqaçırma meyilləri üzrə İranın Ermənistanı, Azərbaycan və Türkiyənin İraqla qurulan münasibətləri də daxil olmalaq Rusiyanın İranı balanslaşdırması baxımından önəmlidir. Odur ki, Ermənistanın təpəsinə vurulub "otur oturduğun yerdə" başa salınması üçün İran da var. Rusiya mediası tərəfindən dövlət başçımızın səfərinin əhəmiyyətlə işıqlandırılmasıyla isə həm də orada kök salan erməni və antiazərbaycan siyasəti aparanlara öz mətbəxlərində acı tam dadızdırıldı.
Bütün bu reallıq fonunda vacib məqam odur ki, liderin siyasi iradəsi müxtəlif fəaliyyət strategiyaları üçün lazımi dəstəyi təmin edən, tipoloji nəzəriyyəni praktikada tətbiq edə bilməsi ilə birbaşa bağlıdır ki, Azərbaycan Lideri bunu məharətlə, mərd-mərdanə, illüstrativ formada bacarır. O cümələdən liderin niyyəti və müəyyən edilmiş fəaliyyət imkanları onun seçimini ifadə edir. Azərbaycan Liderinin addımları niyyət və fəaliyyət baxımından paralellik təşkil edir, nəticəsi isə xalqımızın müstəqil seçiminə gətirib çıxardır. Çünki həm də bu konsepsiya siyasi baxımdan nə qədər fundamentaldırsa, şəxsi keyfiyyətlər və genetik baxımından irsidir. Bu böyük siyasətin sadəcə bir qolu kimi nəhəng, dövrünün ən böyük infrastruktur layihələrindən, dünyanın ən uzun dəmir yolu xətlərindən biri olduğu üçün elə buna görə də "Əsrin layihəsi" adlandırılan Baykal-Amur Magistralını dərin biliyə, yüksək təşkilatçılıq qabiliyyətinə, cəsarətli qərar və addımlara malik Ulu Öndər Heydər Əliyevin bütün təzyiqlərə rəğmən həyata keçirməsi ilə bir daha sübut olundu ki bu fenomenal şəxsiyyətin qərarları sadəcə Azərbaycan xalqının taleyinə toxunmayıb, böyük bir regionun, müxtəlif xalqların taleyində dərindən iz qoyub.
Rusiya Azərbaycan münasibətlərinin bazisində Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonrakı mərhələ dayanırsa, bu münasibətlərin eyni, düzgün xətt üzrə qurulması cənab İlham Əliyevin gərgin əməyinin nəticəsidir. Azərbaycan-Rusiya münasibətləri də dövlət başçılarının siyasi iradəsinə uyğun olaraq sürətlə inkişaf etdirilir. Siyasi iradə isə Prezident İlham Əliyev üçün həm də və daha önəmlisi selektiv məsələ deyil, hər bir tərəflə münasibətlərdə əsas və milli maraqlar qədər prioritetdir.
Görüşdə Rusiya lideri Ulu Öndərimizə çox minnətdar və Onun xatirəsini əziz tutacağını bildirdi. Müqabilində isə dövlət başçımız Rusiya rəhbərliyinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndirdi. Deməli, xalqının ən çətin günündə onu bəlalardan xilas edilən Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi zamandan və məkandan asıll olmadan haqlı və layiqli olaraq dünyaya səs salıb. Onun siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü mahir diplomatiya isə bir çox dünya liderinin dərs götürməsi üçün fundamental siyasi dəst-xətdir".