İndi Xocalı o Xocalı deyil- Züleyxa NADİR YAZIR
26 Fevral 2024 10:50 SiyasətZüleyxa NADİR
31 il Xocalı adlı yaramızın qanı kəsilmədi, bir gün də olsun ağrısı azalmadı. Hər dəfə "Xocalı" deyəndə yenidən sarsıldıq, yenidən ölüb-dirildik. Qanlı faciəni şəxsən yaşayanlar da, sadəcə şahid olanlar da bu ağrının işgəncəsinə dözdülər, əzabını daşıdılar və bir gün qisasın alınacağına ümid etdilər. İnandılar ki, az qala yer üzündən silinmək dərəcəsinə çatan Xocalının axan qanı dayanacaq, tıxanan nəfəsi açılacaq.
Və o gün gəldi: 20 sentyabr 2023-cü ildə Xocalının başı üzərindəki qara buludlar dağıldı, erməni adlı kabus yoxa çıxdı. 31il əvvəlki o mənhus gecənin qatı qaranlığından çıxmaq üçün iynənin ulduzu boyda olsa belə işıq axtaran Xocalı sakinlərinin qisası qiyamətə qalmadı. 23 saatlıq lokal xarakterli antiterror tədbirləri Xocalının zülmətini yarıb işıq saldı. Elə bir işıq ki, o, 44 günlük savaşda qazanılan Zəfərin tam və qəti olmasını təmin etdi. Üç onillik göz yaşları qurumuş, az qala qəlbi donmuş, üzündəki əzabın rəngi belə bozarmış, şirinliyi unudub acını özünə "həmdərd" etmiş, daşa dönmüş insanlar beş ay əvvəl dünyaya yenidən gəldilər. Dəli qəhqəhələr, hönkürtülər, çılğın hərəkətlər insanların boğazına tıxanmış kədəri söküb çıxardı. Gözlərdə yuva qurmuş çarəsizliyin üstünə su səpdi. Sükunətə bürünmüş lal üsyanı hərəkətə gətirdi. Ağrının qapqara, acının bomboz rəngini silib atdı.
***
İllərlə Azərbaycan ictimaiyyəti və xalqı Xocalı cinayətinin baş verdiyini beynəlxalq səviyyədə subut etmək üçün mübarizə apardılar. 25 il Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması üçün "Xocalıya ədalət" adlı beynəlxalq təbliğat-təşviqat kampaniyası aparıldı. Amma ikili standartlarla yaşayan dünyanın kar olmuş qulaqlarını, kor olmuş gözlərini açmaq "daşa dirəndi". Halbuki bu, təkcə Azərbaycanın deyil, bütün bəşəriyyətin qanlı faciəsi idi. Erməni-rus birləşməsinin cəllad ruhunu özündə ehtiva edən 366-cı alay 26 fevral gününü Azərbaycan xalqının qan yaddaşına yazdı. Həmin faciəni "naxışlandıran" 366 rəqəminə rast gələndə, yaxud da eşidəndə ətimiz ürpəşdi. Bu rəqəm yaddaşımızda qarın üzərində donaraq ölmüş uşaqların, yaşlı qadınların, qoca kişilərin mətbuat səhifələrindəki şəkilləri ilə assosiasiya olundu. 366 rəqəmi Çingiz Mustafayevin ağlar səsi ilə beynimizi döyəclədi, bizi silkələdi, yatmağa qoymadı.
Bu gün bizimlə Xocalı faciəsinin arasında 32 illik bir zaman kəsiyi dayanıb. Ötən il də, ondan əvvəlki il də... daha əvvəlki illərdə də hər gün zamanı adlayıb baş vermiş faciəyə qayıtmışıq. Qayıtmışıq ki, Xocalıda qoyub gəldiyimiz, üstündə alçaq erməni çəkmələrinin izi qalan yurd-yuvamıza ağı deyək, laylay oxuyaq. O günlərə boylanmışıq ki, ölməyən ümidimizin işığı azalmasın, qaysaqlanmayan yaramızın qanı dayanmasın. Əks halda qan yaddaşımız ölə bilər! Xocalı bizim qan yaddaşımızın zülmətidir. Bu zülməti yarıb işığa çıxacağımız günü görməyə təşnə idik. Bu təşnə hər gün dodağımızı çatladırdı. Tarix sübut edib ki, qanlı çarpışmalarda daha çox əzilən, daha çox qanı axan, yerə yıxılan tərəfin ayağa qalxması möhtəşəm olur. Biz beş ay əvvəl qalxdıq və yurdumuza sahib çıxdıq.
