Qərbin Cənubi Qafqaz planı: Azərbaycanın neytrallığı və Avropanın təzyiq kampaniyası – ÖZƏL
16:03 Siyasət"Azərbaycanın xarici siyasətində əslində qonşularla dinc yanaşı yaşamaq prinsipi həmişə meyar götürülür və Azərbaycan bunu beynəlxalq hüquq müstəvisində tənzimləməkdə maraqlıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisindən üçüncü tərəfə icazə verilməyəcək ki, qonşular əleyhinə fəaliyyət göstərsin. Yəni, nə Rusiyanın, nə də İranın əleyhinə Azərbaycan ərazisindən istifadə edilməsinə icazə verilməyəcəkdir. Bu baxımdan Qərbin, Avropa Birliyinin məqsədi Cənubi Qafqaz respublikalarını öz təsiri altına salıb Rusiyanın əleyhinə istifadə etməkdir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Ekspert bildirib ki, Avropanın məqsədi Rusiyanı dünya siyasi xəritəsindən təcrid etməkdir. Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyanın Avropa ilə əlaqələri kəsilir. Rusiyanın cənub cinahı isə Azərbaycan üzərindən həyata keçirilir. Qərb çalışır ki, Azərbaycanı və Cənubi Qafqaz respublikalarını öz təsiri altına salsın və Rusiyanın əleyhinə istifadə etsin. Hətta Gürcüstanın prezidenti və baş naziri açıq şəkildə bəyan ediblər ki, Avropa Gürcüstana təzyiq edir ki, Rusiya ilə ikinci cəbhəni açsınlar. Yəni, Cənubi Qafqazda xaos yaratsınlar. Bu baxımdan zaman-zaman Avropanın müvafiq institutlarının Azərbaycana qarşı apardığı təzyiq kampaniyası da buna hesablanır. Ukrayna münaqişəsində Rusiya əleyhinə xüsusi oyunçulardan biri də Polşa idi. Polşa, Böyük Britaniya və Fransa Zelenskini xüsusilə dəstəkləyirdilər, qızışdırırdılar ki, Rusiya əleyhinə aktiv müqavimət göstərsin. İndi isə həmin Polşadır ki, çalışır ki, Cənubi Qafqaz respublikalarından biri olan Azərbaycana təzyiq etsin, onu öz təsir dairəsinə salsın və Azərbaycandan bir vasitə kimi istifadə etsin. Son vaxtlar ayrı-ayrı Avropa dövlətlərinin parlament assambleyalarında Azərbaycana qarşı təzyiq kampaniyası, qərəzli davranış da buna hesablanır. İndi də Polşanın açıq müstəvidə Azərbaycana qarşı təbliğat və fəaliyyətinin şahidi oluruq. Bu, açıq şəkildə Azərbaycana təzyiq etmək, Azərbaycanın öz təsirləri altına salmaq və Rusiyanın əleyhinə istifadə etmək niyyətidir. Necə ki, Ukraynanın vəziyyətini qızışdırdılar, oyuna saldılar və bu gün Ukrayna öz ərazisinin bir hissəsini itirib. Bu gün bunun əks nəticəsidir ki, Avropa iqtisadiyyatı çökməkdədir. Avropada baş verən xaosda, hesab edirəm ki, Avropa dövlətlərinin aparıcı dövlətlərindən biri olan Polşanın da rolu var. Polşanın avantürist siyasəti fonunda bu gün Avropa ilə Rusiya arasında savaşın başlanması ərəfəsindəyik və bununla bağlı təbliğat gedir. Süni problemlər, təxribatlar törədirlər ki, Rusiya ilə münaqişə başlasın. Yəni, Avropa sivilizasiyası, bir sözlə, bəşəriyyət üçün təhlükəli bir sivilizasiyadır. İstər Birinci Dünya müharibəsi, istər İkinci Dünya müharibəsi, istərsə də faktiki olaraq Ukrayna ərazisində gedən münaqişə Avropada yaranmış qarşıdurmalarla bağlıdır. Çünki savaş Ukrayna-Rusiya arasında getmir, savaş de-fakto Avropa Birliyi ilə Rusiya arasında gedən bir savaşdır. Bu savaşın yaranmasının əsas səbəblərindən biri Avropa sivilizasiyasının apardığı siyasətdir və bu müharibələrdə milyonlarla insan qətlə yetirilib. Hazırda da Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli bir siyasət həyata keçirir. İstər Böyük Britaniya olsun, istər Fransa, istər Almaniya, istərsə də Polşa - Rusiyanı müharibəyə cəlb etmək istəyirlər. Rusiyanın xarici işlər naziri Lavrov da açıq şəkildə bəyan edib ki, Avropa ilə Rusiya arasında savaş başlayarsa, bu, qısa müddətli savaş olacaq. Bu nə deməkdir? Yəni, nüvə silahının, atom bombasının işə salınması ilə nəticələnə bilər və bununla da bəşəriyyət əziyyət çəkəcəkdir.
