COP29- Azərbaycana da beynəlxalq reytinqlər, imic və nüfuz gətirəcəkdir-İlyas Hüseynov-ÖZƏL

Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a olan açıqlamasında bildirib:

"Nüfuzlu, tanınmış, sayılıb-seçilən tədbirlər sırasındadır. Xüsusilə qeyd etmək lazımdır ki, COP29 müstəqil Azərbaycanın təşkil edəcəyi ən böyük tədbirdir. Çünki, bu tədbirdə qlobal əhəmiyyətli məsələlər müzakirə ediləcək. Azərbaycan ötən dövr ərzində idman və mədəniyyət sahəsində çoxsaylı tədbirləri uğurlarla təşkil etmişdir. Avroviziya mahnı müsabiqəsi, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, hər il keçirilən Formula1 avtomobil yarışları COP29-la daha da genişlənir və Azərbaycanın təşkilatçılıq qabiliyyəti inkişaf edir. Şübhəsiz ki, COP29-un nüfuzu BMT-nin tədbiri olduğu üçün bir qədər də yüksəkdir. Bununla bağlı Azərbaycandan çox böyük gözlənti var. Bu da məsuliyyətimizin artırılmasına xidmət edir. Önəmli məsələ bundan ibarətdir ki, COP29-la bağlı təşkilat komitəsində gender balansı da tam təmin olunub. Bu isə cənab Prezident İlham Əliyevin qadınların cəmiyyətdəki roluna olan diqqətin, etimadın və hörmətin göstəricisidir. Bununla yanaşı qeyd etməliyəm ki, məhz qlobal istiləşmə, iqlim dəyişikliyi, ekologiyayla bağlı dünyada vətəndaş cəmiyyəti çox aktivdir. Onlar müxtəlif aksiyalar, nümayişlər keçirərək ekoloji tarazlığın qorunmasına çağırış edirlər. Azərbaycanda da COP29-la bağlı təşkilat komitəsində vətəndaş cəmiyyətinin nümayəndələri də daxil edilib. Bu işə onlar da öz töhfəsini verəcəkdir. COP29-da müzakirə olunacaq məsələlər müasir çağırışlara, innovasiya məsələlərinə həsr olunacaqdır. Təşkilat komitəsində həm də iqtisadiyyat innovasiya sahəsində çalışan şəxslər də təmsil olunurlar. Ümumilikdə biz təşkilat komitəsinin dolğun, mütəşəkkil və peşəkar kadrlardan ibarət olmasının şahidiyik. Ümid edirəm ki, bu təşkilat komitəsi maksimum müasirliyi, inklüzivliyi və dövrün cağırışlarına cavab verən standartları təmin edəcəkdir. COP29 Azərbaycana da beynəlxalq reytinqlər, imic və nüfuz gətirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31