***
İndi Xocalının başı üzərində illərdi dolaşan 613 nəfərin, xüsusilə də amansızlıqla qətlə yetirilən 56 sakinin narahat ruhları sakitdir. Erməni cəlladlarının yaraladığı 487 nəfər Xocalı sakininin ağrıyan yarası daha sızıldamır, əsir götürülən 1275 nəfərdən bu günə sağ qalanların ürəyi rahat döyünür, nəbzi normal vurur, tor tutan gözləri açılıb. Xocalı sakinlərindən dünyasını dəyişənlərin əbədi dünyada narahatlıqlarına son qoyulub. Bu gözəl sonluğu onlara Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Ordusu bəxş edib.
Bəşər tarixinə öz vəhşiliyinə, qəddarlığına və amansızlığına görə ən qanlı kütləvi terror hadisəsi kimi düşmüş Xocalı soyqırımını törədən əliqanlıların başçısı Vaqif Xaçatryan, Madat Babayan, Conik Tevosyan və digərləri layiqli cəzalarını alıblar, indi Azərbaycan həbsxanasında Prezident İlham Əlyev demiş "dincəlirlər": "Onlar Bakıya gəlmək istəyirdilər, bizi hədələyirdilər. Deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq. Haqlı çıxdılar, onların tankları Hərbi Qənimətlər Parkındadır. Deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər - istintaq təcridxanasında". Qatillərin arzuları gözlərində qaldı, istəklərinə çata bilmədilər. Murazları gözündə qalmış erməni cəlladlları indi "başlarını itirib, ayaqlarını gəzirlər". Çünki Ali Baş Komandanın strategiya və taktikası "başlarında çatlayıb". Bir zamanlar təqvimdə qara rənglə yazılmış 26 fevral günü də "qaradan" çıxıb.
Xocalı faciəsi bir xalqın soyqırımı, bir millətin varlığına sui-qəsd, bütüövlükdə insanlığa yönəlmiş vəhşilik idi. 31 il orda yaşayan ermənilər özlərini o torpağın sahibi hesab etdilər, şəhəri və ətraf kəndləri "özəlləşdirdilər". Üç onillik Xocalıda doğulan erməni uşaqlarına heç kim demədi ki, bu torpaq onların deyil. Kimsə başa salmadı ki, zəbt etdikləri o torpaqda aldıqları nəfəs, içdikləri su, udduqları hava haramdı. Bir erməni öz aşotuna, anoşuna izah etmədi ki, gün gələcək o torpağın sahibləri dönəcək, yurdlarına sahib çıxacaqlar. Eyforiyada idilər. Hələ gözləri kor, qulaqları kar idi. Hələ qondarma Dağlıq Qarabağ Respublikasının "vətəndaşı" olduqlarından dolayı xoş hisslər keçirirdilər. Amma anlamırdılar ki, qondarma olan hər şey dağılmağa məhkumdur. Elə də oldu. Erməni xəyallarını, gələcək planlarını Azərbaycan Ordusu 23 saatın içində dağıtdı. Beş aydı həmin dağıntılar altındadırlar. Beş aydı İrəvanda oturub "bəlkə də qaytardılar" nostalgiyası ilə yaşayırlar. Əbəs yerə! Yurd sahibi bir daha onu kimsəyə verməyəcək. O yurd ki, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir
***
Belə bir yurda yadların sahiblənmək istəkləri "yersiz gəldi, yerli, qaç" misalı olsa da, əminəm ki, Xocalıda dolaşan ruhlar 31 il onları rahat buraxmayıb. Narahat ruhların "harayı" amansız olur! Yersiz yadlar çox gecələrdə rahat yata bilmədilər, səksəkə içində yuxuya getdilər. Özgə torpağına dikilən gözlərinin bir gün çıxarılacağını da bilirdilər. Amma kiməsə, nəyəsə ümidlənib bu həqiqətin üstündən xətt çəkirdilər. Və gün gəldi ki, arxalandıqları həmin "kimsələr" ümidlərini yerə çırpıb çilik-çilik etdilər. Nəhayət Xocalıda ədalət bərpa olundu. Bu ədaləti Ali Baş Komandan İlham Əliyev yerinə qoydu.
Bu gün Xocalı o Xocalı deyil. Bu gün Xocalının səmasında yeni Günəş doğub. Xocalının gecələrində ayın parlaqlığı, bərq vuran ulduzların kəhkəşanlığına qarışaraq xüsusi ahəng yaradıb. Xocalının havası təmiz, bulaqları dumduru, küləyi zümzüməlidir bu gün. İllər əvvəl qan çilənmiş, bərəkəti qaçmış torpağı da canlanıb.
Xocalı qapısını sahiblərinin üzünə açıb...