Ekspert qeyd edib ki, Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükədir. Avropanın aparıcı dövlətlərindən biri olan Polşanın avantürist siyasəti əsasında dünyada xaosun yaranmasına, Cənubi Qafqazda xaos yaradılmasına və Azərbaycana qarşı qərəzli davranışlara şahidlik edirik. Hesab edirəm ki, bu cür siyasət bəşəriyyətə qarşı aparılan siyasətdir. Buna baxmayaraq, Azərbaycana qarşı olan təzyiqlərə Azərbaycan həmişə adekvat cavab verir. Azərbaycan beynəlxalq xarici siyasətində çoxvektorlu siyasət yürüdür. Avropanın ayrı-ayrı dövlətləri ilə ikitərəfli əməkdaşlığını genişləndirir, iqtisadi sahədə əməkdaşlığını genişləndirir. Bildiyiniz kimi, Avropa Birliyinə daxil olan 10 dövlət Azərbaycanla enerji sahəsində əməkdaşlıq edir. Buna baxmayaraq, Avropadakı avantüristlər Cənubi Qafqazda da xaos yaratmaq istəyirlər. Cənubi Qafqazın aparıcı dövləti məhz Azərbaycandır. Azərbaycan bölgədə sülhün, əmin-amanlığın bərqərar edilməsi üçün praktik addımlar atır. Hətta Ermənistanla bağlı da, baxmayaraq ki, Ermənistan 30 il Azərbaycanın ərazisini işğal etmişdir, yüz minlərlə azərbaycanlıya ziyan vurulmuş, soyqırımı siyasəti həyata keçirilmişdir, Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar edilməsi üçün praktik addımlar atır. Ermənistana strateji yüklərin daşınmasına icazə verilir. Azərbaycan enerji böhranını aradan qaldırmaq üçün benzin və dizel yanacağı satır. Bu, Azərbaycanın praktiki sülh təşəbbüsüdür. Azərbaycan qonşularla dinc yanaşı yaşamaq siyasəti həyata keçirir. İstər Rusiya ilə, istər İranla, istərsə də hətta Ermənistanla dinc yanaşı yaşamaq üçün praktik addımlar atmaqdadır. Bu siyasət isə Avropanın xoşuna gəlmir. Avropanın aparıcı dövlətlərindən olan və Avropanın siyasi qonşularından biri sayılan Polşanın Cənubi Qafqazda xaos yaratmaq üçün Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salmağa çalışmasının, Azərbaycana qərəzli davranışlarla çıxış etməsinin şahidi oluruq. Təkcə Azərbaycan deyil, ümumiyyətlə, Polşanın Belarusla da bu cür avantürist çıxışlarını görmüşük. Rusiya ilə bağlı çıxışlarının da şahidi olmuşuq. Baxmayaraq ki, Avropanın üçüncü dərəcəli dövlətlərindən sayılır, bu proseslərdə bir alətdir. Ümumiyyətlə, Polşa, Fransa, Almaniya və Britaniya olmaqla Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükəli siyasət həyata keçirir. Münaqişələri söndürmək əvəzinə, münaqişələri qızışdırmaqla onları genişləndirmək istəyirlər. Təbii ki, bu, Cənubi Qafqazda yaranmış stabilliyi pozmaq üçün aparılan siyasətin bir tərkib hissəsidir. Vaxtilə dediyim kimi, Gürcüstanın prezidenti və baş naziri açıq bəyan etdilər ki, Avropa Gürcüstana təzyiq edir ki, Rusiya ilə cəbhəni açsın. Bu nə deməkdir? Cənubi Qafqazda xaos yaratmaqdır. Bu xaosda Azərbaycanı da xaosa sürükləmək istəyirlər. Təbii ki, Azərbaycan bu cür avantürist davranışlara adekvat cavab verir və verməkdədir. Azərbaycan ictimaiyyəti də bu cür davranışlara sərt mövqeyini nümayiş etdirir.
"Azərbaycanın daxili işlərinə qarışmaq yolverilməzdir. Azərbaycanla böhtanla, şantajla davranmaq qəbul edilməzdir. Azərbaycanın Prezidenti həm regional baxımdan, həm də geosiyasi baxımdan proseslərə təsir etmək iqtidarında olan bir liderdir. İstər qonşularla münasibətlər siyasətində, istərsə də geosiyasi proseslərdə Azərbaycan fəal iştirak edən dövlətdir. Azərbaycan beynəlxalq aləmdə də sülhün, əmin-amanlığın yaradılması üçün təşəbbüslərlə çıxış etməkdədir. Yəni, Azərbaycanı hansısa bir münaqişəyə, hansısa bir təxribata cəlb etmək qəbul edilməyəcək. Azərbaycan yenə də dostu ilə dost, düşməni ilə düşmən olacaqdır", - deyə ekspert əlavə edib.
Səidə Ramazanova