27 sentyabr: Təkcə Anım Günü deyil, yeni tarixin başlanğıcıdır – ÖZƏL
17:27 Siyasət"27 sentyabr Azərbaycanın ən yeni tarixində ölümsüz şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Anım Günü olaraq qeyd edilsə də, əslində, bu gün təkcə Anım Günü deyil, eyni zamanda, ən yeni tariximizin yeni mərhələsinin başlandığı bir gündür".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi bildirib ki, söhbət 44 günlük Vətən müharibəsi dövründə qazanılan tarixi zəfərlərin başlanğıcı ilə assosiasiya olunan 27 sentyabrdan gedir. Azərbaycan ərazisinin 20 faizi işğal altında, əhalisinin 1 milyonu qaçqın olan, ATƏT-in Minsk Qrupu kimi səmərəsiz fəaliyyəti olan beynəlxalq aktorlardan asılı vəziyyətdə olan bir ölkədən qalib ölkəyə çevrildiyi tarixi gündür. Məhz 27 sentyabrdan sonra Azərbaycan həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar və diplomatik səylər nəticəsində təkcə regional aktor kimi güclənmədi, eyni zamanda dövlət başçımızın da bir neçə dəfə vurğuladığı kimi, müasir dünyanın orta güclü aktorlarından birinə çevrildi. Azərbaycan bu gün öz suverenliyi və ərazi bütövlüyü uğrunda paytaxtlardan demokratiya və insan haqlarına dəstək, hüququn aliliyinin təmin olunmasına kömək dilənmir. Bu gün Azərbaycan imperialist güclərin müstəmləkəçiliyindən əziyyət çəkən Okeaniyada yerləşən Yeni Kaledoniya kimi, Afrikada olan və o cümlədən Karib hövzəsində yerləşən digər müstəmləkə ölkələrinin haqlarının müdafiəsinə çevrilib. Bu baxımdan, 27 sentyabrın dərsləri Azərbaycan üçün də, yenilənən dünya üçün də çox mühüm və əhəmiyyətlidir. Bu günü qeyd etməklə Azərbaycan həm də yeni dövrün çağırışları istiqamətində, yeni dünya düzəninə uyğunlaşma istiqamətində inamla irəliləyir.
Səidə Ramazanova