Azərbaycanın mühüm tədbirə ev sahibliyi etməsi onun nüfuzu baxımından olduqca önəmlidir - ÖZƏL
23 Fevral 2024 16:35 Siyasət"Azərbaycan bu günə qədər bir çox beynəlxalq tədbirə ev sahibliyi edib. Bu, müxtəlif motivli idman, siyasi, iqtisadi tədbirlər olub. İndi isə COP kimi planetar səviyyədə əhəmiyyətli olan və yeni dövrün tələbləri ilə üst-üstə düşən bir meqa tədbirə ev sahibliyi edəcək".
Bunu Olaylar.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
"Həqiqətən, bu tədbir münasibətilə Azərbaycana 80 mindən artıq qonağın gəlməsi düşünülür. Çünki COP planetar səviyyədə məsələlərin müzakirə edildiyi çox mühüm bir platformadır və xüsusilə də burada qlobal istiləşmə, planeti gözləyən təhlükələr, habelə su qıtlığı kimi ekoloji məsələlər daha çox gündəmdədir.
Əvvəla, o baxımdan tədbir bizim üçün önəmlidir ki, bura gələcək qonaqların say tərkibi göründüyü kimi çoxdur və heç şübhəsiz ki, onların içərisində dünyaca tanınmış ekoloqlar, yaşıl partiya liderləri, siyasilər, ölkə rəhbərlikləri, hökumətdə təmsil olunan bu sahənin nümayəndələri, köşə yazarları və s. tipli insanlar olacaqdır və bu insanların da əksəriyyəti bu tədbirlə bağlı fikirlərini sosial şəbəkələr üzərindən, tanınmış media qurumları vasitəsilə proqramlarda səsləndirirlər. Yəni ilk növbədə təbliğat xarakterli olaraq bunu qiymətləndirmək olar. Bundan başqa da təbii ki, Azərbaycanın mühüm tədbirə ev sahibliyi etməsi onun nüfuzu baxımından da olduqca önəmlidir və diqqət etsəniz, bizim təşkil etdiyimiz beynəlxalq tədbirlərin əksəriyyətində bizim daha çox piarımız ön planda olur və bundan da əlavə, prestij və nüfuzunun artırılmasına hesablanır. Bu tədbir də əslində mahiyyət etibarilə bundan ibarətdir və təbii ki, işğaldan azad olunmuş ərazilərin də tanınması, tarixi reallıqlarının təbliği, habelə COP vasitəsilə yeni investisiya və maliyyə imkanlarının ölkəyə cəlb edilməsi, turistik imkanların genişləndirilməsi üçün də bu tədbir olduqca mühüm əhəmiyyətə malik olacaqdır".