Fransa indi həm də kəşfiyyat xarakterli bir savaşa start verib-Yusif Bağırzadə- ÖZƏL
23 Fevral 2024 14:36 Siyasət"Türkiyənin hər keçən gün təsir gücünü artıraraq təkcə regionun deyil, dünyanın aparıcı güclərindən birinə çevrilməsi, eləcə də Azərbaycanın Cənubi Qafqazın lider dövləti olaraq regionda söz sahibi olaraq görülməsi Türkü özünə rəqib və düşmən görən ayrı-ayrı güc mərkəzlərini hərəkətə keçirib".
Bu fikirləri politoloq Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:
"Azərbaycan və Türkiyədə İran casus şəbəkəsinin ifşasından sonra indi də Fransanın cəsus şəbəkələrinin aşkar edilərək ifşa olunması, onlara qarşı həyata keçirilən əməliyyat onu deməyə əsas verir ki, Fransa daha çox türk dövlətlərində, xüsusən də Azərbaycan və Türkiyədə öz planlarını həyata keçirmək planları qurur.
Fransanın antiazərbaycan və antitürkiyə mövqeyinin, ölkələrimizdə casus şəbəkəsi yaratmağa hesablanmış fəaliyyətinin arxasında sözsüz ki, rəsmi Bakı və Ankaranın tutduğu mövqe, ölkələrimizin Fransanın kolonial siyasətinə qarşı çıxması dayanır.
Görünən odur ki, regionda özünün maraqlarını nəyin bahasına olursa olsun təmin etməyə və bölgəyə nüfuz etməyə çalışan bir dövlət olaraq, Fransa agentura şəbəkəsini aktivləşdirməyə qərar verib. Uzun müddətdir ki, Azərbaycan və Türkiyəyə qarşı faktiki olaraq informasiya müharibəsi aparan, ayrı-ayrı beynəlxaq qurumlarda ölkələrimizlə bağlı qərəzli mövqe sərgiləyən Fransa indi həm də kəşfiyyat xarakterli bir savaşa start verib.
Odur ki, həm ölkələrimizin milli təhlükəsizlik strukturları, həm də hər bir vətəndaşımız olduqca diqqətli olmalıdır. Fransa kimi türk düşməni ölkələrin regionumuzda öz çirkin məqsədlərini həyata keçirməsinə heç bir halda imkan vermək olmaz. Bu mənada həm Azərbaycanda, həm də Türkiyədə ayrı-ayrı dövlətlərin cəsus şəbəkələrinə qarşı həyata keçirilən əməliyyatlar təbii olaraq dəstəklənir və bundan sonra da dəstəklənəcək".